Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar yeni mərhələyə daxil olub

İslahatlar yeni mərhələyə daxil olub

Son 15 il ərzində Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olunmuş, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası yüksək səviyyədə həyata keçirilmişdir. Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası sayəsində, konkret istiqamətlər üzrə hazırlanan proqramlar əsasında uğurla gerçəkləşmişdir.

Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 2003-2018-ci illər ərzində dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkə üzrə ümumilikdə 202 proqram, o cümlədən 12 konsepsiya, 12 milli strategiya,12 strateji yol xəritəsi, 95 dövlət proqramı, 10 milli fəaliyyət planı, 23 tədbirlər planı, 21 tədbirlər proqramı, 17 milli plan və proqram qəbul edilmişdir. 
Təhlükəsizliyin, sabitliyin hökm sürdüyü sözügedən dövrdə həmin sənədlər əsasında həyata keçirilən islahatlar ölkəmizi iqtisadi cəhətdən daha da gücləndirmiş, Azərbaycanı beynəlxalq sülhə töhfə verən nüfuzlu dövlətlərdən biri kimi tanıtmışdır. 
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Cənab İlham Əliyev bütün prezident seçkilərində ötən fəaliyyəti dövründə siyasi, sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlərin növbəti illərdə də davam etdiriləcəyi, bu məqsədlə çox ciddi tədbirlər həyata keçiriləcəyi, islahatların dərinləşdiriləcəyi və vətəndaşların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılacağı anonsunu vermiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. 
Keçən il keçirilən prezident seçkilərindən sonra anonsu verilən islahatların da yeni mərhələsi artıq üç aydır ki, başlayıb. Qısa müddət ərzində ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi istiqamətində ciddi tədbirlər gerçəkləşdirilib. ­Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında pensiya, ünvanlı ­yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın, habelə sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb.
Gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük və vergi xidməti mədəniyyətinin yüksəldilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Həmin vəzifələrin, o cümlədən struktur islahatlarının həyata keçirilməsi nəticəsində iqtisadiyyatın inkişafına geniş imkanlar açılmasına, büdcəyə vergi, gömrük daxil­olmalarının əhəmiyyətli dərəcədə artması hesabına maliyyə imkanlarının genişlənməsinə, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşmasına, bürokratik əngəllərin xeyli dərəcədə aradan qaldırılmasına nail olunub. 

 

İsmayıl MƏMMƏDOV, 
Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru

16 2019 01:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin