Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas məqsəd insanların rahat yaşamasıdır

Əsas məqsəd insanların rahat yaşamasıdır

Ötən il Prezident seçkilərindən sonra dövlət başçısının imzaladığı ilk fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. İlkin siyahıda təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəyi düşünülmüşdüsə, sonra bu rəqəm dəyişdi. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və ilin sonuna qədər bu proqram tam icra olunacaq. Dövlət başçısı şəhid ailələri ilə görüşdən sonra onlara verilən müavinəti 242 manatdan 300 manata qaldırdı. Sosial müavinətlərin və məcburi köçkünlərə verilən müavinətin artırılması isə analoqu olmayan addımdır. Həmsöhbətlərimin hər ikisi məcburi köçkün və şəhid ailəsidir. 

Müşkünaz ƏHMƏDOVA, 
Xocalıdan məcburi köçkün, şəhid ailəsi:
– Bizi Xocalıdan didərgin salanlar orada daimi yaşaya bilməzlər. Çünki dağ-daş da əzizini soraqlayır, göydə uçan quş da bizi arzulayır. Arzularımız, diləklərimiz Xocalının dağıdılması ilə qeybə çəkildı. Sanki heç yoxmuş kimi. Biz Xocalıdan ayaqyalın çıxmışıq. Dörd gün meşədə qalıb, qarda-buzda dona-dona gəlmişık. Üç qız övladımı sağ-salamat gətirdiyimə görə Allahıma dualar etmişəm. Həyat yoldaşım Əhmədov Yelmar Naib oğlu polis zabiti idi. O, şəhid olanda qızlarım körpəydi. 
 Biz Bakıya gələndə artıq səhhətim korlanmışdı. Uzun müddət dövlətimiz mənim müalicəmə kömək edib. Nərimanov rayonunda evlə təmin edib. 
Bu il isə bizə edilən maddi kömək bütün şəhid ailələri, məcburi köçkünlər kimi mənim ailə üzvlərimi də çox sevindirib. Biz Azərbaycan Prezidentinin həssas qruplara diqqətini görürük. Görürük ki, o necə canıyananlıq və mərhəmətlə hər birimizin qeydinə qalır, hər birimizin probleminə qayğı ilə yanaşır.
 Lətafət CƏFƏROVA, 
Şuşadan olan məcburi köçkün, şəhid ailəsi:
– Hadisələri, məcburi köçkünlüyün niyə baş verdiyini, qonşularımızın xəyanətini hamı yaxşı bilir. Biz 1992-ci ildə Şuşanın işğalından sonra Bakıya yığışmışıq. Pirşağıda yaşayırıq. Şəraitimizə pis demək olmaz. Dövlətimiz evlər tikir, daha ağır mənzil şəraiti olanları yeni mənzillərlə sevindirir. İnanırıq ki, bu il biz də ev alanların sırasında olacağıq, adımızı siyahıya salıblar. Dövlətimiz qayğımıza qalır, problemlərimizi həll edir.
 Həyat yoldaşım Cəfərov Çingiz Binnət oğlu 1994-cü ilə qədər döyüşlərdə iştirak edib. Bizim köçümüzdən sonra da cəbhədən ayrılmadı. Bir amalı vardı: yağı düşməni susdurmaq. Amma mənfur erməni gülləsi onun həyatına son qoydu.
 Allah Prezidentimizdən razı olsun. Bu il bizim ilimiz oldu. Həm məcburi köçkün kimi üç uşağıma və mənə verilən vahid aylıq müavinəti artırdı, həm şəhid ailəsinə düşən 242 manatı 300 manata qaldırdı, həm də birdəfəlik ödəməni – 11 min manat aldıq. Biz yerdən-göyədək dövlətimizin başçısından razıyıq. Prezidentimizə inanır, ona güvənirik. Ümidlə yaşayırıq ki, bizim doğma yurd-yuvamızdan öz səsimiz gələcək, bulaqlarımızın suyundan öz balalarımız içəcək, çöllərdə öz mal-qaramız otlayacaq.

 

Hazırladı: 
Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti” 

16 2019 01:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə