Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Təmiz ölkəm” ekoloji layihəsinə start verilib

“Təmiz ölkəm” ekoloji layihəsinə start verilib

Martın 15-də ADA Universitetində bu ali təhsil ocağının və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VII Bahar Gənclik Festivalı keçirilib. Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, “Coca-Cola” şirkətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Festival çərçivəsində  ADA Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Coca-Cola” Fondu və “AzEkol” şirkətinin birgə əməkdaşlığı ilə “Təmiz ölkəm” layihəsinə start verilib. 
Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev bildirib: “ADA Universiteti “Coca-Cola” şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim birgə həyata keçirdiyimiz “Ağac əkək, təbiətə töhfə verək”  layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində ölkəmizdə ekoloji maarifləndirmə işləri görülüb və 100 minə yaxın ağac əkilib. Bu tədbir vasitəsilə start verdiyimiz “Təmiz ölkəm” layihəsi də ətraf mühitin qorunmasına yönəlib və inanırıq ki, biz yenə də müsbət nəticələr əldə edəcəyik”.
“Coca-Cola”nın Qafqaz üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin qorunmasına verdiyi əhəmiyyəti vurğulayıb: “Sosial məsuliyyətli bir şirkət olaraq “Coca-Cola” hər zaman fəaliyyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Bu ildən etibarən “Coca-Cola” və ADA Universitetinin birgə layihəsi olan “Təmiz ölkəm” layihəsinə start verilir. Ümid edirik ki, bu layihə də ötən layihələr kimi uğurla həyata keçirilərək ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına öz töhfəsini verəcək”. 
Qeyd olunub ki, “Təmiz ölkəm” layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə ictimaiyyәt arasında maariflәndirmә işlərinin aparılmasını, plastik butulkaların toplanaraq tәkrar emala göndәrilmәsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkrar emal ənənəsinin formalaşdırılması, plastik tullantıların qruplaşdırılması üçün əlverişli platforma rolunu oynayacaq. Layihənin uğurla həyata keçirilməsi üçün Bakının əsas ərazilərində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.
Festivalda Novruza həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları və ilaxır çərşənbənin özünəməxsus adət-ənənələri nümayiş etdirilib. ADA Universitetinin Bayraq meydanında quraşdırılmış və plastik şüşələrdən hazırlanmış nəhəng səməni maketi isə “Təmiz ölkəm” layihəsində “ikinci həyat” qazanmış uğurlu nümunələrdən biridir. Plastik səməni, həm də qədim Novruz adət-ənənəsi ilə müasir ekoloji durumu tərənnüm edir. Festivala qatılmış gənclər öz növbələrində istifadə etdikləri plastik butulkaları Bayraq meydanında yerləşdirilmiş xüsusi qablara ataraq “Təmiz ölkəm” layihəsinə öz dəstəklərini əyani olaraq göstəriblər.
Tədbir Azərbaycanın ­estrada müğənnilərinin ­çıxışları ilə davam edib.

 

AZƏRTAC

16 2019 01:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin