Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qlaukomanın müasir diaqnostikası və müalicəsi”

“Qlaukomanın müasir diaqnostikası və müalicəsi”

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda həmçinin, oftalmoloqlar qlaukoma ilə bağlı çıxışlarını təqdim ediblər. 
 Toplantıda öncə Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva cəmiyyətin məramı-məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Konfransın birinci hissəsi “Qlaukomanın diaqnostikası və müalicəsi”, ikinci hissəsi isə “Maraqlı faktlar və kliniki hallar” mövzularına həsr olunmuşdu.
 B.Hacıyev, M.Bağırov, A.Əhmədova, C.Həsənovun moderatorluğu ilə keçən 1-ci hissədə 8 məruzə təqdim edildi. S.İbrahimovun “Qlaukomalı xəstələrin monitorinqi”, N.Həsənovanın “Anadangəlmə qlaukoma pasiyentlərində buynuz qişanın qalınlığı”, M.Əfəndiyevanın “Qlaukomanın müalicəsində yeni imkanlar”, F.Abduləliyevanın “Kataraktanın və qlaukomanın kombinəolunmuş cərrahi müalicəsi” mövzularında məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı.
 M.Kərimov, F.Ağayeva, M.Əfəndiyeva və F. Abduləliyevanın moderatorluğu ilə keçən 2-ci hissədə də maraqlı 8 məruzə dinlənildi. S.Quliyevanın “Tor qişanın xəstəlikləri ilə bağlı olan qlaukoma – maraqlı kiliniki hallar”, M.Əfəndiyevanın “Oftalmohipertenziya”, H.Bayramovanın “Göz travmaları nəticəsində yaranan qlaukoma”ya həsr olunmuş məruzələri xüsusilə diqqəti cəlb etdi. Professor Paşa Musayev məruzələr ətrafında çıxış edərək qlaukomanın müalicəsində əldə edilən nəticələri müsbət dəyərləndirdi. 
 Məruzələrdə qlaukomanın müasir diaqnostik təhlili, onun müalicəsi yolları haqda danışıldı, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, qlaukoma gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya “qarasu” olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur. Statistik məlumata əsasən, dünyada qlaukoma xəstələrinin sayı 44.7 milyondur. Bu xəstələrin 2.8 milyon nəfəri ABŞ-da yaşamaqdadır. Aparılan hesablamalara əsasən 2020-ci ildə 58.6 milyon şəxsdə qlaukoma xəstəliyinin olacağı ­proqnozlaşdırılır. 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin