Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası davam edir

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası davam edir

Naxçıvan

Martın 15-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Bakı şəhərindən olan məktəblilər Naxçıvan Muxtar Respublikasına gəliblər. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 5 minədək eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər qurulub, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Dövlət Xalça Muzeyinə gələn şagirdlərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərin diqqətini cəlb edib. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr şagirdlərdə böyük maraq oyadıb.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatunun məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Xan sarayında olarkən bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Şagirdlər regionun nüfuzlu ali təhsil ocaqlarından olan “Naxçıvan” Universitetinə də səfər ediblər. Ali təhsil ocağında şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra var. 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir.
Qeyd olunub ki, yaradılmış şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. Hazırda universitetin 1000-ə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Naxçıvan Müəllimlər İnstitutuna gələn şagirdlərə məlumat verilib ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. 
Qeyd olunub ki, institutun ötən il istifadəyə verilən yeni binası altı mərtəbədən ibarətdir. Ali təhsil ocağında, ümumilikdə, 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.
Bakı məktəblilərinin Naxçıvanla tanışlığı martın 18-dək davam edəcək.

Lənkəran

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağsu, Ucar, Qobustan və Yevlax rayonlarının məktəbliləri və onların müəllimləri martın 15-də Lənkərana gəliblər.
Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarını şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Məktəbliləri və onların müəllimlərini salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi və Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında, onların ölkəmizi daha yaxından tanımasında əhəmiyyətli rolu var. Tur-aksiyanın iştirakçısı olan şagirdlər parta arxasında öyrəndiklərinin, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Günün ikinci yarısında məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Şagirdlər Lənkəran şəhərindəki Gənclər Evi və Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər.
Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
Tur-aksiyanın iştirakçıları Lənkərandakı “Palıdlı Sahil” istirahət mərkəzində, “Lux” hotelində, “Palma Life” və “Şah” mehmanxanasında yerləşiblər. Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağsu və Qobustan, Ucar və Yevlax rayonlarının məktəbliləri və onların müəllimləri martın 16-da Lənkəranla tanışlığı davam etdirəcəklər.

 

AZƏRTAC

16 2019 01:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin