Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda əhalinin sağlamlığına diqqət artıb

Sabirabadda əhalinin sağlamlığına diqqət artıb

Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasına daim diqqət və qayğı göstərir. Əlamətdar haldır ki, son illər təkcə paytaxtımızda deyil, bölgələrimizdə də səhiyyə müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşıb, tibbi xidmətin səviyyəsi yüksəlib. Bu sahədə nəzərəçarpan uğurların əldə olunduğu bölgələrdən biri də Sabirabad rayonudur. 

Əməkdaşımız bu günlərdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyevlə görüşmüş və ondan rayonda bu sahədə görülən işlər barədə məlumat verməsini xahiş etmişdir. Yusif həkim bunları demişdir: 
– Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da əhalinin sağlamlığının qorunması diqqət mərkəzindədir. 
Yeri gəlmişkən, cəmi iki-üç il əvvəl xəstəxananın binasında vəziyyət heç də ürəkaçan deyildi. Belə ki, ötən əsrin 70-ci illərində inşa olunan bina yararsız vəziyyətə düşmüşdü. Dövlət başçısının tapşırığı ilə 2012-ci ildə yeni binanın tikintisinə başlanıldı. Tikinti işləri yüksək keyfiyyətlə və vaxtında başa çatdırıldı. 
Sabirabad RMX hazırda üç binadan ibarət dördmərtəbəli xəstəxana kompleksində yerləşir. Əlamətdar haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2017-ci il noyabrın 28-də Sabirabad rayonuna səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib. Dövlətimizin başçısı həmin tədbirdəki çıxışında rayonun tibb işçilərinə müraciətlə deyib: “Bu müasir xəstəxana siz həkimlər üçün gözəl iş yeridir. Həm də vətəndaşlar belə gözəl şəraitdə yüksək səviyyədə müalicə olunacaqlar”.
Hazırda bu səhiyyə müəssisəsində cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya, reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri fəaliyyət göstərir. Bütün şöbə və laboratoriyalar tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Bundan başqa, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Beləliklə, ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş xəstəxanada əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb. Bir daha vurğulamaq istəyirəm ki, həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası bu gün ən yüksək standartlara cavab verir. Bu, həm də çox gözəl memarlıq abidəsidir. 
Xəstəxananın kollektivi yaradılan yüksək şəraitə görə möhtərəm Prezidentimizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardır. Bu gün kollektivimizn hər bir üzvü belə gözəl şəraitdə daha yaxşı işləyərək rayon sakinlərinə layiqincə xidmət göstərməyə çalışır.
Baş həkim daha sonra dedi:
– Biz tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədilə respublikamızın qabaqcıl səhiyyə müəssisələrinin mütəxəssisləri ilə sıx əlaqə yaradır, peşə fəaliyyətimizdə onların təcrübəsindən bəhrələnməyə çalışırıq. 
Konkret misallar çəkə bilərəm. Ötən il Sabirabad RMX-da rayonumuzun tarixində ilk dəfə olaraq Azərbaycan Kardiologiya Cəmiyyətinin geniş konfransı keçirilib. Yenə də Sabirabadda ilk dəfə respublikanın baş mütəxəssislərinin iştirakı ilə mama-ginekoloqlarının və neonotoloqlarının 3 günlük regional seminarı təşkil olunub. 
2018-ci il oktyabrın 2-3 tarixlərində Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bir qrup mütəxəssisi Sabirabad RMX-da əhaliyə təmənnasız müayinə və müalicə aksiyası keçirmişdir. Aksiya zamanı 100-dən artıq xəstə müayinə olunmuş, 3 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır. 
Ötən ilin noyabr ayında Mərkəzi Qan Bankının kollektivi xəstəxanada qanvermə aksiyası keçirmişdir. Aksiyada 210 nəfər könüllü donordan qan götürülərək Mərkəzi Qan Bankına göndərilmişdir. 
2018-ci ildə ən mühüm hadisə isə noyabr ayında Dializ şöbəsinin istifadəyə verilməsi olmuşdur. Şöbənin əməkdaşları Sabirabad və Saatlı rayonlarının əhalisinin 34 nəfərinə hazırda xidmət göstərirlər. 
2018-ci il fevral ayının ­10-dan mayın 11-nə qədər nəzərdə tutulan 116 min 073 nəfərdən 112 min 569 nəfəri tibbi müayinədən keçirilmiş, 2884 nəfər ambulator müalicəyə, 416 nəfər isə RMX-nın müvafiq şöbələrində stasionar müalicəyə cəlb edilmişdir. Müayinələr nəticəsində ciddi xəstəliyi aşkar edilmiş 224 nəfər Bakı şəhərinə profilinə uyğun klinikalara göndərilmişdir. 
Sabirabadda mərkəzi rayon, kənd və sahə xəstəxanalarından ibarət geniş tibb şəbəkəsi yaradılıb. Hazırda rayonda əhaliyə hərtərəfli tibbi xidmət göstərmək üçün hər biri 15 çarpayılıq olan 6 sahə xəstəxanası, 30 həkim, 38 tibb məntəqəsi fəaliyyət göstərir. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Ötən il, Səhiyyə Nazirliyinin təşkil etdiyi sertifikasiya imtahanlarında 94 nəfər tibb işçisi və həkim iştirak edib ki, onlardan 89 nəfəri müvəffəqiyyətlə imtahan verib. 
Uşaq ölümü ümumrespublika göstəricisindən üç dəfə aşağıdır. Sonda bildirmək istəyirəm ki, ölkəmizin səhiyyə müəssisələrində icbari tibbi sığortaya keçid ilə bağlı olaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasının kollektivi də hazırlıq işləri görür. 

 

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

16 2019 01:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin