Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Forumu dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqi baxımından böyük əhəmiyyətə malikdir

Bakı Forumu dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqi baxımından böyük əhəmiyyətə malikdir

Azərbaycan daha bir mötəbər tədbirdə ev sahibliyi edir. Son 15 ildə biz belə tədbirlərin ölkəmizdə keçirilməsinin çox şahidi olmuşuq. Dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının öz tədbirlərini Bakıda keçirməsi respublikamıza olan inam və etibarın göstəricisidir. Həm də Azərbaycan artıq dünya birliyində sabitlik, əmin-amanlıq məkanı kimi tanınıb. Belə tədbirlərin Bakıda keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Çünki həmin tədbirlərdə dünyanın 50-dən çox ölkəsinin, həmçinin beynəlxalq aləmdə nüfuz sahibi olan təşkilatların, habelə aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər. Onlar respublikamızın sürətli inkişafının, xalqımızın qonaqpərvərliyinin canlı şahidi olurlar.

Bakı Forumu dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqi baxımından böyük əhəmiyyətə malikdir
Bakıda keçirilən VII Qlobal Forum bu baxımdan çox əhəmiyyətlidir. Dünyanın tanınmış diplomatlarının, ictimai-siyasi xadimlərinin dövlət və hökumət başçılarının iştirak etdiyi tədbir Azərbaycan reallıqlarının beynəlxalq ictimiyyətə olduğu kimi çatdırılması baxımından yüksək qiymətə layiqdir. Ümumiyyətlə, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoqların keçirilməsində zəngin təcrübə qazanması artıq beynəlxalq aləmdə də etiraf olunur. Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək yerinə düşərdi. Daha sonra -- 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. 
“Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr olunmuş VII Qlobal Forumda iştirak edən qonaqların və nüfuzlu ictimai-siyasi xadimlərin, diplomatların sayı da təsdiqədi ki, bu foruma maraq göstərənlərin sayı ildən-ilə artır. Bunu budəfəki forumda 50 ölkədən 500-dən artıq nümayəndənin iştirakı da təsdiqləyir. Ümumiyyətlə, Qlobal Bakı Forumu gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir.
Prezident İlham Əliyevin forumdakı nitqi böyük maraqla qarşılandı. Tədbir iştirakçılarına bəlli oldu ki, xarici siyasətimizin prioriteti təhlükəsizliyin, sabitliyin və xalqlar arasında sülh şəraitində birgəyaşayışın möhkəmləndirilməsidir. Ölkəmizin inkişafı, iqtisadi və xarici siyasət sahəsində əldə olunan uğurlardan söhbət açan dövlətimizin başçısı, həmişə olduğu kimi, bu dəfə də Ermənistanın işğalçı siyasətini hələ də davam etdirdiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha diqqətə çatdırdı. Bildirdi ki, Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Ölkə rəhbəri bu cəhdlərin tamamilə qəbuledilməz və qeyri-effektiv oduğunu bildirdi. Bunun danışıqlar prosesini əngəlləmək cəhdi olduğunu diqqətə çatdıran möhtərəm Prezidentimiz bir daha bəyan etdi ki, bu cür düşünən tək biz deyilik və beynəlxalq təşkilatlar da bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq, Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. 
Forumda iştirak edən bir sıra dövlət və hökumət başçıları çıxışlarında da bildirdilər ki, dünya siyasətinin məqsədlərinə o zaman çatmaq olar ki, vətəndaşlarımız üçün sabitliyi və sülhü təmin edək. Həmçinin bu forum dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqinə yönəlməsi baxımından yüksək qiymətləndirildi. Bolqarıstanın Baş naziri Boyko Borisovun forumdakı çıxışından bir məqamı diqqətə çatdırmağı özümə borc bildim. O dedi: “Mən də Azərbaycanla çox gözəl münasibətlərimizin olduğunu bildirmək istərdim. Bu gözəl münasibətlərin əsasını qoyan möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Birinci xanıma da xüsusi minnətdarlıq düşür. Çünki Bolqarıstanda tarixi kilsə və abidələrin bərpasına birinci xanımın bilavasitə töhfəsi olmuşdur. Biz bu töhfəni yüksək qiymətləndiririk. “

 

Çingiz QƏNİZADƏ, 
Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

 

16 2019 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin