Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddinci Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib

Yeddinci Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib

Birinci iclasda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusunda geniş müzakirələr aparılıb

 

Azərbaycan paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumu martın 14-də açılış mərasimindən sonra işini panel iclasları ilə davam etdirib.

Forumun birinci panel iclası “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusuna həsr olunub.

CNN-in aparıcısı, siyasi analitik Farid Zakariyanın moderatorluğu ilə keçən paneldə çıxış edən Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti Vu Hailonq Forumun təşkilinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O deyib ki, Çinin iqtisadiyyatı son illər daha sürətlə inkişaf edir. Çinin Avropa İttifaqı ilə iqtisadi əlaqələri milyardlarla dollar dəyərindədir. ÇXR dünyaya sülh yayır və sabit iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıdır.

Yeddinci Qlobal Forumun açılışında iştirakına və dərin məzmunlu nitqinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdıran Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa keçmiş Sovet İttifaqının dağılmasından sonra digər dövlətlər kimi, Latviyanın da bir çox problemlərlə qarşılaşdığını deyib. Lakin Latviya xalqı bu çətinliklərə baxmayaraq, özünü toplamağı bacardı. Bu gün Latviya sabit iqtisadiyyata malik dövlətdir.

Norveçin keçmiş Baş naziri Kyel Maqne Bondevik müasir Avropa cəmiyyətinin təşəkkülündən və bu proses zamanı qarşılaşdığı problemlərdən danışıb. Qeyd edib ki, Avropa İttifaqı bu problemlərin həlli istiqamətində mühüm addımlar atsa da, hələ də bəzi məsələlər öz həllini gözləyir. Bunun üçün isə Avropa ölkələri birlikdə fəaliyyət göstərməlidirlər. Kyel Maqne Bondevik VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb, tədbir çərçivəsində səmərəli müzakirələrin aparılacağına əmin olduğunu bildirib.

Robert Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi ABŞ-ın dünyada sülhün təmin edilməsindəki rolu barədə fikirlərini paylaşıb. Qeyd edib ki, daha azad, daha çiçəklənən dünyanın qurulmasında Amerikanın xüsusi fəaliyyəti mövcuddur. Lakin bir dövlət bütün dünyada sülhü bərqərar edə bilməz. Buna görə də bu məsələdə bütün dövlətlərin səyi vacibdir. O, dünyada sülhün bərqərar olmasına Azərbaycan dövlətinin verdiyi töhfələrin ABŞ-da yüksək qiymətləndirildiyini qeyd edib.

Belə bir mühüm tədbirdə iştirakına görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edən Avstriyanın keçmiş Federal Kansleri Verner Faymann deyib ki, insanlar kimi, dövlətlərin də fərqli demokratiya anlayışları var. Bu gün Avropa bütün dünyada demokratiya məkanı kimi tanınır. Lakin bununla kifayətlənmək olmaz. Çünki demokratiya daim üzərində işləməli, təkmilləşdirilməsi lazım olan amildir.

X      X      X

Forumun ikinci paneli “Davamlı inkişaf çağırışları” mövzusuna həsr olunub

 

Yeddinci Qlobal Bakı Forumu çərçivəsində ikinci panel iclası “Davamlı inkişaf çağırışları” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panel iclası Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru Ceffri Saksın moderatorluğu ilə keçib. O bildirib ki, dünya iqtisadiyyatı hazırda dayanıqlı inkişafı təmin etmir. İqtisadi artım birbaşa sosial ədalətə söykənmir. Dünyada gedən proseslər ətraf mühitə böyük təsir göstərir. Ətraf mühitdən nəzarətsiz qaydada istifadə olunur və bu da iqlim dəyişikliyini nəzarətdə saxlamağa imkan vermir, biomüxtəlifliyə mənfi təsir göstərir. Okeanlarda suyun səviyyəsi artır, hava çirklənir, bu da qidaların keyfiyyətinə təsir göstərir. Bu baxımdan, dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidirlər.

2009-2017-ci illərdə BMT-nin İnkişaf Proqramının administratoru olmuş Helen Klark qeyd edib ki, beynəlxalq səviyyədə əməkdaşlıq çox vacibdir. Ölkələr bu haqda düşünməlidirlər. Burada bir çox amillər mövcuddur. Sağlamlıqla bağlı məsələlərə diqqət yetirilməlidir. Daha təmiz yanacaqlara keçmək məcburiyyətindəyik. Gəlir nöqteyi-nəzərindən də insanlar arasında qeyri-bərabərlik var. Bütün bu problemlərin, istər yoxsulluq, istər təhsil, istərsə də digər problemlərin həlli üçün əməkdaşlıq labüddür. Birlikdə çalışsaq, vətəndaşların sülh, əmin-amanlıq və rifah naminə arzularını reallaşdırmaq və planetimizi qorumaq şansı əldə edəcəyik.

Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, bu ölkənin Almaniyadakı səfiri Stefan Dion bildirib ki, yaxın gələcəkdə içməli su ilə əlaqədar ciddi problemlər yarana bilər. Dünya okeanlarına, dənizlərə atılan plastik tullantıların çəkisi artıb. Bu da sularda canlı orqanizmlərin məhv olmasına gətirib çıxarıb. Bu sahədə çox ciddi addımlar atılmalı, bununla bağlı investisiyalar yatırılmalıdır. Əks təqdirdə, bizim itirdiklərimiz çox olacaq. Gələcək nəsillərin taleyi iqlim dəyişikliyindən asılı olacaq. Ona görə də atmosferə zəhərli tullantıların atılmasının azaldılmasına çalışmalıyıq.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Miryana Eqqer qeyd edib ki, 2030-cu ilin gündəminə baxsaq, faktlar bizə göstərir ki, biz bütün sahələrdə inkişafa nail olmalıyıq. Yaxın 10 ildə əsas diqqəti iqlim dəyişikliklərinə, ətraf mühitin qorunmasına yönəltməliyik.

Sloveniyanın sabiq Prezidenti Danilo Türk təmsil etdiyi regionun inkişaf trendləri barədə danışıb, mövcud olan problemlərdən söhbət açıb.

X      X      X

Forumun üçüncü panel iclasında “Bu, qloballaşmanın sonudurmu?” sualı ətrafında çıxışlar olub

 

Martın 14-də VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında “Bu, qloballaşmanın sonudurmu?” mövzusunda müzakirələr aparılıb.

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçən paneldə çıxış edən Polşanın sabiq Baş naziri Marek Belka bildirib ki, ölkəsi Avropa İttifaqına qoşulduqdan sonra iqtisadi baxımdan faydalanıb. Qloballaşmanın siyasi qərarlar əsasında mövcud olmadığını deyən sabiq Baş nazir əlavə edib ki, bu, texnoloji bir prosesdir. Qloballaşmanın sona yaxınlaşmasını demək düzgün deyil. Bunun qarşısını almaq mümkün deyil. Müxtəlif ölkələr qloballaşmadan fərqli şəkildə istifadə edirlər.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Sovet İttifaqının dağılmasından sonra ölkəsində demokratiyanın bərqərar olduğunu bildirib. O əlavə edib ki, qloballaşma prosesindən razıdır. Bolqarıstanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatını inkişaf etdirdiyini deyən sabiq dövlət başçısı ölkəsində həyata keçirilən islahatlardan danışıb. O vurğulayıb ki, qloballaşmadan xilas olmaq mümkün deyil. Bu gün dünyanı hörümçək toru kimi ağuşuna alan internet bəşəriyyəti bir əldə saxlayır. Dünyanın istənilən yerində gedən prosesləri sosial media vasitəsilə izləmək mümkündür. Qloballaşma vasitəsilə dövlətlər yeni iqtisadi alətlərdən ortaqlı istifadə edirlər. 

Ekvadorun keçmiş Prezidenti Rosalia Arteaqo Serrano Latın Amerikasının müxtəlifliyə malik bir coğrafiya olduğunu deyib. Qeyd edib ki, burada siyasi, iqtisadi və humanitar böhran mövcuddur. Qlobal trendin davam etdiyini deyən sabiq Prezident əlavə edib ki, bu gün Avropada cərəyan edən istənilən böhran Latın Amerikasına da öz təsirini göstərir.

Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Benedetto Zakkirol qloballaşmanın müsbət və mənfi məqamlarından söz açıb. O, dövlət rəhbərlərinin qlobal məsələlərə münasibət bildirməli olduqlarını söyləyib. Vurğulayıb ki, bütün səylər müsbət istiqamətə cəmləşdirilməlidir.

Livanın sabiq Baş naziri Fuad Siniora isə qeyd edib ki, bu gün dünya qloballaşmanın müsbət tərəflərindən faydalanmaqla mənfi tərəflərindən də əziyyət çəkir. Bu gün miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraitləri yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir. Dünyada ksenofobiya, millətçilik, şovinizm kimi mənfi cərəyanlara qarşı mübarizə aparılmalıdır.

Mavritaniyanın sabiq Prezidenti xanım Ameenah Gurib qeyd edib ki, dünyada hökm sürən böhran hər bir insana təsir edir, hər kəs işini itirir. Bu da ciddi sosial problemlərə gətirib çıxarır.

İtaliyalı senator Ettore Liçeri bildirib ki, qloballaşmada insanların düşüncə tərzi dəyişir. İnsanlar yeni yerlər görmək istəyirlər. Bu, insanları yaxınlaşdırır.

Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək qeyd edib ki, qloballaşma dünyanın müxtəlif yerlərində fərqli şəkildə başa düşülür. Yaxşı tərəfdən baxdıqda qloballaşma insanlara çox şey qazandırıb. Digər tərəfdən, qloballaşma dünyanın siyasi gündəmini dəyişir, yeni siyasi sosial mühit formalaşdırır.     

X      X      X

Yeddinci Qlobal Bakı Forumunun panel iclasları müzakirələrlə davam edib, suallar cavablandırılıb.

 

AZƏRTAC

 

15 2019 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin