Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Forumu bizi mövcud problemlər ətrafında düşünməyə dəvət edir

Bakı Forumu bizi mövcud problemlər ətrafında düşünməyə dəvət edir

Martın 14-də Azərbaycan paytaxtında VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Üç gün davam edəcək mötəbər beynəlxalq tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar. Qlobal forum iştirakçılarından bəzilərinin tədbirlə bağlı təəssüratlarını öyrəndik. BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru xanım Miryana Eqqer bildirdi: 

– Bu gün Azərbaycan Respublikası öz üzərinə böyük bir məsuliyyət götürərək, dünyada sülh və təhlükəsizlik işinə bacardığı qədər töhfələr verməyə çalışır. Biz bunu alqışlayırıq. Bu istiqamətdə Prezident İlham Əliyev böyük səylər göstərir. Bunun üçün Bakıda dünyanın düşünən beyinləri, intellekt sahibləri mövcud problemlərin həllinə cəlb edilir. Bu gün bizim bu forumda iştirakımız da məhz Prezident İlham Əliyevin bu xoş təşəbbüsünün nəticəsidir.
Dünyada baş verən problemlərin həlli bizdən daha çox səylər tələb edir. Ayrı-ayrı ölkələrdə baş verən müharibələr, münaqişələr ­ciddi problemlər yaradır, insanlar həyatlarını itirir, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün liderlər kompromisə getməyi bacarmalı, problemləri birgə səylərlə həll etməliyik.
Bu mənada Azərbaycan ­Prezidentinin cəsarətlə təbliğ etdiyi multikulturalizm ideyaları böyük əhəmiyyət daşıyır. Prezident 
İlham Əliyev forumun açılışında da bu barədə geniş danışaraq bildirdi ki, multikulturalizm Azərbaycanda siyasətin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. “Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam edib. Biz bu ideyaları qlobal müstəvidə təşviq etməyə çalışdıq. Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginliklər azala və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik”.
Doğrudan da, dünya ölkələri və xalqları arasında multikulturalizm nə qədər çox yayılarsa, münaqişələr, müharibələr də bir o qədər az olar. Hər halda VII Qlobal Bakı Forumu bizi bu barədə düşünməyə dəvət edir. 

 

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

 

14 2019 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə