Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tur-aksiya iştirakçıları Naxçıvana yola düşüblər

Tur-aksiya iştirakçıları Naxçıvana yola düşüblər

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına təntənəli yolasalma mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər, “ASAN Könüllüləri”, “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları iştirak ediblər. 

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin YAP rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. 
Tədbirdə çıxış edən 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etməkdir.
Valideyn Güləbətin Əhmədova layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib. Şagirdlərdən Rüstəm Mirzəzadə, Gülsüm Baxışova və Gülər Quluzadə isə “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan hadisəyə çevriləcəyini diqqətə çatdırıblar. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov tur-aksiyanın məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, onların vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmalarına böyük töhfələr verdiyini vurğulayıb. 
Rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev mərasimdə xatırladıb ki, “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil edilən maarifləndirici tur-aksiyalar mühüm önəm daşıyır. Artıq hər il reallaşan bu layihə məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin tarixi məkanları və iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır, onların dünyagörüşlərinin zənginləşməsində mühüm rol ­oynayır.
Elxan Allahverdiyev daha sonra deyib ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Ölkəmizin bütün regionları gündən-günə abadlaşır, şəhər və rayonlarımızın siması dəyişir, ­quruculuq işləri aparılır, yeni məktəb binaları tikilir, ucqar dağ kəndlərinə qaz xətləri çəkilir, yollar salınır, sosial obyektlər tikilir. Məktəblilərin tur-aksiya çərçivəsində bütün bunları görmələri onlarda yeniləşən Azərbaycan barədə əyani təsəvvür yaradır.
Mərasimdə Novruzun personajları Kosa, Keçəl və Bahar qızı layihə iştirakçılarını salamlayıblar, bayram musiqiləri səsləndirilib, “Şərur yallısı” izlənilib. 
Sonda tur-aksiya iştirakçıları tərəfindən üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tort kəsilib. 

 

“Xalq qəzeti”

14 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin