Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tereza Mey parlamenti “Brexit”lə bağlı razılaşmanı dəstəkləməyə çağırıb

Tereza Mey parlamenti “Brexit”lə bağlı razılaşmanı dəstəkləməyə çağırıb

Böyük Britaniya hökumətinin üzvləri ölkənin Avropa İttifaqından çıxmasını iki il müddətinə təxirə salmaq imkanlarını müzakirə ediblər. Bu barədə “The Daily Telegraph”a istinadən TASS məlumat yayıb. 
Məlumata görə, əgər Baş nazir Tereza Mey parlamentin İcmalar Palatasını gələn həftə Brüssellə əldə olunmuş əməkdaşlıq haqqında razılaşmanı dəstəkləməyin vacibliyinə inandıra bilsə, o zaman “Brexit”in müddətini azı iyunun 30-dək təxirə salmaq olar. Baş nazir xəbərdarlıq edib ki, əgər “Brexit”in şərtləri ilə bağlı razılaşma parlamentdə üçüncü dəfə də rədd edilsə, o zaman Aİ-dən ayrılmaq daha uzun müddətə təxirə salınacaq.
Britaniya mətbuatının yazdığına görə, Mey artıq “Brexit”lə bağlı vəziyyət və lideri olduğu Mühafizəkarlar Partiyası üzərində nəzarəti itirib. Məsələ bundadır ki, hökumətin 18 üzvü Aİ-dən razılaşmasız çıxma ssenarisinin reallaşdırılması imkanını birdəfəlik bloklamaqla bağlı təklifin əleyhinə səs verməkdən imtina etməklə partiya intizamını pozub. 
T.Mey martın 13-də parlamentə təklif edib ki, “Brexit”in şərtləri ilə bağlı bu ayın 20-nə qədər yeni səsvermə keçirilsin. Qanunvericilər isə artıq iki dəfə - bu ilin yanvarında və martın 12-də Aİ ilə razılaşma layihəsinin əleyhinə səs veriblər. Ancaq Mey parlamenti razılaşma ilə bağlı daha bir səsvermə keçirməyə və sənədi dəstəkləməyə çağırıb. Baş nazir bəyan edib ki, yalnız bu halda martın 29-na təyin olunmuş Aİ-dən çıxma müddəti dəyişdirilə bilər. 
Mey bir qədər əvvəl İcmalar Palatasında çıxışı zamanı demişdi ki, əgər qanunvericilər razılaşma sənədinə yenidən yaşıl işıq yandırmasalar, o zaman Böyük Britaniya mayın 
23-26-na təyin olunmuş Avropa Parlamentinə seçkilərdə iştirak etməli olacaq, ölkənin Aİ tərkibindən çıxması isə qeyri-müəyyən vaxta qədər uzanacaq.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

14 2019 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin