Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 85    Bakı şəhəri, 11 mart 2019-cu il


“Peşə təhsilinin dövlət standartları”nın təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli Qərarının ləğv edilməsi barədə “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Peşə təhsilinin dövlət standartları” təsdiq edilsin (əlavə olunur).
2. “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 367; 2013, № 10, maddə 1225) ləğv edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 11 mart

tarixli 85 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Peşə təhsilinin dövlət standartları

 

1. Ümumi müddəalar

 

1.1. Peşə təhsilinin dövlət standartları (bundan sonra - dövlət standartları) Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına, fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, sahə üzrə mütərəqqi beynəlxalq elmi-pedaqoji prinsiplər, milli və ümumbəşəri dəyərlər əsasında hazırlanmışdır.

1.2. Dövlət standartları aşağıdakıları müəyyənləşdirir:

1.2.1. peşə təhsilinin məzmununu;

1.2.2. peşə təhsilinin idarə olunmasını;

1.2.3. peşə təhsili müəssisələrinin maddi-texniki bazasını;

1.2.4. peşə təhsilinin infrastrukturunu;

1.2.5. peşə təhsilində təhsilverənlərin keyfiyyət göstəricilərini;

1.2.6. peşə təhsilində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.

1.3. Dövlət standartları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur.

1.4. Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (bundan sonra - kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur.

1.5. Dövlət standartları 5 ildən bir yenilənir.

 

2. Peşə təhsilinin məzmunu

 

2.1. Peşə təhsilinin məzmunu təhsilalanın, cəmiyyətin, dövlətin və ayrı-ayrı işəgötürənlərin maraq və tələblərini, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, onların dünyagörüşünün formalaşmasını, ömürboyu təhsil konsepsiyasına və əmək bazarınıntələblərinə uyğun zəruri bilik, bacarıq və səriştələrə yiyələnməsini, müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir.

2.2. Peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, “ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların aşağıdakı modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir:

2.2.1. ana dilində ünsiyyət:

2.2.1.1. ana dilinin qrammatik xüsusiyyətlərini dərk edərək istifadə etmək;

2.2.1.2. peşəkar şifahi ünsiyyət qurmaq;

2.2.1.3. peşəkar yazılı ünsiyyət qurmaq;

2.2.2. xarici dildə ünsiyyət:

2.2.2.1. xarici dilin qrammatik xüsusiyyətlərini dərk edərək istifadə etmək;

2.2.2.2. xarici dildə şifahi peşəkar ünsiyyət qurmaq;

2.2.2.3. xarici dildə yazılı peşəkar ünsiyyət qurmaq;

2.2.3. hesablama əməliyyatlarını yerinə yetirmə:

2.2.3.1. məsələlərin həllində riyazi düşüncə nümayiş etdirmək;

2.2.3.2. müvafiq hesablamalar aparmaq;

2.2.3.3. qrafik və cədvəllər hazırlamaq və istifadə etmək;

2.2.3.4. təsviri statistikadan istifadə etmək;

2.2.4. informasiya texnologiyaları:

2.2.4.1. məlumatları əldə etmək, qiymətləndirmək və idarə etmək;

2.2.4.2. müvafiq sosial media vasitələrindən istifadə etmək;

2.2.4.3. rəqəmsal məzmun hazırlamaq;

2.2.4.4. informasiya kommunikasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etmək;

2.2.5. peşə etikası:

2.2.5.1. peşəkarlıq prinsiplərinə riayət etmək;

2.2.5.2. vaxtdan səmərəli istifadə etmək;

2.2.5.3. qrup daxilində səmərəli işləmək;

2.2.5.4. iş yerində davranış qaydalarını təhlil etmək;

2.2.6. sahibkarlıq:

2.2.6.1. sahibkarlıq ideyalarını və imkanlarını müəyyən etmək;

2.2.6.2. biznes plan hazırlamaq;

2.2.6.3. ideyaların həyata keçirilməsi haqqında məlumat vermək;

2.2.7. şəxsi inkişaf və karyera planlaşdırılması:

2.2.7.1. normativ hüquqi şənədlərdən istifadə etmək;

2.2.7.2. karyera məqsədlərini müəyyən etmək və müasir işaxtarma və müraciət üsullarından istifadə etmək;

2.2.7.3. ölkədə və dünyada baş verən siyasi, ictimai və iqtisadi prosesləri şərh etmək;

2.2.7.4. təbiətin və ətraf mühitin qorunması prinsiplərini təhlil etmək;

2.2.8. estetika və mədəni özünüifadə:

2.2.8.1. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin əsas əsərlərini öyrənmək;

2.2.8.2. dünya incəsənət nümunələrini və məşhur mədəniyyət və incəsənət xadimlərinin əsərlərini öyrənmək;

2.2.8.3. kreativlik və estetika anlayışlarını təhlil edərək onlardan istifadə etmək;

2.2.8.4. etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə etmək.

2.3. Peşə təhsilinin məzmunu müvafiq peşə standartları və Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq ixtisasın kvalifikasiya standartları əsasında formalaşdırılır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən modul strukturlu nümunəvi kurikulum vasitəsilə tədris edilir.

2.4. Peşə təhsili müəssisələrində ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edən müvafiq kursların təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən modul strukturlu kurikulumlar vasitəsilə həyata keçirilir.

2.5. Peşə təhsilinin məzmunutəhsilalanların peşəkar inkişafına xidmət etməli, tətbiqi və tərbiyəvi xarakter daşımalı, məzmunun təhsilalanlar tərəfindən rahat mənimsənilməsini təmin etməlidir.

2.6. Peşə liseylərində və peşə təhsil mərkəzlərində ümumi orta təhsil bazasından qəbul olunanlara qanunvericiliyin tələblərinə uyğun olaraq tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil fənləri tədris edilir.

2.7. Peşə təhsili müəssisələrində tədris ili iki yarımildən ibarətdir. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Dərs ili ərzində qış tətili 8 gündür. İxtisasdan asılı olaraq modulların tədrisi yay aylarında da keçirilə bilər.

2.8. Peşə təhsili müəssisələrində təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir. Tədris emalatxanalarında praktik məşğələlər zamanı təlimin birinci ilində hər 45 dəqiqədən, təlimin ikinci və sonrakı illərində hər 90 dəqiqədən sonra 10 dəqiqə fasilə verilir.

 

 

3. Peşə təhsilinin idarə olunması

 

3.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsasında Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına, digər normativ hüquqi aktlara və öz Nizamnaməsinə uyğun idarə olunur.

3.2. Dövlət peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır.ələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

3.3. Pedaqoji Şuranın iclaslarında təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq təlim-tərbiyə, tədris prosesinin təşkili və həyata keçirilməsi, işəgötürənlərlə qarşılıqlı əlaqələr, innovativ pedaqoji ideyaların və istehsalat yeniliklərinin tətbiqi, sağlam psixoloji mühit və təhlükəsiz şəraitin yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat məsələləri, ümumi fəaliyyətin yaxşılaşdırılması, həvəsləndirmə, mükafatlandırma istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

3.4. Təhsil müəssisələri müvafiq ixtisaslar üzrə təhsilin məzmunu ilə bağlı qərarların verilməsi məqsədilə peşə təhsili prosesinin iştirakçılarının (təsisçilər, təhsilalanlar, təhsil verənlər, tədrisə köməkçi heyət, valideynlər və ya digər qanuni nümayəndələr) yer aldığı işçi qrupları yarada bilər.

3.5. Peşə təhsili müəssisələri təsisçisi tərəfindən təsdiq edilmiş, 5 ildən bir yenilənən strateji plan əsasında idarə edilir.

3.6. Strateji plan özündə təhsil müəssisəsi haqqında ümumi məlumatı, gələcəyə dair baxış və dəyərləri, GZİT-nin (güclü, zəif, imkanlar, təhlükələr) təhlilini, strateji hədəfləri, hədəflərə uyğun nəticələri, ölçülə bilən tədbirləri, tədbirlərin icrası üçün maliyyə vəsaitini və icra müddətlərini ehtiva edir.

3.7. Təhsil müəssisəsi strateji planda qeyd edilən hədəflərin icrası ilə bağlı yarımillik hesabat hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edir.

3.8. Peşə təhsili müəssisəsinə rəhbərlik qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilən direktor tərəfindən həmin müəssisənin Nizamnaməsinə uyğun həyata keçirilir.

3.9. Tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

3.10. Peşə təhsili müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi peşə təhsili müəssisələrinin ixtisaslaşma sahələri nəzərə alınmaqla, hər tədris ilinin nəticələrinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

3.11. Peşə təhsili müəssisəsi öz fəaliyyətinə görə təhsilalanlar, işəgötürənlər, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

3.12. Təhsilalanların, təhsilverənlərin, peşə təhsili müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları, peşə təhsili müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də peşə təhsili müəssisəsi ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.

 

4. Peşə təhsili müəssisəsinin maddi-texniki bazası

 

4.1. Peşə təhsili müəssisəsinin maddi-texniki bazası daşınan və daşınmaz əmlakdan ibarətdir.

4.2. Peşə təhsili müəssisəsinin maddi-texniki bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” ilə müəyyən edilən standartlara uyğun olmalıdır.

4.3. Peşə təhsili müəssisəsi təhsilalanlar üçün yaşayış və tədris binalarına, yardımçı təsərrüfata, iaşə avadanlığına, idman meydançasına, idman zalına, sanitariya qovşaqlarına, kitabxana, oxu zalı, klub, mövcud normativlərə uyğun təchiz olunmuş tibb məntəqəsi, yeməkxana, yataqxana, məişət otağı, camaşırxana, paltar və ayaqqabıların təmiri və gigiyena otaqları, hamam, anbar və s. xidmət otaqlarına, nəqliyyat vasitələrinə malik olur.

4.4. Peşə təhsili müəssisəsi ona verilmiş əmlakdan yalnız Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edə bilər. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.

4.5. Peşə təhsili müəssisəsinin maddi-texniki bazasına mövcud ixtisasların tələblərinə uyğun olaraq tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlıqları, informasiya kommunikasiya texnologiyası avadanlıqları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitlər, təlimin texniki vasitələri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.

 

5. Peşə təhsilinin infrastrukturu

 

5.1. Peşə təhsilinin infrastrukturuna qoyulan minimum tələblər aşağıdakılardan ibarətdir:

5.1.1. ömürboyu təhsili təmin edən təhlükəsiz və rahat təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik təmirli binalar, yardımçı bina və qurğular, idman meydançası və ya zalı və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, sanitar qovşaqları və sürətli internet xidməti;

5.1.2. əlilliyi olan şəxslərin inklüziv təhsilinin təşkili;

5.1.3. işəgötürənlərin tələbləri və müvafiq müqavilələr əsasında müəyyən modul üzrə dərslərin qeyd edilmiş normalara uyğun olan müəssisə, idarə və təşkilatlarda yaradılan sinif otaqlarında keçirilməsinin mümkünlüyü.

 

6. Təhsilverənlərin keyfiyyət göstəriciləri

 

6.1. Peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası (sertifikatlaşdırılması) “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir.

6.2. Peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi peşə təhsili müəssisələrində mühəndis-pedaqoji heyətinbilik və bacarıqlarının qiymətləndirilməsi əsasında həyata keçirilir.

6.3. Peşə təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:

6.3.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktik səriştə;

6.3.2. təhsilalanlarla ünsiyyət qurma və iş bacarığı;

6.3.3. əxlaqi-mənəvi keyfiyyətlər, pedaqoji etika və mədəniyyət;

6.3.4. əməkdaşlıq, tədqiqatçılıq, özünü təhsil və idarəçilik bacarığı;

6.3.5. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyəti;

6.3.6. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığı;

6.3.7. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik;

6.3.8. işlədiyi təhsil müəssisəsində və ictimaiyyətdə hörmət və nüfuz qazanmaq bacarığı.

6.4. Peşə təhsili siste­minə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbərin və mühəndis-pedaqoji iş­çi­lərin pedaqogikaya və psixologiyaya dair biliklərə, həmçinin fən­lərin tədrisi metodikası üzrə bacarıqlara malik olmalarını təmin edən təhsil proqramları (kuri­ku­lumlar) üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə 3 ay müddətində iştirakı təmin edilir.

6.5. Peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının peşələrinə uyğun ən geci 2 ildən bir Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi müəssisə və təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi keçmələri təmin olunur.

 

7. Təhsilalanların səriştə səviyyəsi

 

7.1. Peşə təhsili müəssisələrində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların aralıq və yekun dövlət attestasiyasının keçirilməsi əsasında aparılır.

7.2. Peşə təhsili pilləsində təhsilalanların səriştə səviyyəsi Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq, ixtisasın kvalifikasiya standartları əsasında hazırlanmış kurikulumlarda və ayrı-ayrı modullarda bilik, bacarıq və məsuliyyət (yanaşma) xüsusiyyətləri qeyd edilən təlim nəticələrinə əsasən müəyyən edilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə