Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ə.Vəzirova açıq məktub

Ə.Vəzirova açıq məktub

Mən indi Sizə nə məktub yazmaq istərdim, nə də günahlarınızla bağlı kiməsə müraciət etmək. Respublika rəhbərliyinin başında dayananda – qılıncınızın dalı da, qabağı da kəsəndə Sizlə görüşmək, adımı rəsmi və ya qeyri-rəsmi qəbullarınızın siyahısına saldırmaq istəməmişəm, həndəvərinizdə fır-fır fırlananların da yadına düşməyə cəhd eləməmişəm. Mərkəzin təyinatını alıb Bakıda fəaliyyətə başladığınız ilk günlərdəcə təşkil etdiyiniz mitinqdəki çıxışınızı dinləyəndə əlim yerdən-göydən üzüldü, inandım ki, millətin başı üstünü qara buludlar alır. Siz ilk “monoloqunuzdan” millətin fikrini o günlərin dəhşətli ağrılarından, elan olunmamış erməni müharibəsindən, Mərkəzin daşnaksayağı himayədarlığından, Qarabağdan, sərhədlərdən, qaçqınlardan uzaqlaşdırıb keçmişin təftişinə, təzə xiyar-pomidor “problemi”nə, köhnə dostunuzun vaxtilə işdən çıxarılması məsələsinə yönəltmək istəyirdiniz. Bir-birinə calanan sonrakı acı hadisələr – iyirmi aylıq hakimiyyətinizin törətdiyi faciələr təsdiq elədi ki, zənnimdə yanılmamışam. Yazılarım Sizin əlinizin altındakı hərbi senzuranın qadağalarını yarıb keçəndə mətbuatda çap olunub. Hətta bir müşavirədə məclis əhlindən qəfildən soruşubsunuz: “Mı kak mojem nemnojko rasslabit Qidayata?” Kimsə: “On v poslednee vremya molçit” - deyib. Siz yenə əsəbləşmisiniz: “Eqo molçaniye toje opasno!”. 

 

Qəzet redaktorları telefon söhbətində, ya görüşlərimizdə deyirdilər : “Fikirlərin ürəyimizdəndir, bircə MK-dan icazə verələr, heç olmasa, şöbə müdiri...”

Yanvar soyqırımından sonrakı yazılarımda isə dönə-dönə demişəm: Kimdir günahkar? Ə.Vəzirov “Mərkəzin” sessiyasında (SSRİ Ali Sovetinin sessiyası nəzərdə tutulur - red.) oturub nə yazıb-pozur görəsən? Bəlkə həqiqəti heç olmasa indi aça? Soruşmuşam, Sizdən də ... Ə.Daşdəmirovdan da (televiziyadakı “tarixi” bəyanatını hamı xatırlayır, özü də iki il sonrakı “redaktəsi”, “Takix namereniy o tom, çtobı vvodit komendantskiy ças v Baku u rukovodstva respubliki net” - kimi yox, sadə və konkret – “V Baku ne budet komendantskoqo çasa” kimi) soruşmuşam. Məndən başqa da bu sualı verən çox olub. Bir neçə gün bundan qabaq Siz ekranda görünəndə (Daşdəmirov da axır ki, həmin verilişdə peyda oldu) fikirləşdim, heç olmasa, bu dəfə “Mərkəz hücumçusu” maskasını yırtıb, formal da olsa, səmimi danışmağa çalışacaqsınız.

 

* * *

 

Söhbətinizin əvvəlindəcə deyəndə – Şəhidlər xiyabanında, baş daşlarında bircə tanış ad, bircə tanış şəkil görməyibsiniz, - hansı simə vurdunuz, aydındır, amma deyəsən, Siz də inanıbsınız ki, tamam günahsız adamlar şəhid olublar və bu günahsızlar içində günahkarlar axtarırdınız? “Rəqib” tərəfdə, Xalq Cəbhəsində, o vaxtlar yaranmış təzə partiyalarda və qurumlarda, sözün düzünü az-çox üzünüzə deyən ziyalılar içindəmi gəzirsiniz günahkarları? O müsibətdə çoxlarının günahı var. Buna sözüm yox, bəs baş günahkar kimdir? Heç olmasa etiraf edəydiniz ki, o  Xiyabanda bircə nəfər hökumət adamı, vəzifələrə təyin etdiyiniz onlarca səbatsız kəslərdən, onların oğul-uşaqlarından, doğmalarından, yaxın qohumlarından (hamısının canı sağ olsun, mən faktdan danışıram) bir nəfər belə yoxdur, onda “rəqib” tərəfi qınamağınıza təbii baxmaq olardı.

Yenə 1988-ci ilin ortalarında Bakıya gəlişinizi, ekoloji, iqtisadi problemləri, işsizliyi... xatırladınız, mənə elə gəldi ki, neçə il bundan qabaq Leninin adını daşıyan meydandakı çıxışınızın mətnini yenidən təkrar oxuyursunuz, indicə cənab “palitbüro”dan, “tovariş Qorbaçov”dan sitatlar deyəcəksiniz. Sonra yenə iqtisadi məsələlərə qayıtdınız, “demə”, 1989-cu ilin yayında SSRİ Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan ölkədə meyvə və tərəvəz istehlakına görə... 14-cü yerdə imiş, Siz də hökm edib respublikadan çıxan yolları bağlayıbsınız, guya, bazarlarda qiymətlər aşağı düşüb. Və məhsulu respublikadan çıxarmağa vərdiş etmiş kişilər bəyanat veriblər: “Mı oplatim skolko uqodno, Vezirov ne doljen ostatsya do sleduyuşeqo leta”. (Vəzirovun bəzi ifadələri çıxışının orijinalında olduğu kimi saxlanır - red.)Təəcüüblü bir “qiymət” də dediniz - bu qiyməti Sizin başınıza kimin qoyduğunu sirr saxladınız, amma rəqəmi bildirdiniz: 300 milyon... Hə, Siz doğrudan da gələn yaya qala bilmədiniz, bəlkə elə düşünürsüz ki, o “tacir kişilər” törətdilər Yanvar müsibətini?

Siz həqiqətən bu qədər sadəlövhsünüz, yoxsa oynayırsınız? Respublika rəhbərinin, üstəgəl diplomatın belə sadəlövh olmasına kim inanar? O ki qaldı oyuna... mən nə az, nə çox, düz on altı il peşəkar teatra rəhbərlik etmişəm, pyeslər yazmışam, Şekspiri dilimizə çevirmişəm... Sizin oyununuzu şit komediyalardakı şit personajların ifaçıları ilə müqayisə etmək olar.

Yeri oldu-olmadı “moy narod”, “moy narod” deyə-deyə Sumqayıtı, sonra Əsgəranı, “zaxvat vlasti... v Lenkorane”, Cəlilabadı, Cənubla sərhəddəki “neslıxannıy vandalizm...”i, “srıv zasedaniya Verxovnoqo Soveta”nı, “mitinq Soveta oboronı”, müxalifətlə gecə yarıdan xeyli keçənədək oturub şöhbətləşdiyinizi dönə-dönə xatırladınız, demək istəyirdiniz ki, 20 Yanvar müsibəti “təbii” idi? Bəs kim xalqı o dəhşətli qırğından xəbərdar və xilas etməliydi? Müsibətdən neçə gün qabaq zavoddakı görüşünüzdə o nə “silahlanma” tezisiydi atmışdınız meydana?

“Sentr vinovat? A seyças?”

Çox hərləndiniz bu sözlərin ətrafında. Mərkəzə bircə kəlməlik qınaq, tənqid eşidilmədi... Bəlkə Siz də Yazovun yanvarın 18-dən 19-na keçən gecə Bakıya gəlişindən xəbərsiz idiniz? Və necə oldu ki, bütün Azərbaycan çalxanan dənizi xatırlatsa da, Siz Qorbaçovla danışmadınız?

Siz qətiyyən sadəlövh adam deyilsiniz. Azərbaycanın düşmənlərinin əliylə yazılmış ssenarinin mahir iştirakçısısınız. Siz doğrudan da sadəlövh adam olsaydınız heç olmasa, aradan iki il keçəndən sonra müsibətin kökünü, yuxarıdan verilən konkret tapşırıqların, həndəvərinizdən gələn tələblərin ucundan-qulağından nəsə açardınız, abır-həya etmədən “günahkarlar axtarmayın, hamı günahkardır” deməzdiniz. Və lap dəhşətlisi budur ki, heç olmasa, peşmanlıq da keçirmirsiniz. Yox, Siz heç nəyi aça bilməzdiniz, məsələn, deyə bilərdinizmi ki, ordu çağırılması barədə Mərkəzə şifroqramma verməyibsiniz? Deyə bilməzdiniz. Ona da “Qorbaçov” deyərlər. SSRİ Xalq Deputatlarının qurultayında Tbilisi faciəsinə baxılması Sizin gözləriniz qabağında olub, Gürcüstan KP MK-nın keçmiş birinci katibi Patiaşvili bildirəndə ki, 9 apreldə Tbilisinin küçələrində tökülən qanlardan xəbərsiz imiş, Qorbaçov onun öz imzasıyla Sov.İKP-yə göndərilmiş teleqramı (komendant saatı elan olunması xahişini) gətizdirib, xalq deputatlarına oxutdurdu və bunu televiziya vasitəsilə bütün keçmiş nəhəng imperiya gördü. Ona görə də... Girenkonun, Yazovun, Mixaylovun... heç adını da çəkmirsiniz, sözünüzün də əvvəli-axırı – “günahkarlar axtarmayın, hamı günahkardır”.

Doğrudanmı yanvarın 16-dan 18-dək rəhbərlik etdiyiniz büro bu məsələylə bağlı yığışmayıb, vəziyyəti müzakirə etməyib, tədbirlər planı hazırlamayıb və bu barədə Moskvaya müvafiq məlumat verməyib, müvafiq xahiş eləməyib, kömək istəməyib? Bəlkə bu işi Ali Sovetin Rəyasət Heyəti öz üzərinə götürüb? Bəlkə hər şeyi Siz özünüz öz iradənizlə təkbaşına həll edibsiniz? Burda da sual çoxdur, amma bir şey mənə gün kimi aydındır: sizlərdən müraciət olmasaydı, Qorbaçov Azərbaycana başkəsənlər ordusu yeridə bilməzdi. Əgər Siz kömək istəməyibsinizsə və ya fövqəladə vəziyyətin əleyhinə olmusunuzsa, niyə respublikanın müxtəlif təşkilatları adından müraciətləri yığırdınız? Deyəcəksiniz ki, o vaxtlar Bakıda hər hansı bir iri müəssisənin rəhbərliyi, ictimai təşkilatları MK-nın və ya raykomun tapşırığı olmadan yuxarılara müraciət edə bilərdi ki, şəhərdə hərbi vəziyyət elan edin? Buna inanan tapılarmı?

Siz qaçqınları da xatırladınız, guya, müxalifəti o zavallıların problemləriylə birgə məşğul olmağa çağırıbsınız. O zavallıları ki, Sizin tapşırığınızla, raykom katiblərinin hökmüylə doğma Azərbaycandaca neçə kənddən, neçə eldən qovuldular, axırda neçə milis, DTK səddini keçib Bakıya üz tutdular, oradan da qovuldular. Sonra yenə geriyə, sonra yenə, yenə...Zəngilandakı görüşünüz yadınızdadımı? Bu yaxınlaracan amansız düşmən qabağında mərdanə dayanan Nüvədi kəndinin poçt müdiri şikayətlənəndə ki, poçtumuz gəlmir, işığımızı kəsirlər, maaşımızı ala bilmirik, ərzaq...yoxdur... Nə desəniz yaxşıdır? “Sizə şad xəbər vermək istəyirəm. Bakıya beş min erməni qayıdıb...” Elə o qaytardığınız ermənilər sonralar çox faciələr törətdilər. Bakıda da, Azərbaycanın hər guşəsində də. Elə o qaytardığınız ermənilərin gücüylə Volski Qarabağ dağlarında daşnak hökumətini möhkəmlətdi, faciələr faciələrə calandı, yerdə də qan töküldü, göydə də. Azərbaycanlılar doğma Qarabağdan ölüm təhdidi ilə qovuldular, isti ocaqlarından didərgin düşdülər, 13-15 yanvar hadisələrinin ertəsi günü isə öz əlinizlə törətdiyiniz cinayətlərə siyasi qiymət verməyə cumdunuz, büronuzun qərarını çıxarıb, bütün günahları o zavallıların üstünə yıxdınız. Bu qərarı çıxarmaqda əsas məqsədiniz yeni cinayət törətmək idi: yerli əhali ilə qaçqınlar arasında nifaq salmaq, qardaş qırğını törətmək. Bu yolla “şanlı” ordunun şəhərə girməsinə ­“ciddi” bəhanə tapmaq.

Bakıdan qaçmağınız isə... gülməli nağıllara oxşayır: yanvarın 18-dən 27-dək “heç nə yadınızda deyil, yanvarın 18-də günorta xəbər veriblər ki, “Politbüro” Sizi işdən kənarlaşdırıb, diplomatik “karyera”nızın davamı üçün XİN-nə dəvət eləyib.

Axşam saat 11-in yarısınadək MK-da olubsunuz.

Sonra... “heç nə yadınızda deyil”.

Yanvarın 27-də ayılıbsınız. Moskvada, ayrı məmləkətdə, aydın deyil, bəlkə də ayrı şəhərdə? Yoxsa ağır stress keçiribsiniz, şok vəziyyətinə düşübsünüz. Vəzifədən ayrıldığınız, yoxsa əlinizlə törədilən soyqırımı üzündən? O da aydın deyil. Bəs doğmalarınız, dostlarınız da Bakıdan nə vaxt, necə aparıldığınızı Sizə söyləmədilər? Görürsünüzmü, yuxulu nağıllar kimidir, gülməli nağılların qəmli sonluğutək. Ən qatı cinayətkarlar da, içlərində zərrə qədər qeyrət, namus hissi varsa, xalq məhkəməsində günahlarını etiraf edirlər, törətdiklərini açıb-ağardırlar. O dəhşətli soyqırımından sonra günahlarının yüzdə birini boynuna almayasan, milyonlarla tamaşaçıya üz tutub deyəsən: necə getdiyim yadımda deyil, yanvarın 18-də yatıb, 27-də oyanmışam. “Moy narod” ifadəsi səmimiyyətlə deyiləndə “mənim evim”, “mənim ocağım”, “mənim oğul-uşağım” kimi səslənir və bundan uca and yeri yoxdur. Belə ağ yalanları, multiplikasiya filmləri qəhrəmanlarının gülməcələrini xatırladan “monoloqunuzu” dinləyəndə fikirləşirsən: ulu tarixi boyu heç kəsi aldatmayan, düz sözü, düz əhdi müqəddəs sanan, qılınc qabağında da xəyanət eləməyən, mərdliyi qoca Şərqi heyrətləndirən bu qeyrətli millət doğrudanmı Sizin xalqınızdır?

 

* * *

Qorbaçov Sizi gecəyarı Pakistandan gətirdib, Azərbaycana rəhbər təyin edəndə, həqiqətən, ağır vaxtlar başlamışdı. Amma məni bir məsələ çox düşündürür: iyirmi il respublikadan ayrılmış, arada gəlib bir şəhərə rəhbərlik eləyə bilməyən adam nəyə arxalanıb, hansı prinsipləri əsas götürüb elə ağır yükün altına girdi? Əsas məqsədiniz nəydi? Qarabağ uydurmasının aşkarlanmasımı? Yoxsa qaçqınlar problemi? Bəlkə iqtisadiyyat? Yox. Siz, əslində, nə Qarabağın qorunmasıyla məşğul oldunuz, nə qaçqınlarla, nə də iqtisadiyyatın inkişafıyla. Gündə bir tezis atıb meydana - arxasında gizləndiniz: qoz ağacı əkmək, kompyüterləşdirmək, hamam tikmək. Bəs Qarabağ? Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsini kim yaratdı Azərbaycanın bu dilbər guşəsində? Erməninin əlini sıxan bu canişini kim SSRİ-nin xalq deputatı elədi? Bu gün deyə bilərsinizmi, onun seçilməsinin təşkili üçün həmin dairəyə düşən azərbaycanlılar yaşayan rayonların, kəndlərin rəhbərlərinə xüsusi tapşırıq verməyibsiniz? Bəs Balayanın? Bu seçkidə Sizin barmağınız yoxdur? Bəs seçkiqabağı bir qrup adamınızı həmin dairəyə – azərbaycanlılar yaşayan məntəqələrə niyə göndərmişdiniz? Qarabağla, qaçqınlarla, respublikanın başqa problemləriylə ciddi “məşğul olan” rəhbər iyirmi ayda yüzlərlə nomenklatur işçisini işdən çıxarmağa necə macal tapa bildi? Axı o qədər adamı da təyin etmək lazım idi. Siz bu adamların fəaliyyətini, şəxsiyyətini harda öyrənmişdiz? (İşdən çıxarılanıarın da, yeni təyin edilənlərin də.) Harada, haçan? Hindistanda, Nepalda, Pakistanda işləyəndəmi? Ümumiyyətlə, məncə, kadr “siyasətinizdə” başlıca xətt yüksək vəzifələri Sizdən əvvəlki rəhbərliklər tərəfindən işdən qovulmuş adamlara (özləri yaşamırsa, onların uşaqlarına və ya yaxın adamlarına), özü də ağına-bozuna baxmadan paylamaq, kimlərdənsə qisas almaq, köhnəli-təzəli korrupsiya yaratmaqdan başqa bir şey deyildi.

Ölkə rəhbərləri hansı halda, hansı şəraitdə Vətəndən qaçırlar görəsən? Düşmən ordusu ölkəyə girəndən neçə gün, neçə saat qabaq? Və tarix boyu başqa belə bir dəhşətli fakt qeydə alınıbmı? Müxalifətlə görüşlərinizdən çox dəm vurursunuz, o söhbətlərdə əsas məqsədiniz nəydi, xalq hərəkatını parçalamaqmı? 1988 - ci ilin noyabr-dekabr hərəkatında biz bunun şahidi olduq, necə dəhşətli böhtanlar yayırdılar meydana, çadırlara. Aclıq elan edən gənclərin “saatda” ayaqyoluna neçə kərə “getdiklərini” də “saymışdınız” və bunu Siz özünüz televiziya ilə aləmə car çəkirdiniz...

Və axırıncı sözüm: bu xalqın doğrudan da Yer boyda ürəyi var; torpaq kimi səbri var, izin verib Siz müqəddəs Şəhidlər xiyabanına ayaq basıbsınız. Görəsən, heç olmasa orada, əbədiyyətin zülmü ayaqladığı torpaqda içinizin lap dərin guşəsinində ağlasığmaz cinayətlərinizi, bağışlanmaz günahlarınızı xatırladınızmı?

“Yeni fikir” qəzeti,

23 yanvar 1992-ci il

 


P.S.: ŞƏR QAZANI

Açıq məktubun yazıldığı, çap olunduğu zamandan 27 ildən artıq vaxt keçib. Yazılmasına səbəb 20 Yanvarın ikinci ildönümündən sonra ilk dəfə televiziya ekranında görünərək bu açıq ittihamda göstərildiyi kimi, absurd, ağlabatmaz fikirlər söyləməyiniz idi. Narahat ovqatla yazılmış o sətirlər o illərdə çox oxundu, sonralar kitablarıma daxil edildi. Artıq bu müsibətin mahiyyətini, Siz başda olmaqla günahkarlarının adlarını, ünvanlarını tarix özü açıb və açır. Haçansa açıq məktubu qəzetdə yenidən dərc etdirəcəyimi (özü də sözardıyla) ağlıma gəlməzdi, əgər yeni cəfəngiyat – “Paxlava Production” internet televiziyasında saat yarımlıq şərlər, yalanlar, böhtanlar, lap başlıcası, xalqımıza, yumşaq desək - hörmətsizlik deyimləri ilə doldurulmuş yeni müsahibəniz peyda olmasaydı.

Heç dəyişməyibsiniz, azı, 27 il bundan qabaqkı ovqatınızdasınız – “Lenin komsomolunda” işləməyinizlə fəxr edirsiniz, siyasi ideologiyalı dövlətin xiffətini çəkirsiniz, eliniz Fuzulini hələ də “Karyagin” sayırsınız. Siyasi Büronun “məlum” üzvlərindən fərqli olaraq Sov.İKP üzvü biletini atmadığınızı, ömrünüz boyu saxlayacağınızı, axırda arxivə təhvil verəcəyinizi fəxrlə bəyan edirsiniz.

Lap təəccüblüsü budur ki, otuz ildən artıq davam edən torpaqlarımızın düşmən tərəfindən zəbtinin “səbəblərini” işğalçı ölkədə hakimiyyət uğrunda gedən mübarizədə görürsünüz.

Özünüzə bəraət qazandırmaq üçün kimə desən, şər atırsınız, yalan danışırsınız, hamıya məlum olan adi faktları təhrif edirsiniz. 20 aylıq “hakimiyyətiniz” dövründə də belə çalışırdınız. Açıq məktubdan az sonra çap olunmuş “Əgər səlahiyyətin yoxsa...” adlı müsahibəmdən sətirlər düşür yadıma: “Milli dünyagörüşün, özünüdərk proseslərinin ritmini pozmaq, xüsusilə, Azadlıq hərəkatını təxribatlar yolu ilə boğmaq üçün...Vəzirov... kimi rəhbər lazım idi.  Moskvaya belə kadr... gərəkdi! Bu rəhbər... Moskvanın siyasətini üç istiqamətdə aparırdı... Birincisi - çalışırdı ki, nəyin bahasına olursa-olsun, Qorbaçovun və onun antiazərbaycan, daşnakpərəst siyasətinin iç üzünü bilən Heydər Əliyevin reytinqini aşağı salsın, onu böyük siyasət meydanına yaxın buraxmasınlar. Qorbaçovun Siyasi Büro yoldaşı imperiya üçün niyə belə təhlükəliydi? Ona görə ki, siyasi çevikliyi, zəngin təcrübəsi, güclü məntiqi ilə o illərin Siyasi Bürosunda fərqlənən bu dərin zəkalı adam ciddi çətinliklər şəraitində özünü yenidən göstərər, hadisələri başqa səmtə yönəldə bilərdi. Bütün hallarda Qarabağ ermənilərə verilməz, sərhədlərimiz pozulmazdı. İkincisi, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Qorbaçovla, Yeltsinlə... üzbəüz oturub onları susdura bilər, beynəlxalq aləmdə ifşa eliyərdi. Və o da təsadüfi deyil ki, böyük siyasətdən zorla uzaqlaşdırılmış Heydər Əliyev Brejnev - Qorbaçov Siyasi Bürosunun ilk üzvüdür ki, son imperatorun iç üzünü neçə il bundan qabaq açıb (Liqaçov və başqaları hələ indi-indi açırlar).

Üçüncüsü, real, böyük qüvvə olan Xalq hərəkatını nəyin bahasına olursa olsun parçalamaq, nüfuzdan salmaq, hərəkatla Heydər Əliyev qarşıdurmasını təşkil etmək, yaxud “eyniləşdirmək” (daha çox eyniləşdirirdilər). Sov. İKP MK-da Vəzirov yayırdı ki, guya, Əbülfəz Əliyev Heydər Əliyevin əmisi oğludur... Qarşıdurmada da, eyniləşdirmədə də məqsəd hər ikisini zəiflətmək, xalqın gözündən salmaq idi. Bacarmadılar. Təkrar edirəm : Xalq müdrikdir!”

“Aydınlıq” qəzeti,

10 iyul, 1992-ci il.

Yadınızdadırsa, açıq məktubu yazanda da, bu müsahibəni verəndə də mən siyasi, ya diplomatik vəzifə daşımırdım, “Gənclik” nəşriyyatının baş redaktoruydum. Vətəndaş kimi, qəlbimin harayına dözməyib açıq məktubu, o illərin ağır problemlərindən bəhs edən digər çoxsaylı məqalələri qələmə aldım, bu mövzuda müsahibələr verirdim.

Ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımıza yeni böhtanlar atırsınız. Guya, onları Qarabağa aparmaq üçün ayırdığınız avtobusa (?) bircə nəfər də qaçqın minməyib. Mən o illərdə də yazmışam, çap olunub: Qərbi Azərbaycandan olan qaçqınların məramı Yuxarı Qarabağda yerləşmək idi. Onlar birmənalı bildirirdilər: “Biz yalnız ora getməliyik! Yarımız qırılıb, Qarabağı xilas etmək istəyirik! (Bunu özümüzün şərəfimiz, vəzifəmiz sayırıq).” Siz imkan vermədiniz. Xalq hərəkatını aşağılamaq niyyətiniz yenə də özünü gizlətmir. Hələ də qəbul edə bilmirsiniz ki, 1988-1990-cı illərdə küçələrə çıxan, meydanlara toplaşan yüz minlərlə vətəndaşımızın məramı Azadlığa qovuşmaq, Qarabağı xilas etmək və Sizin antiazərbaycan siyasətinizə son qoymaq idi.

Deyirsiniz, “əgər mitinqçilərə gündə 25 manat ödənilməsəydi, onlar hərəkatı dəstəkləməzdilər.” Mən o mitinqlərdə hər gün 3-5 saat olmuşam. Mənə də 25 manat ödənilib? Minlərlə ziyalı, tanınmış, ləyaqətli insan, qeyrətli vətəndaşlar görmüşəm orada. Onlara da ödəyiblər? Siz belə böhtanlar yağdırmaqla bütün xalqımızı təhqir edirsiniz.

Köhnə absurd “tezisləriniz” yadımızdan çıxmayıb. 1969-cu ildən başlayaraq, səksəninci illərin əvvələrindək ölkəmizdə aparılmış nəhəng quruculuq işlərini hələ də “görə bilmirsiniz”. “İstintaq” filmindən söz düşməsi də Sizi ayıltmır. “Lenin komsomolunda”, diplomatiyada ən yüksək vəzifələr tutmuş yeganə azərbaycanlı olmağınızdan dəm vura-vura laqeydcəsinə bildirirsiniz ki... guya, o filmə baxmayıbsınız. Elə bir kəndli, fəhlə, sadə “Lenin komsomolçusu” tapılarmı o filmə baxmamış olsun? O filmin nəhəng ölkənin ən yüksək dəyərini – SSRİ Dövlət mükafatı alması da “birinci Lenin komsomolçusunu”, “birinci diplomatı” maraqlandırmayıb?! Bu, məsələnin bir tərəfi! Digər əsas tərəfi – 20 aylıq hakimiyyətində ölkənin məlum iki böyük regionundan olan kadrların yaxşısına, pisinə baxmadan hamısını (istər paytaxtda, istərsə də rayonlarda) ikinci, üçüncü, hətta dördüncü dərəcəli vəzifələrdən də son nəfərinədək azad edən, bu bölgələrdən olanların dövlət aparatında ən aşağı dərəcəli işçi götürülməsinə imkan verməyən şəxsin guya, özündən əvvəl mövcud olmuş “klanlardan”, “korrupsiyadan” dəm vurması çox yumşaq desək, acı gülüş doğurur.

Böyük qardaşınız M.Qorbaçov, onun həndəvərindəkilər barədə bircə kəlmə də olsun tənqidi fikir söyləməməyinizin “sirri” həm açıq məktubda, həm də sözardında var. Böyük qardaşınızın dilindən yalan söyləməyiniz də məni təəccübləndirmir: “Hələ 1985-ci ildə Qorbaçov mənə Azərbaycana rəhbərlik etməyi təkif etmişdi”. Ağ yalandır! 1985-ci ildə K.Bağırov üç ildən də az idi ki, Azərbaycana başçılıq edirdi. O dövrdə respublika rəhbərlərini belə tez dəyişmirdilər. K.Bağırovu təcili əvəzləməyə ehtiyac da yox idi. O da Qorbaçovun tapşırıqlarını yerinə yetirirdi (Sizin kimi xalqını dəhşətli qırğına verib aradan çıxmasa da). 1985-ci ildə Azərbaycana rəhbər gəlmək istəyiniz öz səbatsız, dağıdıcı, məntiqsiz “islahatlarını”, artıq hazırlanmaqda olan Qarabağ xəyanətinin “layihəsini” həyata keçirməkdə ona ciddi mane olan dahi dövlət xadimi Heydər Əliyevi böyük siyasətdən uzaqlaşdırmaq təxribatında böyük qardaşınız Qorbaçova yardımçı olmaq məqsədi daşıyırdı! Yalnız şəxsən Sizin arzunuz olub. Ermənistanın müharibəsini, 20 Yanvar müsibətini beş il qabağa salmaq üçün?

Müsahibənin sonunda 2004-cü ildə Prezident İlham Əliyevin yanında Azərbaycan ensiklopediyasının nəşri ilə bağlı keçirilmiş müşavirədən Sizə aid epizod xatırlanır. Sizin cavabınız öz “ampluanızda” – öz səviyəsizliyinizdə və dayazlığınızdadır. Prezidentin Sizi təqdimi isə zərgər dəqiqliyi ilə, düzgün, məntiqi və alternativsizdir: “Kimdir Vəzirov? Təlxək! Azərbaycanı biabır edən. Azərbaycan xalqının qanını axıdan!”.

Sözardının sonunda açıq məktubdan sətirlər düşür yadıma: “Ən qatı cinayətkarlar da içlərində zərrə qədər qeyrət, namus hissi varsa, xalq məhkəməsində günahlarını etiraf edirlər, törətdiklərini açıb-ağardırlar”...

Siz doxsan yaşın kandarında da özünüzdə bu qeyrəti, cəsarəti tapa bilmədiniz, ləyaqətsiz oldunuz.

Siz – əsgi cəmiyyətin də, bu günün də şər qazanı!

12 mart 2019-cu il

Bişkek.

 

 

13 2019 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə