Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətimiz milli kino sənətimizin inkişafında maraqlıdır

Dövlətimiz milli kino sənətimizin inkişafında maraqlıdır

Şəfiqə MƏMMƏDOVA,
Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri


Azərbaycan kinosu şərəfli inkişaf yolu keçib. Ötən il 120 illiyini qeyd etdiyimiz ­milli kino sənətimiz ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da inkişaf edib təkmilləşdi. Bu gün isə ümummilli liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev mədəniyyətin bütün sahələrinə, o cümlədən milli kinematoqrafiyanın inkişafına böyük qayğı göstərir. Son vaxtlar kino sənətimizin inkişafı, bu sahədə çalışanların sosial müdafiəsi ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamlar milli kinematoqrafiyanın yeni mərhələyə qədəm qoymasına imkan yaratmışdır. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli , eyni zamanda, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı (4 avqust 2008) sərəncamlarının icrası milli kino sənətimizin inkişafına stimul vermişdir. Bunun nəticəsidir ki, son illər dövlət sifarişi ilə çəkilmiş filmlərimiz dünyanın nüfuzlu festivallarının mükafatını qazanmışdır.

Bununla yanaşı, kinematoqrafçılarımızın sosial müdafiəsinə də dövlətimiz xüsusi dəstək göstərir. Onlara fəxri adlar verilmiş, bir çoxu Prezident təqaüdünə layiq görülmüşdür.
Bu yaxınlarda ­Prezident ­İlham Əliyev və Birinci ­vitse-prezident Mehriban xanım Əliyeva bir qrup mədəniyyət işçisi ilə görüşdü. Həmin görüşdə mən də iştirak edirdim. Çox səmərəli bir görüş oldu. Əsas bu idi ki, qaldırılan problemlərin həlli üçün Prezident yerindəcə tapşırıqlarını verirdi. 
Mən isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri kimi qurumun binası ilə bağlı məsələ qaldırdım. Dedim ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı binasızdır. Əslində, heç əvvəllər də Kinematoqrafçılar İttifaqının binası olmayıb. Hazırda azacıq da olsa, bizə dəstək kimi verilən  büdcədən ilboyu kirayə pulu ödəyirik. Fəaliyyətimizə uyğun olmayan yerdə yerləşirik. Bizə elə bir məkan verilməsini xahiş etdim ki, Kinematoqrafçılar İttifaqına layiq olsun.
Prezident tapşırıq verdi ki, Bakı şəhərinin mərkəzində gözəl bina seçilsin. Bakı Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Komitəsinə göstəriş verildi. Cənab Prezident bildirdi ki, biz bunu etməliyik. Çünki Kinematoqrafçılar İttifaqının ayrıca binası olmalıdır və şəraiti yaxşı olmalıdır.
Nizami Kino Mərkəzində bu günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri ilə keçirilən görüşdə də biz bu məsələni müzakirə etdik və cənab Prezidentə bütün kinematoqrafçılar adından məsələyə belə operativ yanaşdığına, bütövlükdə milli kinomuzun inkişafına göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildirdik. 
Dünən Prezident İlham Əliyev “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” yeni sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Azərbaycan yaradıcılıq ittifaqları və birliklərinin müraciətlərini nəzərə alaraq, onların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılsın. Bu, sərəncam yaradıcılıq ittifaqlarının və birliklərinin gələcək fəaliyyətlərini stimullaşdırmaq üçün geniş imkanlar açacaq.
Buna görə dövlət ­başçımıza bir daha öz dərin təşəkkürümüzü bildirir və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda uğurlar ­arzulayırıq.

 

Hazırladı:
 M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

 

 

13 2019 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə