Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayram ərəfəsində sevincimizə sevinc qatılıb

Bayram ərəfəsində sevincimizə sevinc qatılıb

Novruz ərəfəsində insanları sevindirmək xalqımızın qədim adətlərindəndir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması yolunda Azərbaycan Prezidentinin gördüyü işlər hamı tərəfindən razılıqla qarşılanır. Həmsöhbətlərim -- Qarabağ müharibəsi əlili və şəhid anası fərqli rayonlardan olsalar da, hər ikisi məcburi köçkündür. Onlar bayram günlərində ailə üzvlərinin sevincini bizimlə bölüşür, dövlət başçısına minnətdarlıq edirlər.

 

Bəxtiyar MƏMMƏDOV, ağdamlı məcburi köçkün, Qarabağ müharibəsi əlili:
– Dövlətimizin əsas diqqəti Azərbaycan vətəndaşının yaxşı yaşamasına yönəlib. Bunu hamı – məsul vəzifədə işləyən də, sadə peşə adamı da, sıravi sakin də görür, öz həyatlarında bu istiqamətin nəticəsini yaxından hiss edir, duyurlar. Mən Qarabağ uğrunda savaşlarda əlil olmuşam. Vətən üçün canımdan keçməyə hazıram. Müharibə olarsa, yenə hücuma keçənlərin sırasına qoşularam. Bu dövlət üçün ölməyə dəyər. O yerdə ki, sənin atdığın addımı qiymətləndirir, ona dəyər verirlər, deməli, son damla qanımızı da bu torpaq uğrunda axıtsaq, “of” deməməliyik.
Dövlət başçımızın əlillərin, məcburi köçkünlərin yaşayış tərzinə xüsusi diqqət və qayğı ilə yanaşması bizi yaşamağa daha da ruhlandırır. Məcburi köçkün kimi ötən illərdə həmişə diqqət mərkəzində olmuşuq, hara üz tutmuşuqsa, problemlərimizə öncə baxıb həll etmişlər. Məişət şəraiti normal olmayanlara ev veriblər. Prezidentimizin bu ilin əvvəlindən etibarən verdiyi tapşırıqları, imzaladığı sərəncamları hər bir məcburi köçkün kimi, mənim də ailə üzvlərim sevinclə qarşıladılar. Sosial müavinətlərin, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin, əlillərə ödənilən vəsaitin artırılmasına sevinməyən yoxdur. Hamı bu sərəncamların bəxş etdiyi gözəl ovqatla yaşayır. Bu əziz günlərdə hamımız dövlətimizin başçısına duaçıyıq. 

Adilə BAYRAMOVA, Qubadlıdan məcburi köçkün, şəhid anası:
– El-obamızı yağı düşmənə qoyub gələndə taleyimizin necə olacağını bilmirdik. Elliklə yığışan köçə qoşulduq. Biz necə əziyyətlər çəkdik, hansı əzablara düçar olduq, Allah şahiddir. Oğlum Səlahəddin şəhid oldu. Adımıza köçkün dedilər. Məni şəhid anası çağırdılar. Çox çətinliklərdən keçdik. Nə yaxşı ki, biz məcburi köçkünlərin sığındığı dövlət və onun başçısı belə humanist, qayğıkeş, dərdə yanan oldu. Allah onu qorusun. Bizi bir an diqqətdən kənarda qoymadı. Məcburi köçkünlərdən neçə ailəyə artıq Sumqayıtda hər cür şəraiti olan gözəl mənzillər verilib.
Şəhid ailələrinə hər ay Prezident təqaüdü ödənilir və onun məbləği 242 manatdan 300 manata qaldırılıb. Eyni zamanda, bizim əmək pensiyamıza əlavə vəsait hesablanır. Uşaqlarımız ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. İl ərzində dövlət vəsaiti hesabına sanator-kurort və istirahət göndərişləri verilir. Şəhid vərəsələrinə ödənilən 11 min manat bizim ailəyə də veriləcək. Üstəlik, məcburi köçkün ailələrinin hər bir üzvünə vahid aylıq müavinətin miqdarı 60 manata qaldırılıb. Dolanışığımızdan şikayətim yoxdur. Yeganə arzumuz torpaqların işğaldan azad edildiyi günü görməkdir. İnşaallah, Prezidentimizin səyləri nəticəsində əsarətdə qalan torpaqlarımız kimi, Qubadlımız da azad edilər, şəhidlərimizin ruhu sevinər, biz də köçümüzü yığıb doğma yurda dönərik.

 

Hazırladı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

13 2019 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 17:53
Əfqanıstanda partlayış

Köhnə versiyamızdan xəbərləri izlə