Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan diasporu – dünən və bu gün

Azərbaycan diasporu –  dünən və bu gün

Azərbaycan diasporu inkişafının elə bir mərhələsinə çatmışdır ki, bu da qəlbi Vətən eşqi ilə döyünən hər bir soydaşımızı sabaha ruhlandırır, gələcəyə ümidləndirir. Çünki diaspor qürbətdə millətin və dövlətin təbii müdafiəçisi, ölkə həqiqətlərinin canlı ruporudur. 

Bir neçə gün bundan əvvəl Fransada bir qrup erməni təxribatçısı Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstərib. Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı keçirdiyi tədbirə görə “San-Eustache” kilsəsinə bir qrup erməni basqın edib. Təxribatçılar qışqıraraq kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər. Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin mərasimə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti ermənilərə öz etirazlarını bildirərək təxribatçılardan kilsədən çıxmalarını tələb ediblər. Yalnız Fransa polisinin müdaxiləsindən sonra 20 nəfərdən ibarət erməni təxribatçı kilsədən kənarlaşdırılıb. 
Deməli, vəziyyət o həddə çatmışdır ki, artıq erməni dərnəkləri həmişəki təxribatlarının xəritəsini bir az da genişləndirərək kilsələrə, xristianların müqəddəs məkanlarına nüfuz etməyə başlayıblar. Bu, bir daha onu göstərir ki, ən qədim xristian etnos adına iddia edən ermənilər hələ də siyasi və ərazi intriqalarını kilsəyə yönəltməkdən nəinki çəkinmir, əksinə, şovinist ambisiyaları naminə ehtiram göstərilən, müqəddəs bilinən ibadətgahlara da basqın edirlər. 
Onu da xatırlatmaq lazımdır ki, bu, ermənilərin ilk təxribatı deyil, sadəcə son illər onların dünyanın müxtəlif ölkələrində, o cümlədən, Qərbi Avropada bizə qarşı belə aqressiv addımlar atmaqlarının səbəbi artıq Azərbaycan diasporunun əvvəlki illərdən fərqli olaraq kifayət qədər güclənməsi və hədəfə toxunan planlı, məqsədyönlü təşkilati tədbirlər həyata keçirməsidir. İndi demək olar ki, hər il qan yaddaşımızla bağlı günlərdə Avropanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların fəal, ictimailəşmiş kəsimi bir araya gələrək izdihamlı aksiyalar, piketlər, elmi və kütləvi tədbirlər keçirərək vətəndaşı olduğu ölkələrin yerli əhalisini Azərbaycan həqiqətləri ilə məlumatlandırırlar. Elə təkcə bu il Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş izdihamlı mitinqin keçirilməsi yumşaq desək, erməniləri təşvişə salıb. Aksiya Avropanın Azərbaycan diasporu birlikləri tərəfindən təşkil edilmişdi. Mitinqdə mindən çox insan iştirak edərək Ermənistanın cinayətkar əməllərini pisləmişdir. Bundan əlavə, ABŞ-ın İllinoy ştatının ən böyük ali təhsil müəssisələrindən olan Şimal-Şərqi İllinoy Universitetində Azərbaycanlı Amerikan İcması tərəfindən təşkil olunan Xocalı qətliamının anım tədbiri, Londonda, Dubayda, Praqada, Madriddə, Tbilisidə, hətta uzaq Efiopiyada və digər ölkələrdə XX əsrin sonunda törədilmiş azərbaycanlıların soyqırımına silsilə tədbirlərin həsr edilməsi şübhəsiz ki, antiazərbaycan şəbəkəsinin başında duran qüvvələrə, o cümlədən erməni lobbisinin xoşuna gəlmir. Burada xüsusilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təbliğatı əhəmiyyətli dərəcədə hiss olunur və həqiqətlərimizin dünyaya çatdırılmasında vacib rol oynayır. 
Məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib. Hətta ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Nəticədə bu kimi tədbirlərin miqyası genişləndikcə, erməni vandalizmi təbliğ olunduqca, Ermənistanın siyasi hakimiyyətində uzun müddət təmsil olunmuş şəxslərin ağır cinayətlərdə birbaşa iştirakı daha çox yayıldıqca düşmən ölkənin və lobbisinin özləri haqqında yaratdığı “məzlum millət” imici sarsılır. Əksinə, onların uzun müddət gizlətməyə çalışdıqları mənfi keyfiyyətləri– qəddar, zalım və işğalçı görkəmləri formalaşır. Məhz buna görə də, erməni diaspor və lobbi təşkilatları hər vəchlə Azərbaycan dövlətinin və diaspor təşkilatlarının təşkil etmək istədiyi tədbirlərin baş tutmaması üçün əllərindən gələni edirlər. 
Bütün bunlar bir daha onu göstərir ki, son illər azərbaycanlılar arasında milli identifik amillərin güclənməsi, dövlətimizin diaspor təşkilatlarının birgə, mobil olaraq çalışması üçün dəstəyini göstərməsi öz bəhrəsini verməkdədir. Lakin diasporumuzun təşkilatlanması heç də asan başa gəlməmişdir. Bu günədək xaricdə yaşayan azərbaycanlılar uzun və keşməkeşli yol keçmişlər. 

Cümhuriyyətdən sonra

 Məlum olduğu kimi, 1920-ci il aprelin 28-də bolşevik ordusu Azərbaycanın müstəqilliyini qəsb etdi. Bununla, 23 aylıq fəaliyyəti ilə xalqımızın tarixində silinməz izlər qoyan milli hökumətimiz devrildi. Cümhuriyyət qurucularının bir qismi həbsxanaya salındı, bir qismi sui-qəsdə məruz qaldı, digər bir hissəsi isə təqiblərə məruz qalaraq ölkəni tərk etmək məcburiyyətində qaldılar. Cümhuriyyət parlamentində qəbul olunmuş ən mühüm qərarlardan biri də 1919-cu ilin sentyabrın 1-də xaricdə təhsil almaq üçün 100 tələbənin seçilməsi və göndərilməsi idi. Lakin sovet hakimiyyəti qurulan kimi xarici ölkələrdə mütəxəssis olmaq üçün göndərilən gənclərə dövlət təqaüdünü dayandırdı. Onların çoxu geri dönəcəyi təqdirdə həbs təhlükəsini nəzərə alaraq bir daha qayıtmadı. Bundan əlavə, Bakıdan siyasi təqiblər ucbatından gedən mühacilərimiz də dünyanın müxtəlf ölkələrində qərarlaşaraq Azərbaycan diasporunun lokomativi rolunu oynamağa başladılar. Cümhuriyyətin baniləri və milli ideoloqlarımız başda M.Ə. Rəsulzadə olmaqla Ə. Topçubaşov, Ə. Ağayev, N. Şeyxzamanlı, M.Y. Cəfərov, Ş. Rüstəmbəyli, C. Şıxlinski, C. Kazımbəyli və digər vətənsevər ziyalılar məskunlaşdıqları ölkələrdə diasporumuzu formalaşdırdılar. Milli təfəkkürlü, təəssübkeş ruhlu bu ziyalılarımız qürbətdə Vətən həsrəti ilə yaşasalar da, Azərbaycan adını, tarixini, ədəbiyyatını, dilini, mənəvi dəyərlərini olduqları hər yerdə təbliğ etməyə qərar verdilər. Dəfələrlə qurultaylar, toplantılar keçirdilər. Azərbaycan adına jurnallar, qəzetlər çıxardılar, kitablar yazdılar, radiolarda çıxışlar etdilər. Bir sözlə ömürlərinin axırına qədər Azərbaycan davası apardılar. Bütün bunlar sovet hakimiyyətinin və kəşfiyyatının disidentlərin kabusuna çevrildiyi vaxtlarında həyata keçirilirdi. Adı çəkilən liderlərimizin övladları da, sonralar bu müqəddəs irsi davam etdirərək, Vətən naminə təqdirəlayiq işlər gördülər. Bütün bunlar 1920-ci illərdən sonra xaricdə məskunlaşan azərbaycanlılar arasında milli bağların tamamilə yoxa çıxmasının, assimilyasiyasının qarşısını xeyli dərəcədə aldı. Nə az, nə çox-- düz 71 il sovet təbliğat maşını milli ideoloqlarımızın fəaliyyətini unutdura bilmədi. 1991-ci ildən sonra isə Azərbaycan xalqı öz övladlarının xatirəsini birdəfəlik əbədilləşdirdi. 

 Diasporun spontan inkişafı 

 Azərbaycanda sovet hakimiyyətinin milli məsələlərdə soyuq, bir çox hallarda isə qəti olaraq əks siyasətinə baxmayaraq ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu 1969-1982-ci illərdə xaricdə təhsil almaq üçün seçilmiş gənclərin göndərilməsi normaya çevrilmişdi. Azərbaycanlıların bir-birinin ətrafında sıx birləşməsi üçün bu siyasət önəmli rol oynayırdı. Lakin diasporun açıq formada inkişaf etməyə başlaması müstəqilliyimizin bərpasından sonra tam mümkün oldu. Bu, xaricdə fəaliyyət göstərən milli düşərgələrlə sıx təmasda inkişafa doğru dönüş nöqtəsinə çevrildi. Belə ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları müzakirə edildi. Ümummilli liderin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan diasporunun tarixində yeni mərhələ başlandı. 
 5 iyul 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalandı. 2008-ci ildə isə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu. Prezident İlham Əliyevin çıxışında “Mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm” fikrini qətiyyətlə deməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın heç də tək olmadığının, dövlətimizin timsalında ən böyük dəstəkçilərinin olduğunu sübut etdi. 
Hazırda xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatımız mövcuddur. Bu qədər təşkilatın bir-biri ilə əlaqələndirilməsi kimi çətin bir missiyanı Avropanın və digər ölkələrin birləşmiş diaspor qurumları ilə yanaşı, Azərbaycanın əlaqədar dövlət qurumları da həyata keçirirlər. Xarici siyasət prioritetlərimizin önə çəkilməsində diasporun güclü olması mühüm amildir. Bu baxımdan, Diasporla İş Üzrə Dövlət Komitəsinin payına böyük məsuliyyət düşür. 
Doğrudur, Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsində strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Ştatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Onu da qeyd edək ki, artıq Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlər sırasındadır və yeni fəaliyyət proqramları çərçivəsində atılan addımların müvafiq nəticələrinin təhlili göstərir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, effektiv iş mərhələsinin başlandığını etiraf edir. 
 Lakin Azərbaycanın gərgin geostrateji mövqedə yerləşməsi, müharibə və münaqişə vəziyyətində olmağımız, ölkəmizə qarşı qara piar aparan qüvvələrin daim aktiv olması, xaricdə məskunlaşan həmvətənlərimiz arasında qırılmaz milli-ideoloji bağların tam olmaması həm bu sahə ilə bağlı ictimai təşkilatların, həm də əlaqədar dövlət qurumlarının üzərinə daha böyük vəzifələr qoyur. Bir sözlə görülən işlər çox olsa da, görüləcək işlər də yetərincədir. Qloballaşmanın milli ənənələri sıradan çıxardığı bir dövrdə soydaşlarımızın yaşadıqları ölkələrdə assimilyasiyaya məruz qalması deyil, inteqrasiya etməsi günün aktual məsələsidir. Xaricdə yaşayan soydaşlarımız arasında ana dilinin qorunması, yaşadılması vacib şərtlərdən biridir. Məsələn, bu yaxınlarda İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib. Fransanın Nant şəhərində də belə bir tədris ocağının açılması planlaşdırılır. Paralel olaraq, komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda bir dəfə “Vətən uzaqda deyil” adlı veriliş yayımlanması və həmin verilişdə xaricdə yaşayan soydaşlarımızla müsahibələr, həyata keçirilən layihələr barədə videoreportajlar və s. yer alması soydaşlarımızla rabitənin artırılmasında mühüm rol oynayır. 
Mətbuatımızda diaspor mövzularına geniş yer ayrılır. Fəaliyyətdə olan əsas KİV-in demək olar ki, hamısı diaspor mövzusuna geniş yer ayırır, diaspor rəhbərlərinin, üzvlərinin gördükləri işlər mütəmadi işıqlandırılır. Ayrıca olaraq Diaspor TV onlayn televiziyasının fəaliyyətini də bura əlavə etmək lazımdır. Bu yaxınlarda Diaspor-FM radiosu da artıq test yayımına başlayıb. Bütün bunlar Azərbaycanda ictimai və dövlət institutlarının diaspor və lobbiçiliyin inkişafına mühüm vaxt və diqqət ayırdığını göstərir. Dövlət də, vətəndaşlarımız da yaxşı dərk edirlər ki, milli məsələlərdə həmrəylik nümayiş etdirmək varlığımız üçün həyati əhəmiyyət daşıyır və bu proses yalnız güclü təşkilatlanma ilə reallaşa bilər. 
Beləliklə, Azərbaycan diasporunun keçmişinə və bugününə nəzər saldıqda nə qədər məzmunlu bir yol keçdiyi aydın görünür. Burada onu da etiraf etmək lazımdır ki, diasporumuz heç vaxt indiki qədər güclü, təşkilatlanmış, düzgün koordinasiya olunan formada və gücdə olmamışdır. Deməli, diasporun güclü olması üçün milli özünüdərk, vətənpərvərlik hissi ilə yanaşı, həm də dövlətin müstəqil xarici siyasət yeritməsi əsas şərtdir. Azərbaycan diasporunun son illər bu qədər şaxələnməsi, dirçəlməsinin də arxasında şübhəsiz ki, güclü Azərbaycan dövləti dayanır. 

 

Anar TURAN, 
“Xalq qəzeti”

 


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

13 2019 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 17:53
Əfqanıstanda partlayış

Köhnə versiyamızdan xəbərləri izlə