Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanı məğlubiyyətə sürükləyən strateji taktika

Ermənistanı məğlubiyyətə sürükləyən strateji taktika

Geosiyasi reallıqların siyasi şərtləri çətinləşdirdiyi dünyada ölkələrarası münasibətlər cəbhələşmə dövrünə qədəm qoyub. ABŞ-ın timsalında Qərb, Rusiya–Çin ikiliyinin timsalında Şərq cəbhəsi, o cümlədən, bu cəbhələrin hər birinin öz içində bölünməsi, daim dəyişən maraqlar və siyasi şərait dünyanı xaos burulğanına salıb. Beynəlxalq ekspertlərin də təsdiqlədiyi kimi, qlobal arenada faktiki olaraq I Dünya müharibəsindən öncəki vəziyyət yaranıb. Bu mənzərədə milli maraqlarını qorumaqla bütün cəbhələrlə eyni məsafəni saxlamaq və bərabərhüquqlu münasibətlər qurmaq çətindir: ölkələr bəzən milli maraqlarını qurban verməli olsalar belə, bu cəbhələr arasında mütləq şəkildə seçim etmək məcburiyyətində qalırlar. Çünki geosiyasi şərtlər bunu tələb edir. Lakin Azərbaycanın uğurla öz xalqının mənafeyini üstün tutaraq apardığı balanslı xarici siyasət seçim etmədən bütün cəbhələrə eyni məsafədə dayanmağın və milli maraqlar kontekstində hərəkət etməyin mümkün olduğunu təsdiqləyir.

Azərbaycanın xarici siyasətini iki istiqamət üzrə xarakterizə etmək olar: Balans siyasəti və hücum diplomatiyası. Əslində, bunlar bir-birinə bağlı, biri digərinin davamıdır.
Balans siyasəti: Heç bir geosiyasi cəbhədə yer almadan bütün tərəflərlə qarşılıqlı əlaqələr qurmaq, region ölkələri ilə mehriban münasibətlərə dayanan bərabərhüquqlu əməkdaşlıq etmək. Bu, Azərbaycana hücum diplomatiyasını uğurla həyata keçirmək üçün etibarlı tərəfdaşlar qazandırır. 
Hücum diplomatiyası: Ermənistanı bütün cəbhələrdə sıxışdırmaq, işğalçının “nəfəsliklərini” bağlamaq və təslim olmağa məcbur etmək.
Prezident İlham Əliyevin apardığı bu siyasət türk dövlətlərinin sınaqdan çıxmış “Aypara” (Qurd Qapanı da deyilir. Nadir şah, Alp Arslan, Sultan Süleyman və digər türk sərkərdələri bu taktikadan uğurlu istifadə etmişlər) hərbi taktikasının döyüşün cəbhədə deyil, masa üzərində aparıldığı bugünkü şərtlərdə müasir diplomatiyaya uğurla köçürülməsidir. Düşmən bütün tərəflərdən mühasirəyə alınır və zərərsizləşirilir. 
Balans siyasəti və hücum diplomatiyasına əsaslanan bu strateji taktika bölgədə yeni reallığın yaranması ilə nəticələnib: Bütün ölkələrlə bərabərhüquqlu faydalı əməkdaşlıq quran və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən güclü Azərbaycan və ənənəvi tərəfdaşlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər burulğanında boğulan Ermənistan. Regionun yeni reallığı belədir və bu, Azərbaycan liderinin illərdir apardığı tarixi strateji taktikaya söykənən siyasətinin nəticəsidir.
Azərbaycan bu gün bölgədə qarşılıqlı əməkdaşlığın müəllifi və birləşdirici güc rolunda çıxış edir. Rəsmi Bakının həyata keçirdiyi qlobal iqtisadi layihələr və təşəbbüskarı – iştirakçısı olduğu əməkdaşlıq formatları bütün bölgənin inkişafında həyati əhəmiyyət kəsb edir. Bu layihələrin bir neçəsinə diqqət yetirək:
Cənub Qaz Dəhlizi: Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bu layihə üç hissədən – Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərindən (TAP) ibarətdir. Boru kəmərləri Azərbaycan qazının Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çıxaracaq. Gələcəkdə təbii qaz İtaliyadan “Köhnə qitə”nin digər ölkələrinə paylanacaq. Bu layihə boru kəmərinin keçdiyi bütün ölkələrə siyasi və iqtisadi divident gətirəcək. 
Bakı–Tbilisi–Qars dəmir yolu xətti (BTQ): 2017-ci ildə istifadəyə verilən, Asiya ilə Avropanın nəqliyyat şəbəkəsinin birləşdirilməsində ilk mərhələ olan BTQ iki qitə arasında ən qısa və etibarlı yoldur. Bu yol, ümumilikdə, Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilib. İştirakçı ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşunun artmasına, əməkdaşlığın dərinləşməsinə təkan verən bu layihə bölgənin sabitliyi və təhlükəsizliyinin qorunmasında da mühüm əhəmiyyət kəsb edir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi: Bu dəhliz Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Layihənin başa çatdırılması istiqamətində işlər davam etdirilir, bununla yanaşı, “Şimal-Cənub” və Bakı–Tbilisi–Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə Çindən Avropaya qədər uzanan marşrutu təmin edəcək.
Regionun inkişafına təkan verən bu və digər layihələr Azərbaycanın müəllifliyi və iştirakı ilə həyata keçirilir. Təbii ki, iqtisadi əlaqələr siyasi münasibətlərə də sirayət edir və rəsmi Bakının təşəbbüsləri ilə bu gün regionda formalaşan Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Rusiya kimi əməkdaşlıq formatları buna nümunədir. Bu gün Bakı-Moskva, Bakı-Tehran, o cümlədən, Bakı-Ankara, Bakı-Tbilisi xəttində müşahidə olunan münasibətlər bunu əyani şəkildə göstərir.
Azərbaycan-Rusiya: Bakı və Moskva arasındakı münasibətlər hər iki ölkə liderinin şəxsi dostluq münasibətləri və qarşılıqlı maraqlar fonunda inkişaf edir. Xüsusilə regionda Rusiyanın ənənəvi müttəfiqi Ermənistanın davranışları da Moskvanın Cənubi Qafqaz siyasətini yenidən gözdən keçirməsini şərtləndirdi. Diqqətçəkən əsas məqam isə Rusiyanın bir çox məsələdə Azərbaycanla hesablaşması, Bakının maraqlarına toxunacaq hərəkətlərdən çəkinməsidir. Burada Azərbaycan liderinin siyasi çəkisinin ağırlığı da mühüm amildir. 2018-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin ümumilikdə 6 dəfə bir araya gəlməsi, aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini göstərir. 
Azərbaycan-İran: Bakı və Tehran arasında da münasibətlər inkişaf edir. Azərbaycanın İrana qarşı təcrid siyasətinə qoşulmaması, bütün dövrlərdə qonşuluq münasibətlərini əsas götürməsi iki ölkə arasında qarşılıqlı etibarı gücləndirir. Azərbaycan və İran hazırda “Şimal-Cənub” layihəsində birgə yer almaqla yanaşı, iki ölkə arasında bir sıra mühüm layihələri həyata keçirir, iqtisadi-siyasi əlaqələri də inkişaf etdirir. Misal üçün, iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə 16, 2018-ci ildə isə 73 faiz artıb. Ötən il İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı da ikitərəfli əlaqələrin inkişafına təkan verən mühüm sənədlər imzalanıb. Bu münasibətlər İranın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə səbəb olur.
Azərbaycan-Türkiyə: Bakı və Ankara arasında münasibətlər qardaşlıq bağları ilə qurulub. Azərbaycan müstəqillik illərində Türkiyə ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail oldu, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da intensivləşməsi ulu öndər Heydər Əliyevin məşhur “bir millət, iki dövlət” deyiminə yeni məzmun gətirdi. Prezident İlham Əliyevin “XXI əsr türklərin əsridir” sözlərini yəqin ki, hər kəs xatırlayır. Bu gün türk dünyasının bütövləşməsi, bir yumruq kimi eyni hədəfə vurması fonunda bu sözlər təsadüfi deyil. O da təsadüfi deyil ki, hazırda türk dünyasının əsas aparıcı gücü məhz Azərbaycan və Türkiyədir. Bu iki gücün, iki ölkənin arasında uçurumlar yaratmaq cəhdlərinin uzaq mənzilli hədəflərində türk dünyasının birləşə bilməməsi faktoru olduğu da unudulmamalıdır. Zaman-zaman bu həmlələr olub, lakin nəticə etibarilə hər iki dövlət Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi, Heydər Əliyevin müasir siyasi tarixə damğasını vuran və düşmənlərin sevmədiyi “Bir millət, iki dövlət” sözləri heç vaxt ikinci plana keçməyib. Bu dövlətlərin liderlərinin qardaşlıq münasibətləri iki ölkə münasibətlərində dəyişməz prioritetlər yaradır: Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz; Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın yaxşı və pis günlərində həmişə yanındadır...
Bu prioritetlər ikitərəfli münasibətlərin bütün sferalarında öz əksini tapır.
Azərbaycan-Gürcüstan: Bakı və Tbilisi münasibətləri strateji tərəfdaşlığa söykənir. Təsadüfi deyil ki, Azərbaycanın müəllifi olduğu bütün qlobal layihələrin əsas iştirakçılarından biri Gürcüstandır. Bu gün Cənubi Qafqazın əsas güc mərkəzi olan Azərbaycan qonşu Gürcüstanın iqtisadi, hərbi və təhlükəsizliyinin əsas qarantı rolunda çıxış edir. Bu, Tbilisinin Dağlıq Qarabağ məsələsində, o cümlədən, Azərbaycanın işğalçı ölkəyə qarşı apardığı blokada siyasətində Bakının yanında yer almasını təmin edir. 
Region ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan Uzaq Şərqdə Çin, Uzaq Qərbdə ABŞ daxil olmaqla bütün ölkələrlə də qarşılıqlı etibara əsaslanan əlaqələr qurub. O cümlədən, Avropa İttifaqı və üzv ölkələrlə strateji tərəfdaşlıqlar yaradılır.
Rəsmi Bakının bütün bölgədə diplomatik manevrləri regionda Azərbaycanın aparıcı qüvvəyə çevrildiyi, işğalçı Ermənistanın isə küncə sıxışdırıldığı reallığını yaradıb. Prezident İlham Əliyevin müəllifi olduğu bu reallıq Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günü daha da yaxınlaşdırır.
Azərbaycan lideri bütün ölkələrlə strateji əlaqələr qurmaqla ölkəmizi siyasi gücə çevirir, işğalçı Ermənistanın bütün yollarını bağlayan manevrlər edir və qədim türk taktikasını müasir siyasətə transfer edərək, düşməni tədricən məğlubiyyətə uğradır. Bu strateji taktika Ermənistan üzərində artıq bir dəfə öz gücünü göstərdi: Azərbaycanın uğurlu təcrid siyasəti işğalçı Ermənistanda 20 illik hərbi xunta yaradan rejimin hakimiyyətdən məhrum edilməsinə, bu ölkənin iqtisadi və siyasi sisteminin çökməsinə səbəb oldu. Şübhəsizdir ki, işğal davam etdiyi müddətdə Ermənistanın yeni hakimiyyətini də sələflərinin taleyi gözləyir. 
Regionun yeni reallığında işğalçı Ermənistanın yeni hakimiyyətinin də çətin vəziyyətə düşməsi çox çəkmədi. Küçədən siyasətə gələn Nikol Paşinyanın diplomatik təcrübəsizliyi Ermənistanı region ölkələrinin hədəfinə çevirdi. 1 Mart məsələsi, rus hərbi bazalarının bağlanması tələbləri, erməni ictimaiyyətində rusofobiyanın artması İrəvanı Moskvanın qəzəbinə tuş gətirdi. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistana ilk zərbəni endirdi, ardınca təbii qazın qiymətini artırdı, həmçinin, bir sıra iqtisadi layihələri təxirə saldı. Bunlar Rusiyanın Ermənistana qarşı müşahidə olunan ilk hücumlarıdır. Regionda təcridlə üzləşən Ermənistan Rusiyadan sonra ikinci “nəfəslik” hesab etdiyi İrandan da zərbələr alır. Xüsusilə Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın İrana qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Tehranı qapılarını İrəvanın üzünə bağlamağa vadar edib.
Ermənistanın regionda bu vəziyyətə düşməsinin başlıca səbəbi isə təbii ki, Azərbaycanın balanslı siyasəti və hücum diplomatiyasını özündə birləşdirən strateji taktikasıdır. Bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə zəmin yaradıb.

 

Asif Nərimanlı, 
“Xalq qəzeti”

 


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

13 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə