Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədalətli hakim, istedadlı yazıçı, səmimi insan

Ənvər Seyidov – 70

Ədalətli hakim, istedadlı yazıçı, səmimi insan

Ölkənin tanınmış və nüfuzlu hakimlərindən biri olan Ənvər Seyidov haqqında yubiley məqaləsini yazmaq mənim üçün şərəfli olduğu qədər də çətindir. Ona görə çətindir ki, onunla yoldaşlığımın və dostluğumun tarixi artıq 50 ili keçmişdir. Uzun illərdir ki, bir-birimizi yaxından tanıyıb qəbul edə-edə böyük və şərəfli bir yol keçmişik. Bu illərdə o, mənim gözümün qarşısında daim zirvəyə doğru ucalmış, özünü bir şəxsiyyət kimi təsdiqləmiş, müdrikləşmiş və ağsaqqallaşmışdır. Bu illər ərzində mən onun öz xalqına, Vətəninə, dostlarına, ulu öndər Heydər Əliyevin ölməz siyasi kursuna, dövlətimizə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin uğurla apardığı siyasətə qəlbən bağlı və son dərəcə sədaqətli olduğunu müşahidə etmiş və fədakar bir vətəndaş olduğuna tam inanmışam. O, təkcə mənim üçün yox, bizim tay-tuşlarımız, həmkarlarımız üçün də, bizim üçün də həmişə bir örnək və nümunə olmuşdur. Ənvər müəllimin ömür yolu olduqca şərəfli və rəngarəng çalarlarla zəngindir. O, ölkədə ən qətiyyətli və ədalətli hakimlərdən biridir. 

Gənclik illərimizdə uğrunda mübarizə apardığımız dəyərlər, amallar haqqında arzu və istəklərimiz barədə danışar və bu məqsədlərə doğru gedərdik. Mən həm prokuror, həm də alim olmaq istədiyimi dilə gətirərkən Ənvər müəllim isə ədalətli hakim və müdrik alim olacağını bəyan edərdi. 
Atalar demişkən, “Niyyətin hara, mənzilin də ora”. O, ilk dəfə ölkəmizin füsunkar guşəsi olan Zaqatalada hakim kimi fəaliyyətə başladı. Sonra isə Cəlilabad rayonunda fəaliyyətini davam etdirdi. Cəlilabad Rayon Məhkəməsinin sədri kimi çətin və məsuliyyətli bir vəzifəni şərəflə yerinə yetirməyi bacardı. 
Ənvər Seyidovun təcrübəsi, peşəkarlığı, səriştəsi yüksək qiymətləndirilərək, o, müstəqilliyin ilk illərində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə seçildi. Elə həmin vaxtdan da o, mütəşəkkil, ağır və bir çox təhlükəli cinayət işlərinə baxarkən özünü ədalətli və vicdanlı bir hakim və həssas insan kimi tanıtmışdır. Tale elə gətirib ki, bir çox ölkə əhəmiyyətli cinayət işlərinə mən – dövlət ittihamçısı – prokuror, Ənvər müəllim isə hakim kimi günlərlə, bəzən də aylarla baxaraq, ədalətli qərarlar qəbul edilməsinə nail olmuş, sübutları zərgər dəqiqliyi ilə araşdırmışıq. Ölkəmizin dövlət müstəqilliyinə qarşı OMON-un törətdiyi qəddar cinayətlərə, “İslam partiyasının dini ekstremist və separatçı” rəhbərlərinin cinayət işlərinə birgə baxaraq ədalətli hökmlər çıxarmışıq. 
Ənvər müəllim məhkəmə sistemində aparılmış köklü islahatlar və struktur dəyişiklikləri ilə bağlı olaraq, artıq xeyli vaxtdır ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi kimi səmərəli fəaliyyətini davam etdirməkdədir. Bununla belə, qeyd edilməsi zəruridir ki, müstəqilliyimizin ilk illərində, hələ Milli Məclisin 31 mart 1995-ci il 1010 nömrəli qərarı ilə ona “Birinci ixtisas dərəcəli hakim” adı verilmiş və bu şərəfli adı o, indi də qürurla daşıyır. 
Qeyd etdiyim kimi, Ənvər müəllimin həyat yolu zəngin və rəngarəngdir. O, təkcə hakim kimi deyil, həm də ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətləri olan görkəmli bir hüquqşünas alim və təşkilatçıdır. Müstəqilliyimizin ilk illərində, ən çətin və məsuliyyətli bir dövrdə-1994-1999-cu illərdə Ənvər müəllim Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü, təftiş qrupunun rəhbəri kimi, ölkənin seçki sisteminin köklü islahatlarında demokratik, şəffaf seçki sisteminin formalaşmasında və ədalətli seçkilərin keçirilməsində səmərəli təşkilatçılıq fəaliyyəti göstərmiş və dəfələrlə mükafatlandırılmışdır. Məhz belə mürəkkəb bir dövrdə ölkə rəhbərliyi seçkinin çətin və məsuliyyətli olduğunu nəzərə alaraq, ona seçki komissiyasının üzvü, təftiş qrupunun rəhbəri kimi böyük etimad göstərmiş, o isə bu etimadı tam doğrultmuşdur. 
Ənvər müəllimin fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, o, istedadlı yazıçıdır. Çətin və mürəkkəb işlərin məhkəmə prosesini ustalıqla idarə etməklə yanaşı, həm də bir yazıçı kimi onların bədii inikasını təmin etmək üçün hakimliyi və bədii yaradıcılığı bir sintez olaraq, üzvü surətdə əlaqələndirir. Bununla da o, məhkəmələrin tərbiyəvi rolunun inkişafına dəyərli töhfələr verir, gənclərin mənəvi – əxlaqi və hüquqi tərbiyəsinə xüsusi diqqət yetirir. 
Ənvər müəllimin romanları, povestləri daim oxucuların böyük marağına səbəb olmuş, bir çox filmlər onun ideya rəhbərliyi və məsləhəti ilə lentlərə köçürülmüş və oxucuların intizarla gözlədiyi seriallara çevrilmişdir. “Canavar balası”, “Sonuncu şahid”, “Təlatüm”, “Gürzə”, “Ünvansız eşq”, “Dələduzlar”, “Tale yolları” və başqa filmləri tamaşaçıların böyük maraqla izlədiyi televiziya filmlərindən hesab olunur. “Gürzə” filmi 2009-cu ildə ölkənin televiziya filmləri sırasında birinci dərəcəli diploma layiq görülmüşdür. 
1993–1994-cü illərdə baş verən dövlət çevrilişlərinə cəhd hadisələrinə dair çoxsaylı cinayət işlərinin məhkəmə baxışı məhz Ənvər Seyidovun sədrliyi ilə öz ədalətli həllini tapmışdır. Bu hadisələrlə bağlı həmin proseslərə rəhbərlik etmiş hakim, Məhkəmə Kollegiyasının sədri kimi baxdığı işlərin əsasında “Təlatüm” filmini ərsəyə gətirmiş və bu əsər tamaşaçıların böyük marağına səbəb olmuşdur. Hər il dövlət çevrilişinə cəhd hadisələri xatırlanarkən, bir qayda olaraq, ildə iki dəfə Ənvər müəllimin rəhbərliyi ilə çəkilmiş “Təlatüm” televiziya filmi nümayiş etdirilir. Bir sənədli – bədii film kimi televiziyanın Qızıl fondunda saxlanılır. 
“Təlatüm” romanı 2008-ci ildə görkəmli yazıçımız Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı Milli Kulturoloji Mərkəz tərəfindən keçirilən 7-ci kitab bayramında xüsusi mükafata layiq görülmüş və “İlin kitabı” nominasiyası üzrə qalib olmuşdur. 
Ənvər Seyidov bədii yaradıcılıq uğurlarına görə “Qızıl qələm”, “Qızıl qılınc”, “Rəsul Rza”, “Lermontov”, “Puşkin” və onlarca digər mükafatlara layiq görülmüşdür. “Təlatüm” və “Gürzə” romanları əsasında çoxseriyalı bədii filmlər çəkilmişdir. Bütün bunlar təsadüfi hesab oluna bilməz. Onu da deyim ki, Ənvər Seyidov cavan vaxtlarında həm də Teatr İnstitutunun tələbəsi olmuş və ssenari kursunda təhsil almışdır. Bütün bunlar onun bədii və kino yaradıcılığında müxtəlif janrlarda yazdığı əsərlərdə, kinossenarilərdə ona özünəməxsus peşəkarlıq nümayiş etdirməyə böyük yaradıcılıq imkanları yaratmışdır. Təsadüfi deyil ki, Ənvər müəllim Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvü seçilmişdir. Hələ 1997-ci ildə Əsilzadələr Məclisinin üzvü olmuş Ənvər Seyidov Azərbaycan ziyalılarının və sənət adamlarının böyük bir qisminin fəxr etdiyi Seyidbəyovlar nəslinin bu gün şərəfli davamçılarından biridir. 
Ənvər Seyidov təkcə bədii yaradıcılıqda deyil, həm də elmi-nəzəri fəaliyyətdə öz dəsti xətti ilə tanınmış hörmətli alimlərimizdən biridir. O, Rusiyanın, Ukraynanın, Belarusun və Azərbaycanın ən görkəmli hüquqşünas alimlərinin birgə rəyi ilə öz təcrübi fəaliyyətini elmi-nəzəri təlimlərlə üzvü surətdə əlaqələndirərək, “Cinayət prosesində insan hüquqlarının təminatı” məsələləri: beynəlxalq standartlar və dövlət daxili qanunvericilik” mövzusunda dövrümüz üçün son dərəcə aktual və müasir olan bir mövzuda doktorluq dissertasiyasını uğurla müdafiə edərək, yekdil rəylə hüquq elmləri doktoru elmi dərəcəsini almışdır. Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2013-cü ildə hüquq elmləri doktoru, professor elmi adı verilmişdir. O, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin iqtisadi və sosial fənlər kafedrasının professoru kimi səmərəli pedaqoji fəaliyyətlə məşğuldur. Gənc müəllimlərə hüququn əsaslarını tədris edir. Ənvər müəllim işlədiyi kollektivin, tələbələrin və müəllimlərin sevimlisi və məsləhət yeridir. Onun "Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası" (2008) və digər çoxsaylı dərslikləri tələbə və müəllimlərin stolüstü kitabları hesab olunur. 
Ənvər müəllim səmərəli elmi fəaliyyətinə görə Türkiyə Dövlətlərarası Beynəlxalq Hüquq Akademiyasının, Avropanın, Almaniyanın, Rusiyanın və bir sıra başqa ölkələrin tanınmış akademiyalarının üzvü seçilmiş və onların mükafatları ilə təltif olunmuşdur. O, səmərəli, elmi və yaradıcılıq fəaliyyətinə görə hələ 2016-cı ildə Amerikada yaşayan Azərbaycan yəhudilərinin “AZZEM” təşkilatı tərəfindən ABŞ-a – Nyu-Yorka dəvət edilmiş və mükafatlandırılmışdır. 
Ənvər Seyidov öz həyatını başqaları üçün yaşayaraq, bir örnək nümayiş etdirdiyinə, özünü mənəvi dəyərlərin təbliğinə, möhkəm ailə həyatına, dinlərarası əməkdaşlığa, beynəlxalq həmahəngliyə, kütləvi informasiya vasitələrinin və sülh mədəniyyətinin yaradılmasına həsr etdiyinə, irqi, milli və dini maneələri aşaraq, bütün yaş qruplarında olan insanların ümidlərinin yerinə yetirilməsinə verdiyi öz dəyərli töhfələrinə görə Beynəlxalq Sülh Federasiyasının, Sülh Naminə Dinlərarası və Beynəlxalq Federasiyasının “sülhməramlı səfiri” elan edilmiş və bu şərəfli adı uğurla daşımaqdadır. O, uzun illərdir ki, həmkarlar ittifaqı təşkilatının sədri olmaqla, bu sahədə də xeyirxah fəaliyyət göstərir. 
Ənvər müəllim nümunəvi ailə başçısı, fədakar atadır. Onun oğlu Fərrux Seyidov hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sektor müdüri olan Fərrux Seyidov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. O, eyni zamanda, Bakı Dövlət Universitetinin hüquq fakültəsində “ Dövlət və hüquq nəzəriyyəsi və tarixi” fənninin tədrisi ilə məşğuldur. Kiçik oğlu Mehmandar Seyidov da atasının yolunu davam etdirərək, hüquqşünas peşəsini seçmişdir. Hazırda “İctimai televiziya”da uğurla çalışır. 
Bu il martın 29-u beynəlxalq hüquq üzrə görkəmli hüquqşünas alim, professor, yaradıcı ziyalı və ədalətli hakim Ənvər Cümşüd oğlu Seyidovun 70 yaşı tamam olur. O, şərəfli ömür yolu ilə gənclərimizə bir nümunədir. Əziz dostumu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzulayıram.

 

Bəhram Zahidov, 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq elmləri doktoru 

 

 

13 2019 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə