Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt hadisələri ermənilərin planlı təxribatının tərkib hissəsi idi

Həmin dövrdə DTK-nın Sumqayıt şəhər şöbəsinin rəisi olmuş V.Lebedevin etirafları nədən soraq verir?

Sumqayıt hadisələri ermənilərin planlı təxribatının tərkib hissəsi idi

31 il öncə – 1988-ci il fevral ayının 27–29-da Sumqayıtda milli zəmində baş vermiş iğtişaşlardan çox yazılsa da, olayların əsl mahiyyəti hələ də tam açılmayıb. Təfərrüatlar aydındır, əsas faktlar və rəqəmlər məlumdur. Azərbaycan tarixinin həmin dönəminə müəyyən qədər işıq salınıb, amma hadisələrin səbəblərinin konkret şəkildə əsaslandırılmasına hələ də ehtiyac duyulur. Əməkdar jurnalist Eyruz Məmmədov 30 ildir ki, 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğul olur. Onun ssenarisi əsasında bir neçə sənədli film çəkilib, kitabları Azərbaycan, türk, rus, ingilis, alman, ispan dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılıb. Qeyd edək ki, bir neçə ildir, Eyruz Məmmədovun elektron poçtuna erməni millətçiləri tərəfindən müxtəlif səpkili təhdidedici məktublar daxil olur. Azərbaycan yazarı isə heç nədən çəkinməyərək Sumqayıt hadisələri ilə bağlı araşdırmalarını davam etdirir. 

Həmin hadisələrin bəzi əsas məqamlarını xatırladaq. İğtişaşlardan bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremisti Sumqayıta göndərilib. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər. 
Şərti olaraq “Nalyotçik” adlandırılan qrupun üzvləri fevralın 27-də küçələrə çıxaraq əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başladılar. Bu sətirlərin müəllifi şəxsən şahiddir ki, Sumqayıtın mərkəzi meydanında, bazar və univermaq ətrafında camaatı başına toplayan, əsasən meşin gödəkçələr geyinmiş bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından “yana-yana” danışırdılar. 
Əhali arasında təbliğatla kifayətlənməyən emissarlar hər cür şirnikləndirici vədlərlə, pul paylamaqla gəncləri və azyaşlıları məkrli niyyətlərinə qoşdular. Qızışdırıcı, təxribat ruhlu söhbətlər təsirsiz qalmadı. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin bəzi başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, düşmən öz işini görmüşdü.
Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 27-29-da şəhərdə hadisələr idarəolunmaz şəkil aldı. Yerli hakimiyyət özünü itirmişdi. Soyuq iliyə işləsə də, iğtişaşın qaynama şkalası kəlləçarxda idi. Şəhərin 41-ci məhəlləsində, 2-ci və 3-cü mikrorayonlarda, “Sülh” və “Dostluq” (adlara fikir verin!) küçələrində, digər yerlərdə başıpozuq dəstələr qaynaşır, ətrafa vahimə, qorxu saçırdılar. Kortəbii axın faciəli hadisələrə yol açdı. Döyülüb-söyülən, şikəst edilib-öldürülən sakinlər də oldu. Fikir verənləri təəccüb bürüyürdü ki, nə üçün milis və ordu dəstələri olayları müşahidəçi qismində izləyir, heç bir tədbir görmürlər?
Nəticədə ümumən 32 nəfər, o cümlədən 26 erməni öldürüldü, 400-dən çox insan xəsarət aldı, 200-dən artıq mənzil talan edildi, 50-dən çox mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil yandırıldı, bir sözlə, şəhərə o vaxtın qiymətləri ilə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vuruldu...
SSRİ Baş Prokurorluğu həmin cinayəti araşdırarkən 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, 400 nəfər isə 10-15 sutka təcridxanada saxlanılmışdı. Bir nəfər – Əhməd Əhmədov ölüm cəzasına məhkum olunmuşdu. Mərkəzi Televiziyanın əsas xəbər buraxılışı olan “Vremya” proqramında həmin məhkəmədən xüsusi reportaj verilməsi də xatirimizdədir. Ermənilərin təkidi ilə bu hökmü tez-tələsik Moskvada yerinə yetirmişdilər. Onu da xatırladaq ki, ziyalı ailədən olan Taleh Ismayılova da əsas təşkilatçı damğası vurularaq 15 il iş kəsilmişdi. O, cəzasını “siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərilmiş, bir il sonra orada ölmüşdü. 
Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları uzun müddət mətbuatdan gizli saxlanılıb. Məhz azərbaycanlılar hadisələrin təşkilatçısı kimi ağır cəzalar alıblar, amma təkzibedilməz faktlar və şahid ifadələri əsas “kapitan”ın iki dəfə məhkum olunmuş erməni Eduard Qriqoryan olduğunu göstərir. 
Planlı təxribatın icraçısı olan Qriqoryan “Paşa” ləqəbi ilə tanınırdı. “Krunk” cəmiyyətinin fəal üzvlərindən idi. Gözünü qan örtmüş ədabaz gizlində özünü millətinin qəhrəmanı sayırdı. Hadisələrdən öncə təlimat almaq üçün dəfələrlə Xankəndinə gedib-gəlibmiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Qanlı aksiyalarda Qriqoryan şəxsi “nümunə” göstərərək altı ermənini öldürdü, bir neçə erməni qızını zorladı. Cinayətkar qruplar onun dirijorluğu ilə hərəkət edirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə “Krunk”a üzvlük haqqı ödəməyən ermənilərin mənzilləri idi.
Məlum olub ki, Yerevandan gələn emissarlar da Sumqayıtda Paşanı təlimatlandırıb, ona pul və narkotik veriblər. Ertəsi gün isə Qriqoryan tapşırıq üzrə fəaliyyətə başlayaraq ətrafına xeyli səbatsız gənci toplayıb və bəzi əməliyyatlarda iştirak etsələr, onlara çoxlu pul verəcəyini bildirməklə talanlara, qətllərə təhrik edib. 
SSRİ DTK-sının himayə etdiyi qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı PDM-lərin altında qalaraq şəhid olub. 
Martın 1-dən Sumqayıtda komendant saatı tətbiq olunub. Yəni iş-işdən keçəndən sonra.Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini susmaqla müşayiət edib... 
Eyruz Məmmədov 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışan, hazırda təqaüddə olan və Ukraynada yaşayan polkovnik Vladimir Lebedevdən eksklüziv müsahibə almışdır. Müsahibədə Sumqayıt iğtişaşları ilə bağlı bəzi məqamlara aydınlıq gətirilir:

– Vladimir Nazaroviç, necə oldu ki, sizi Sumqayıtda baş verən məlum hadisələr dövründə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin bu şəhərdəki şöbəsinə rəhbər göndərdilər?

– Əvvəlki vəzifəm sənaye müəssisələrində milli zəmində münaqişələrin aradan qaldırılması ilə bağlı idi. O dövrdə əmək kollektivlərində konfliktlər, iğtişaşlar getdikcə artmaqda idi. Bəzilərini aradan qaldıra bilirdik. Onlara qarşı adekvat tədbirlər görülürdü. Həmin illər mən elmi iş üzərində çalışırdım. Mövzum “Millətlərarası konfliktlərin yaranması və onların daxili proseslərə təsiri” idi. Mixail Qorbaçovun hakimiyyəti illərində milli zəmində Alma-Atıda, Sumqayıtda, Fərqanədə, Vilnüsdə, Tbilisidə, Oşda, Taşlakda qanlar töküldü. Bu, SSRİ DTK-sını ciddi narahat etməyə başladı. 
Ukraynadan təcili olaraq Moskvaya çağrıldım. Orada mənə Qafqazda etno-psixoloji vəziyyətin yaranması, Azərbaycanla Ermənistan arasında olan münaqişənin tarixi, Dağlıq Qarabağ problemi haqqında materiallar verildi. Bir neçə gün onları oxudum. Bəzi məsələlər mənə aydın oldu. SSRİ DTK-sı sədrinin birinci müavini Bobkov mənə məsləhət verdi ki, Azərbaycan elitası ilə ünsiyyətə girim, onların millətçilik əhval-ruhiyyəsinin mənbəyini öyrənim. Sonra DTK-nın sədri Çebrikovla görüşdüm. O da milli məsələlərdə səriştəm olduğunu bildirib məni Sumqayıta göndərdi. Orada çoxlu rus yaşayırdı və rus millətindən olan kadrın yerləşdirilməsi düzgün olmazdı. Moskva fikirləşirdi ki, yeni təyinat sumqayıtlılarda qıcıq yaratmasın deyə, oraya başqa millətdən olan birisi göndərilməlidir. Mənsə rus deyil, ukraynalıyam, buna görə də seçim mənim üzərimdə dayandı. 

– O vaxt böyük ittifaqın təməli laxlamağa başlayırdı...

– Elədir. SSRİ-nin dağılması üçün gecə-gündüz çalışan xarici dövlətlər, ilk növbədə, millətləri üz-üzə qoymaq istəyirdilər. Etiraf etmək lazımdır ki, onlar buna nail oldular. Xarici kəşfiyyat orqanları sovetlərdə çalışan bəzi radikal qüvvələri satın alaraq, mövcud rejimə qarşı barışmaz olmağı tövsiyə edirdilər. Bunun üçün çoxlu vəsait ayrılırdı. Ermənistanda ziyalılar arasında millətçi əhval-ruhiyyəsində olanlar daha çox idi. Hətta belələrinə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində də rast gəlmək olardı. Radikal qüvvələrə, Dağlıq Qarabağda fəaliyyət göstərən millətçilərə, daşnaklara bütün təlimatlar məhz bir mərkəzdən gəlirdi: Amerikada və Fransada yaşayan erməni lobbisindən.
Təxribat erməni siyasətinin ana xəttini təşkil edir. Fikir verin, Moskvada erməni terrorçuları metronu partlatdılar. Bunu bütün SSRİ bilirdi. Lakin cinayətkarları ifşa edib ictimaiyyətə çatdırmaq qəti qadağan olunmuşdu. Terrorçulardan biri Yerevanda nəşr olunan “Pravda Armenii” qəzetinin baş redaktorunun oğlu idi. Kremldə, kəşfiyyat orqanlarında erməni millətindən olan vəzifəli şəxslər çox idi. Onlar da kimə və necə təsir etməyi yaxşı bilirdilər. Dövlət də ki, artıq korrupsiyaya qurşanmışdı. Erməni oliqarxları və xaricdə yaşayan haylar lobbisi bu işə külli miqdarda vəsait ayırmışdılar. 
Xaricdəki ermənilər 1980-ci illərin əvvəllərində Ermənistan rəhbərliyindən Dağlıq Qarabağın ilhaqı məsələsini qaldirmağı tələb edirdilər ki, gələcəkdə milli sərvətləri ələ keçirib oraya sərmayə yatırsınlar. Ermənilər Qorbaçov hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ məsələsini qaldırdılar. Məqsəd həm SSRİ-ni dağıtmaqla Qorbaçova kömək etmək, həm də Dağlıq Qarabağı Azərbaycanın tərkibindən alıb, Ermənistana qatmaq idi. Erməni oliqarxları Qarabağı özlərinin biznes mərkəzinə çevirmək və öz kapitallarını artırmaq istəyirdilər. Siz inanmazsınız, onların bu işə ayırdığı vəsait sovetlər birliyində olan hər hansı bir respublikanın illik büdcəsindən çox idi. 
Zori Balayanı Azərbaycanda yəqin ki, tanımayan yoxdur. Sovetlərin vaxtında o, “Literaturnaya qazeta”nın Ermənistan üzrə xüsusi müxbiri işləyirdi. Az-çox yazıçılıqla da məşğul idi. Qatı millətçi, şovinist, türklərə, azərbaycanlılara nifrət bəsləyən, faşist ideologiyasına qulluq edən yaramazın biridir. Onun “Ocaq” kitabı özünün təşəbbüsü ilə yazılmayıb. 1980-ci illərin əvvəllərində xarici kəşfiyyat orqanları (bu, o orqanlardır ki, orada çoxlu erməni millətindən olan nümayəndələr çalışırdı). Sovetlər birliyində, öncə Ermənistanda, öz qatı millətçiliyi və şovinistliyi ilə tanınan qələm sahibləri üzərində araşdırmalar aparandan sonra Balayanın üstündə dayandılar. Onu ABŞ-a dəvət etdilər, Mərkəzi Kəşfiyyat İdarəsində çalışan ermənilərlə görüşlər aparıldı. “Ocaq” kitabının əsas konturlarını cızıb Balayanın qarşısına qoydular və ona xeyir-dua verdilər. Kitab hazır olandan sonra ona əlavələr edildi və ABŞ-da rus dilində çap olundu. Bundan sonra Balayan tez-tez xaricdə erməni lobbisinin qonağı olurdu. Bu kitab fasilələrlə 4 dəfə çap edilib bütün dünya ictimaiyyətinə çatdırıldı. Dağlıq Qarabağ məsələsi alovlananda Zori Balayana istinad edirdilər. Əfsuslar olsun ki, həmin dövrdə Azərbaycan dövləti, onun rəhbərliyi millətçi ruhunda yazılmış bu kitaba layiqli cavab verə bilmədi. 

– Sumqayıt hadisələrinə qayıdaq. Nə üçün qüdrətli DTK, o cümlədən sovet ordusu Sumqayıtda iğtişaşların qarşısını almadı?
– Burada Ermənistanın xüsusi xidmət orqanları və daşnak partiyasının millətçi üzvləri məharətlə işlədilər. Mikrorayonda kameralar quraşdırıldı, foto çəkilişlər aparıldı. Sonra sənədli film çəkib dünya ictimaiyyətinə çatdırdılar. Həmin film hadisələrdən sonra Fransada nümayiş etdirildi. Onu da deyim ki, kameralar məsələsi elə də inandırıcı deyil, bir sözlə, təhrif olunmuş, təxribat xarakterli film idi. Biz bunun üzərində işləmişdik. Həmin dövrdə gizli və gözə çox da çarpmayan kameralar yalnız “KQB”-də vardı. Moskvadan və Bakıdan olan DTK əməkdaşları Sumqayıtda ancaq çəkilişlərlə məşğul idilər. Bu, danılmaz faktdır.
Hüquq-mühafizə orqanlarının arxiv materiallarına istinad edərək, 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrdə erməni ekstremistlərinin bir neçəsinin adını nəzərinizə çatdırmaq istəyirəm:
1. Levon Saturyan, Dağlıq Qarabağ Muxtar Vilayətinin Təklükəsizlik Komitəsinin əməkdaşı. Milli zəmində ­anti-azərbaycan təbliğatı ilə məşğul olur, millətçi qüvvələri lazım olan informasiyalarla təmin edirdi.
2. Eduard Mosesov, Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri. Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.
3. Q.Ağacanyan, Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri, Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.
4. Albert Qriqoryan, Eduard Qriqoryanın qardaşı, gənclərə narkotik paylayırdı.

1991-ci ilin yanvar ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı A.Kiçixin Moskvada nəşr olunan “Столица” jurnalında yazırdı: “Biz Sumqayıt, Uzen və Oşda qanlı hadisələrin baş verəcəyi haqqında məlumatlı idik. Bu haqda DTK-ya məlumat verdik. Onlar da Mərkəzi Komitəni xəbərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız MK-nın divarları arasında sükutla qarşılanırdı. Partiya rəhbərliyi separatçıların və cinayət dəstələrinin qarşısını almaq üçün heç nə etmədi”.
A.Məmmədov, Dövlət Təhlükəsizliyi Komitəsi Sumqayıt şəhər şöbəsi sədrinin sabiq müavini: “Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 nəfərdən ibarət bir heyət Sumqayıta gəldi. Onların Azərbaycan xalqının xeyrinə heç bir tədbir görmədiklərinin şahidi olduq, əksinə, ermənilərlə söhbətlərində onları azərbaycanlılara qarşı qızışdırırdılar. Qoşunların gözləmə mövqeyi də hamının təəccübünə səbəb olmuşdu. Məsələ isə aydın idi. Sumqayıtda təxribat törədilməli idi və törədildi”.

– Cənab Lebedev, ­bütün bunlara münasibətinizi bildirməyinizi istəyirəm.

– Mən bildiklərimi deyirəm. Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi C.Müslümzadə mitinq iştirakçılarını arxasınca dəniz kənarına aparanda bizə Azərbaycan DTK-sından xəbər verilldi ki, Moskvadan iki xüsusi qrup gəlib, onlar hadisələri lentə alacaqlar.

– Bəs, necə oldu ki, ­sonralar o lentlər yoxa çıxdı? Bizim kəşfiyyat orqanlarının arxivlərində apardığımız araşdırmalar bir nəticə vermədi.

– Görünür, bütün bunlar gizli şəkildə harasa göndərilib.

– Sumqayıtda iğtişaşların tüğyan etməsində spirtli içkilərin, narkotiklərin də rolu böyük olmuşdur. Bunu təsdiqləyirsinizmi?

– Bəli. Sumqayıtın ərzaq mağazalarına cədvələ uyğun olaraq həftədə bir dəfə araq gətirilirdi. Hadisələr ərəfəsində mağazaların birindən ticarət birliyinə zəng vurulmuşdu ki, təcili olaraq araq gətirilsin. Əvvəl buna etiraz etmişdilər. Yenidən israrla spirtli içki tələb olunmuşdu. Guya, mağazada araq qurtarıb. Biz bununla maraqlandıq və məlum oldu ki, zəng vuran da, mağaza müdiri də erməni imişlər. Onlar baza müdirinə külli miqdarda rüşvət verib, istəklərinə nail olmuşdular. Həmin günlər ermənilər Sumqayıtın bütün aptek müdirlərinə hədə-qorxu gələrək demidrol dərmanlarını əldə etmişdilər. Spirtli içki demidrolla birlikdə gənclərə paylanıldı. Səhiyyə işçiləri daha dəqiq deyə bilərlər, demidrolu spirtli içki ilə qarışdıranda təsiri adi narkotikdən də güclü olur, kişilərdə cinsi hormonları artırır.

– Eduard Qriqoryana erməni millətindən olan 6 adamı qətlə yetirdiyinə görə 12 il iş verdilər. Əhməd Əhmədovu isə Moskvada mühakimə edərək, guya, bir adamı öldürdüyünə görə, güllələnmə kəsdilər. Keçmiş “KQB” polkovniki və bir vətəndaş kimi bu hökmləri ədalətli sayırsınızmı?

– Vicdanlı adam bunu ədalətsiz sayar. Bilirsiniz, bu işdə yüksək dairələrdə marağı olan qüvvələr çox idi. Qorbaçov hakimiyyətə gələndə və siyasət əsas istiqamətdən qeyri-sosializm müstəvisinə aparıldığına görə Siyasi Büro üzvləri iki yerə bölünmüşdü. Birinci qrupa Mərkəzi Komitənin katibi Y.Liqaçov rəhbərlik edirdi. O, SSRİ-nin qorunması, milli respublikaların torpaqlarının toxunulmazlığı haqqında çıxış edirdi. İkinci qrupda Qorbaçovun “yenidənqurma” siyasətinin baş memarı sayılan, Mərkəzi Komitənin katibi A.Yakovlev idi. Qorbaçov ikinci qrupu müdafiə edirdi. Bilirsiniz ki, onun ətrafı ermənilərlə əhatə olunmuşdu. Ağanbekyan, Şahnazarov, Sitaryan və sair. Dağlıq Qarabağ məsələsində də onların rolu vardır. 
Hələ mən Raisa Qorbaçovanın Azərbaycan-Ermənistan münaqişəsində birtərəfli mövqe tutmasını demirəm. Raisanın bir tərəfi erməni, bir tərəfi isə yəhidi idi. O, Qorbaçovla Fransada olanda erməni icması ilə görüşmüş, onlara Dağlıq Qarabağla bağlı vədlər vermişdi. Bu haqda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Bobkovla söhbət edəndə, o, çiyinlərini çəkib demişdi ki, “mən hər şeyi həll etməyə səlahiyyətli deyiləm. Raisanın Mixail Sergeyeviçə təsiri böyükdür”. Onun ermənipərəst mövqeyi haqqında yüksək dairələrdə çox danışılırdı. Həm də Amerikada, Fransada erməni oliqarxları tərəfindən aldığı qiymətli bəzək əşyaları bunu sübut edirdi.

– O vaxt Sumqayıt hadisələrinin “baş qəhrəmanı” Eduard Qriqoryanı Azərbaycan təcridxanasından alıb, Stavropol vilayətinin Budyonovsk şəhərinə apardılar... 

– Bəli. Siz Sumqayıt hadisələrinin tədqiqatı ilə məğulsunuz. Bilirsiniz ki, həmin dövrdə istər Yerevanda, istər Moskvada, istərsə də xarici mətbuatda Qriqoryanla bağlı böyük bir təbliğat kampaniyası başlanmışdı. Guya, Azərbaycanda ona işgəncələr verilir və sair. Bunları bəhanə edən Kremlin rəhbərliyi hüquq-mühafizə orqanlarına tapşırdı ki, onu Rusiyaya köçürsünlər. Siz “Sumqayıtın əks-sədası” sənədli filmini çəkəndə Budyonovskda oldunuz, Qriqoryandan müsahibə aldınız. Mən də iştirak edirdim. Siz məni ona rejissorun assistenti kimi təqdim etdiniz. Bizə məlum idi ki, Qriqoryan fevral hadisələrindən əvvəl Stepanakertdə olub. Kimlərləsə görüşüb, siyahı əldə edib və sair. 
Bizi onun etitafı maraqlandırırdı. Lakin onu ­Budyonovska gətirəndə kiminləsə görüşməyi, müsahibə verməyi, həqiqəti söyləməyi qəti qadağan etmişdilər, əvəzində ona gözəl bir şərait yaratmışdılar. Siz inanmazsınız, ancaq bu, həqiqətdir. Qriqoryana ayda bir dəfə Amerikadan ərzaq və geyim əşyalarından ibarət böyük bağlama gəlirdi. Almaniyadan dərman preparatları göndərilirdi. Çünki o, vərəm idi. Bir sözlə, Qriqoryan həbsxanada yox, sanki, sanatoriyada dincəlirdi. O, indi də öz kefindədir.

– Sumqayıtda iğtişaşlar zamanı kütlə arasında qara plaşlılar görünürdülər. Bu barədə fikrinizi bilmək istərdik. 

– Bu haqda çox yazılıb. Sizin “20 il sonra” kitabınızda da bəzi qeydlər var. Sumqayıtda yerli agenturanın verdiyi məlumata görə, hadisələr ərəfəsində Yerevandan Qriqoryanın yanına iki emissar gəlmişdi. İkisi də qara plaş geyinmişdi. Bu, bir növ işarə, parol idi. Onlar uzaqdan biri-birini tanıyır, birgə hərəkət edirdilər. Biz həmin geyimlərlə çox maraqlandıq. Əlimizə şəkillər keçdi. Onları Moskvaya ekspertizaya göndərdik. Bizə belə bir məlumat verdilər ki, NKVD-nin arxivində həmin qara plaşlardan var. O plaşları 1943-cü ildə alman faşistləri onlara qulluq edən xüsusi təyinatlı ermənilərə verir və təxribat törətməyi tapşırırmışlar. Fikrimi belə bir məntiqlə yekunlaşdırmaq istəyirəm ki, ermənilər müharibə illərində sovetlərin tərəfində yox, faşistlərin tərəfində daha çox canfəşanlıq göstərmişlər... 

– Sumqayıtda 32 nəfər qətlə yetirildi. 94 nəfər məhkəmə qarşısında cavab verdi, müxtəlif cəzalara məhkum olundu. Bir nəfərə isə ölüm hökmü kəsildi. Xocalıda 600 nəfərdən çox adam qətlə yetirilsə də, bir nəfər cinayətkar belə məhkəmə qarşısında dayanmadı. Nə üçün? 

–Yuxarıda qeyd etdiyim kimi, erməni millətinin ideologiyası faşist ideologiyasından ibarətdir. Terror, qan tökmək, insanları qətlə yetirmək, başqa millətlərə qarşı nifrət hissi oyatmaq onların milli ideologiyasının əsasını təşkil edir. Dünya ictimaiyyətini aldatmaqda məharətlidirlər. Bundan əlavə, onlara havadarlıq edən beynəlxalq qurumlar da vaxtında öz sözlərini demədilər. Bu gün də ikili siyasət davam edir... 
Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin kökləri dərin və çoxşaxəlidir. Sumqayıt hadisələrinin törədilməsi də ermənilərin Azərbaycana qarşı zaman-zaman həyata keçirdikləri mənfur niyyətlərinin tərkib hissəsi olub.

 

Materialları hazırladı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 

 

 

13 2019 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə