Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri ön cəbhədəki hərbçilərimizlə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Əbülfəs Qarayev qəbuldan sonra Azərbaycan Ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkib. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış olub, əsgər kazarmasında, yeməkxanada  vəziyyəti öyrənib.

General-mayor Mayis Bərxudarov hərbçilərimizin yüksək döyüş hazırlığı haqqında məlumat verib.  Bildirib ki,  Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu hissələrimizin təchizatı ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll olunur, hərbçilərimiz işğal altındakı torpaqları azad etmək üçün veriləcək əmri yerinə yeritməyə hazırdır.

Nazir Əbülfəs Qarayev ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizi salamlayaraq bu görüşdən böyük məmnunluq duyduğunu vurğulayıb. Deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr, o cümlədən ordu quruculuğu uğurla inkişaf edir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatına daim xüsusi diqqət göstərilir.  Bu diqqət və qayğı sayəsində Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Qəhrəman hərbçilərimiz 2016-cı ilin aprelində düşmənin ön cəbhədəki təxribatına layiqincə cavab verməklə bunu bir daha nümayiş etdirdilər. Məhz həmin zəfər sayəsində işğal altındakı torpaqlarımızın bir hissəsi, Lələtəpə yüksəkliyi, digər strateji yüksəkliklər düşməndən azad edildi, Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurduna qayıtdı. Vurğulandı ki, yenidən qurulan Cocuq Mərcanlı Qarabağ müharibəsində gələcək zəfərlərimizin müjdəsidir.

Nazir qeyd edib  ki, bu gün biz bütün sahələrdə, bütün cəbhələrdə düşmənlə mübarizə aparırıq. İşğalçı Ermənistan təkcə torpaqlarımızı deyil, tariximizi, mədəniyyətimizi, musiqimizi, milli mətbəximizi də hədəfə alıb. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Bu gün mədəniyyət sahəsində çalışan insanlarımız da düşmənin irsimizə, tariximizə qarşı bəd əməllərinə, düşmənin məkrinə qarşı mübarizə aparırlar. Tarixi-mədəni irsimizi, mədəni dəyərlərimizi düşməndən qorumaq keçmişimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.

Nazir hərbçilərimizə yeni zəfərlər arzulayaraq Ali Baş Komandan rəhbərliyi ilə, əsgər və zabitlərimizin əzmi, qəhrəmanlığı sayəsində bütün torpaqlarımızın düşməndən azad olunacağına inamını ifadə edib.

Sonda hərbçilərə kitablar, film izləmək üçün ləvazimatlar, milli filmlərin diskləri hədiyyə olunub.

Nazir mətbuata  açıqlamasında vurğulayıb ki, qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib: “Mədəniyyət sahəsində işin təkmilləşdirilməsi, mədəni abidələrin qorunması və digər məsələlərlə bağlı müraciətlər oldu. Burada qaldırılan bütün məsələlər öz həllini tapacaq”.

Diqqətə çatdırılıb ki, kənddə müxtəlif tədbirlərin təşkil olunmasında mədəniyyət işçiləri də daha yaxından iştirak edirlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Mart 2019 11:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə