Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyana Günnüt xatırlatması: Sarkisyanın xələfinin ilk hərbi məğlubiyyəti

Paşinyana Günnüt xatırlatması: Sarkisyanın xələfinin ilk hərbi məğlubiyyəti

Hakimiyyət çevrilişi məzmun və mahiyyət etibarilə Ermənistana heç bir yenilik gətirmədi. Səfil durumda olan, dərin sosial-iqtisadi böhran keçirən işğalçı ölkə əvvəlki mövqeyindən əl çəkmədi. Baş nazir postunu ələ keçirən Nikol Paşinyan sələflərindən miras qalan forpost öhdəliklərini yerinə yetirməyə, Rusiya ilə Qərb arasında var-gəl etməyə və əvvəlkitək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqları ölü nöqtədə saxlamaq üçün Azərbaycana qarşı sərsəm bəyanatlar verməyə davam dedi. 

Ermənistanın müdafiə naziri David Tonoyanın verdiyi isterik bəyanat bu baxımdan diqqəti cəlb edir. Hərbi sahədə ixtisaslı kadr olmayan, mülki əsaslarla müdafiə naziri vəzifəsinə təyin olunan D.Tonoyanın Ermənistan ordusunun hücum mövqeyinə keçid etməsi ilə bağlı növbəti sərsəmləməsi, həqiqətən də, Azərbaycan Müdafiə Nazirliyinin cavab bəyanatında qeyd etdiyi kimi, sırf qeyri - peşəkarlıqla bağlı olan məsələdir. Ermənistan ictimaiyyətində Aprel döyüşlərindən sonra yaranmış böyük ruh düşkünlüyünü bununla unutdurmaq, orduya inamı qaytarmaq, guya, yeni səhifə açmaq istəyən D.Tonoyana Azərbaycan Müdafiə Nazirliyinin Günnüt əməliyyatı xatırlatması heç də təsadüfi sayıla bilməz. Çünki Serj Sarkisyan hakimiyyəti dövründə baş verən və rejim dəyişikliyinə gətirib çıxaran Aprel döyüşlərindən fərqli olaraq Günnüt əməliyyatı yaxın tarixə məhz Paşinyan iqtidarının ilk hərbi məğlubiyyəti kimi daxil olub.
Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin, Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq: “Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir”.
Vurğulanıb ki, Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonoyan özü etiraf edib: “Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb-keçmək, hətta onunla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur”.
Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Ermənistan rəsmilərinin belə ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil: “Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqları azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirib”.
Qeyd olunub ki, Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir: “2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum Aprel hadisələrinin baş verməsinə gətirib”.
Bildirilib ki, erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar almasını beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir.
Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin nümayəndəsi, özünü “prezident müşaviri” adlandıran Tiqran Abramyan da soydaşından heç də geridə qalmadığını, həm də onun təxribat xarakterli bəyanatları İrəvandan ümumi tapşırıqların verildiyini nümayiş etdirir. T.Abramyan qoşunların təmas xəttində hazırkı durumu şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində, guya, qeyri-stabillik yarada biləcək fəaliyyət göstərdiyini iddia edib.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev T.Abramyana cavabında qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur: “Tiqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istərdim ki, münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin təmsilçilərinin dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuledilməz haldır”.
T.Gəncəliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı T.Abramyanın səsləndirdiyi təxribat xarakterli fikirlər və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münaqişənin birdəfəlik sülh yolu ilə həllində maraqlı olmadığını göstərir: “Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə verdikti bir daha təsdiq edir ki, qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər”.
Məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Bakıda yüksək səviyyədə Tonoyana xatırladılmalıdır ki, əgər özünün dediyi kimi, o, Ermənistanın iqtisadi və demoqrafik imkanlarının Azərbaycandan geri qaldığını etiraf edirsə, müharibənin nəticəsini də buna uyğun hesablamalıdır: “Tonoyana deyilməlidir ki, siz 2 milyonsuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda 1990-ların xaos illərinə getməsin, bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəydən, yəni haradan mümkündürsə, zərbələr endiriləcək. Siz hansısa istiqamətdən hücuma keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən hücum edəcəyik. Əks-hücumlar total xarakter daşıyacaq. Budəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq”.
E.Şahinoğlunun sözlərinə görə, Tonoyan da anlayır ki, Azərbaycan milyardlarla dollara silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq: “Bunun qarşılığında əlacsız qalan Tonoyan yalnız bunu deyir: “Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək”. Miqdara üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur. Ermənistanı qurtaran Rusiyanın peşkəş verdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu, ikibaşlı ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu xatırladır”.
Bütün bunların ardınca Ermənistan baş nazirinin İrana səfər etməsi, orada ermənilərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə uyğun olmayan bəyanatlar səsləndirməsi, qeyri-konstruktiv mövqeyini nümayiş etdirməsi Azərbaycana qarşı təxribatın mərkəzində kimin dayandığını ortaya qoyub. Paşinyan Tehranda deyib ki, “mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır”.
Paşinyan Azərbaycan 
Prezidenti İlham Əliyevlə keçirdiyi iki görüşdən nəticə çıxmadığını belə izah edib: “Danışıqlarda nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin”. 
Paşinyan Tehrandakı çıxışında müharibə ehtimalına da toxunub: “Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini görəcək”.
Politoloq E.Şahinoğlu hesab edir ki, bu adam danışıqlara hazır deyil: “Paşinyan az qala qışqırır ki, “məndən əl çəkin”. Belə isə boş danışıqlarda vaxt itirməyin mənası varmı? Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik. O, bizi dünyada yaşayan ermənilərin bir yumruq kimi işğal altındakı torpaqları “müdafiə” edəcəyi ilə qorxutmağa çalışır. Halbuki, mövcud durumu ondan yaxşı bilən eks-prezident Robert Koçaryan bu yaxınlarda deyib ki, Qarabağda müharibə gedəndə xaricdə yaşayan ermənilərdən barmaqla sayılacaq qədər könüllü gəlmişdi”.
Politoloq qeyd edib ki, İranda “Qarabağ Ermənistanındır. Son” şüarının səslənməsinə şərait yaradılırsa, Tehranda, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə “Qarabağ Azərbaycanındır. Vəssalam” şüarının da səslənməsinə böyük ehtiyac var.
Proseslərin gedişatı isə onu deməyə əsas verir ki, cənub azərbaycanlıları İran rejiminin bu hərəkətlərinə göz yummaq fikrində deyillər. Paşinyanın Tehran səfərindən, burada verdiyi bəyanatlardan hiddətlənən soydaşlarımız öz etirazlarını səsləndirir, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir, bu istiqamətdə ciddi kampaniya aparmağa başlayırlar.
Təsadüfi deyil ki, Paşinyanın Tehranda ermənilərlə görüşdüyü “Ararat” idman-sağlamlıq kompleksinin ön divarında azərbaycanlıların bu iyrəncliklərə etirazı öz əksini tapıb. Soydaşlarımız həmin binaya “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” yazaraq, Təbrizin “Traktor” klubu ilə İsfahanın “Sepahan” klubu arasında keçirilən futbol qarşılaşmasında “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirməklə Ermənistana və onun havadarlarına öz hiddətlərini ifadə ediblər.
Bütün bunlar onu deməyə əsas verir ki, işğalçı ölkə ilə yaxınlıq heç bir dövlətə yaxşı heç nə vəd etmir. Əksinə, münaqişə ilə bağlı beynəlxalq hüquq və ədalətə zidd addımların atılmasının həmin dövlətlərə qarşı Qərb dövlətləri və ABŞ-ın sanksiya siyasətinə qoşulmayan, hərtərəfli dəstəyini əsirgəməyən Azərbaycanla münasibətlərə xələl gətirir. Əvəzində yaxın və uzaq gələcəkdə heç bir ciddi perspektiv vəd etməyən Ermənistanla əlaqələrdə maraqlı tərəf kimi özünü göstərir, daxili narazılıqları daha da artırır.
Əlbəttə ki, bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyinə təsir edə bilməz. Lakin işğal siyasətinə görə regional layihələrdən təcrid olunan, ağır iqtisadi vəziyyətdə olan, orduya diqqət ayıra bilməyən Ermənistanın əvvəlki hakimiyyəti kimi Paşinyan iqtidarı da destruktiv mövqeyindən əl çəkməsə, oxşar aqibətlə üzləşəcəyi heç kimdə şübhə doğurmur.

 

Nəriman HƏSƏNOV


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 

 

 

12 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə