Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musa Salam oğlu Məmmədov

Musa Salam oğlu Məmmədov

Azərbaycanın aqrar sektoruna ağır itki üz vermişdir. 
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, birinci müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədri 
(1984-1989), iqtisad elmləri doktoru, respublikanın Əməkdar aqronomu, Dövlət mükafatı laureatı Musa Salam oğlu Məmmədov 1932-ci il iyulun 15-də Qəbələ rayonunda qulluqçu ailəsində anadan olmuşdur. O, 1948-ci ildə Qəbələ orta məktəbini, 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini əla qiymətlərlə bitirib aspiranturaya daxil olmuşdur. 
1956-cı ildə dissertasiyanı müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almış, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim və dosent, institutun tədris-təcrübə təsərrüfatının direktoru, prorektor vəzifələrində işləmişdir. 
1964-cü ildən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 1970-ci ildən nazir müavini, “Azərkəndkimya” Elm-İstehsalat Birliyinin sədri, 1984-cü ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986-cı ildən sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri olmuş, 1989-2001-ci illər Respublika Meşə Təsərrüfatı İstehsalat Birliyinin sədri, 2004-2017-ci illərdə isə Baş nazirin müşaviri vəzifələrində çalışmışdır.
Azərbaycan SSR Ali Sovetinin (X-XII çağırış) deputatı olmuşdur. Kənd təsərrüfatının və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin və monoqrafiyanın müəllifi olmuşdur. 
Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, iki dəfə “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunmuşdur. 2 dəfə Respublika Ali Sovetinin Fəxri fərmanı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iki qızıl, iki gümüş və bürünc medalları ilə, iki dəfə sərginin Fəxri diplomları, Elm və Texnika üzrə Dövlət mükafatı laureatı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il  24 iyun sərəncamı ilə Musa Salam oğlu Məmmədova Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü verilmişdir. 
Ölkəmizdə aqrar islahatların həyata keçirilməsində, sahənin inkişafı məqsədilə strategiya və konsepsiyaların hazırlanmasında, yüksək ixtisaslı kadr hazırlığında bilavasitə iştirak etməklə mühüm töhfələr vermişdir. 
Respublikanın Əməkdar aqronomu, səmimi insan Musa Salam oğlu Məmmədovun  xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı diləklərini çatdırır, səbr diləyirlər.
 

Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin kollektivi 

12 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə