Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli alim və elm təşkilatçısı

Görkəmli alim və elm təşkilatçısı

Son günlər iqtisad elminin və təhsilinin tanınmış nümayəndələri, vaxtı ilə onunla birlikdə işləmiş alimlər akademik, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, Şöhrət və Şərəf ordenli Asəf Abbasqulu oğlu Nadirovun anadan olmasının 90-cı ildönümünü böyük hörmət və ehtiramla yad edirlər. Bu da təsadüfi deyil. Asəf Nadirov bizim namizədlik dissertasiyasında elmi rəhbərimiz, doktorluq dissertasiyasında məsləhətçimiz olmuşdur. 50 ildən çox müddətdə biz onunla sıx əməkdaşlıq şəraitində işləmişik. O, bizim çox dəyərli məsləhətçimiz və elmdə düzgün yol göstərənimiz olmuşdur. Bütün bu 50 illik birgə fəaliyyət dövründə Asəf Nadirov bizim yaddaşımızda Azərbaycan milli iqtisad elminin formalaşması və inkişafında müstəsna xidmətləri olan görkəmli tədqiqatçı alim, elm təşkilatçısı, öz vətənini dərin məhəbbətlə sevən, onun nailliyyətlərinə sevinən, problemləri üçün narahatlıq keçirən görkəmli alim, gözəl ailə başçısı və həmkarlarının, həmmüəlliflərin əməyinə hörmətlə yanaşan tərəf müqabili kimi qalmışdır.

Asəf Nadirov 1929-cu il martın 
13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Abbasqulu Nadirov dövrünün pak əməllərilə tanınmış və yüksək insani keyfiyyətlərilə onu tanıyanların dərin hörmətini qazanmış ziyalılarından biri idi. O, bu keyfiyyətləri öz övladlarına da aşılamışdı.
A.Nadirov 1946-cı ildə orta məktəbi, 1951-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) müvəffəqiyyətlə bitirmişdir. Təhsil əlaçısı olduğunu, nümunəvi tərbiyəsini, əxlaqi keyfiyyətini nəzərə alaraq universitet rəhbərliyi onu assisent vəzifəsində saxlamışdır. Lakin respublikanın rəhbər orqanlarının təklifi ilə o, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin aparatına, inzibati-ərazi bölgüsü məsələləri üzrə məsləhətçi kimi məsul vəzifəyə irəli çəkilir. Bu müddətdə Asəf müəllim Azərbaycan regionlarının iqtisadiyyatı ilə daha yaxından tanış olur və onun regional iqtisadi tədqiqatlara marağı artır. 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına daxil olur və təhsilini davam etdirmək üçün SSRİ EA-nın aspiranturasına ezam olunur. Dünya şöhrətli alimlərin çalışdığı bu elm mərkəzi, sözün əsil mənasında, A. Nadirov üçün bir məktəb olmuş, onun dünyagörüşünün formalaşmasında və gələcək elmi fəaliyyətinin istiqamətlərinin müəyyən edilməsində müstəsna rol oynamışdır. 
1956-cı ildə A. Nadirov SSRİ EA-da namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. 1957-ci ildə isə taleyini həmişəlik Azərbaycan EA-na və xüsusən onun İqtisadiyyat İnstitutuna bağlayır. Asəf müəllim hansı vəzifə tutmasından asılı olmayaraq daim bu instituta, xüsusən özünün təşkil etdiyi İctimai istehsalın yerləşməsi şöbəsinə sadiq qalmışdır. Fasiləsiz olaraq özünün elmi fəaliyyətini bu şöbənin fəaliyyətilə sıx əlaqələndirmişdir.
A. Nadirovun elmi fəaliyyəti və yaradıcılığı haqqında danışarkən belə bir mühüm cəhəti nəzərə almaq lazımdır ki, onun həyat və yaradıcılıq tarixi akademiyanın iqtisadiyyat bölməsi yarandığı vaxtdan 2014-cü ilə qədər bu elm məbədinin iqtisad elminin yaranma və inkişafının maraqlı, əhəmiyyətli tarixi ilə üst-üstə düşür və onu əks etdirir.
1940-cı illərin sonu və 50-ci illərin birinci yarısında Azərbaycan Elmlər Akademiyasından bir qrup gənc Moskva şəhərinə məqsədli aspiranturaya göndərilmişdir. Akademik Əhməd Mahmudov, professorlar Mədət Allahverdiyev, Balaca Əbdürrəhmanov və digərləri müvəffəqiyyətlə dissertasiya müdafiə etdikdən sonra İqtisadiyyat İnstitutuna qayıtmış, özlərinin fədakar əməyini, Tanrının onlara bəxş etdiyi istedadları ilə birləşdirərək Azərbaycan milli iqtisad elminin formalaşması və inkişafına, elmi dərəcəsi olan kadr hazırlığına böyük töhfələr vermişlər. Bu alimlər içərisində akademik Asəf Nadirov özünəməxsus xüsusi və şərəfli bir yer tutur. 
O, Azərbaycan regionşünaslıq məktəbinin yaradıcısı, Azərbaycan sənayesinin inkişafı və yerləşməsinin ən böyük tədqiqatçısıdır. Akademik 600-ə yaxın müxtəlif həcmli əsərlərində, o cümlədən çoxsaylı monoqrafiya, kitab və dərsliklərində ifadə olunan yaradıcılığı olduqca çoxcəhətli və orijinaldır.
Asəf Nadirov tədqiq etdiyi problemlərə qeyri-standart yanaşması ilə fərqlənirdi. Mübaliğəsiz demək olar ki, Asəf müəllim keçmiş SSRİ məkanında müttəfiq respublikaların əraziləri daxilində məhsuldar qüvvələrin səmərəli yerləşməsi kimi çox mühüm sosial-iqtisadi problemin ilk əsaslı tədqiqatçılarından biridir. 
Asəf müəllimin tədqiqatının problemləri və istiqamətləri mərhələ-mərhələ dəyiş-mişdir. Bu baxımdan onun yaradıcılığını bir-birini qarşılıqlı surətdə tamamlayan dörd mərhələyə bölmək olar. Birinci mərhələ 1952-1957-ci illəri əhatə edir. Bu mərhələdə onun yaradıcılığı əsasən dissertasiyasının mövzusu ilə əlaqədar olmuşdur. İkinci mərhələ 1957-1969-cu illəri əhatə edir. Bu mərhələdə onun tədqiqat mövzusu əsasən sənayenin inkişafı və yerləşməsilə əlaqədar olsa da, məhsuldar qüvvələrin yerləşməsi, şəhərlərin inkişafı, ərazi-istehsal kompleksinin formalaşması, iqtisadi–coğrafi rayonlaşdırma kimi problemlərin tədqiqinə də mühüm yer verilmişdir.
Üçüncü mərhələdə onun “Azərbaycanda sənayenin səmərəli yerləşməsinin iqtisadi problemləri” (Bakı, Elm-1976) fundamental əsəri nəşr olunur. Bu kitab o zaman elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş və ilin mühüm nailiyyəti kimi SSRİ Elmlər Akademiyasının illik hesabatına daxil edilmişdir. 
Asəf müəllimin bir çox əsərləri, xüsusilə “Azərbaycanda sənayenin səmərəli yerləşməsinin iqtisadi problemləri” (1976), “Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri” (2002), “Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və cəlbedicidir” (2011) kimi çoxsaylı monoqrafik əsərləri bu gün də oxucular, mütəxəssislər tərəfindən rəğbətlə qarşılanır.
Asəf Nadirovun yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətləri vardır. O, 20 ilə yaxın AMEA-nın İqtisadiyyat İnstitutunda doktorluq dissertasiyaları müdafiə şurasının sədr müavini və sədri olmuşdur. Bilavasitə onun rəhbərliyi ilə 50-ə qədər elmlər namizədi və elmlər doktoru müdafiə etmişdir. Asəf Nadirovun 10 ildən çox Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü kimi elmi kadrların hazırlanması işində fəal iştirak etmişdir.
Asəf müəllim respublikada elmi-tədqiqat işlərinin təşkilində və idarə olunmasında böyük xidmətlər göstərmişdir. O, AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri (1958-1964), elmi işlər üzrə direktor müavini (1964-1981), AMEA-nın Rəyasət Heyətinin Baş Elmi katibi və akademik-katibi (1981-1997) vəzifələrində çalışmış, akademiyanın Rəyasət Heyətinin üzvü olmuşdur. Alim həmişə Azərbaycan elmini çoxsaylı beynəlxalq forumlarda yüksək səviyyədə təmsil etmişdir. O, Almaniya, Fransa, ÇXR, Türkiyə, Hindistan, Yunanıstan, keçmiş Yuqoslaviya, İran İslam Respublikası, Bolqarıstan və s. ölkələrdə, habelə keçmiş SSRİ məkanında keçirilən ümumittifaq əhəmiyyətli konfrans və simpoziumlarda məruzələr etmiş, bir çox hallarda isə iclaslarda həmsədr kimi fəaliyyət göstərmişdir.
 

 

Əli NURİYEV, 
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru

 

Tapdıq HƏSƏNOV, 
Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, Əməkdar müəllim, coğrafiya elmləri doktoru, professor

12 2019 22:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə