Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tbilisidə Mirzə Fətəli Axundovun xatirəsi anılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi və mütəfəkkiri Mirzə Fətəli Axundovun vəfatının 141-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutub. “Mirzə Fətəli Axundov və Tiflis” adlı tədbirdə azərbaycanlı gənclər və ziyalılar iştirak ediblər.

Tədbirdə dramaturq haqqında müxtəlif dillərdə nəşr olunmuş kitablar, onun və ailə üzvlərinin portret və fotoları sərgilənib.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbir işitrakçılarına yazıçının həyat və yaradıcılığı barədə məlumat verib. O bildirib ki, M.F.Axundov 66 illik ömrünün 44 ilini Tbilisidə yaşayıb.  L.Əliyeva xatırladıb ki, Tbilisidə M.F.Axundovun adına küçə var və şəhərdəki 73 saylı Azərbaycan dilli məktəb də onun adını daşıyır.

Muzey direktorunun sözlərinə görə, böyük ədibin bütün əsərləri gürcü dilinə tərcümə olunub və yaxın zamanlarda həmin əsərlərin yer aldığı kitab işıq üzü görəcək.

Tədbir çərçivəsində rejissor Ramiz Həsənoğlunun M.F.Axundovun 200 illik yubileyi ilə əlaqədar çəkilmiş “Sübhün səfiri” filmi də nümayiş etdirilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 13:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
18 Sentyabr 2020 | 11:09
Əbədiyaşar sənətkar

Köhnə versiyamızdan xəbərləri izlə