Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Elm aylığı”nda yeni elm sahəsi - Ekonofizika

“Elm aylığı”nda yeni elm sahəsi - Ekonofizika

UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə “Elm aylığı”na start verilib.

“Elm aylığı” çərçivəsində keçirilən növbəti tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, təhsil eksperti Etibar Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor Ədalət Muradov bildirib ki, “Elm aylığı”nda keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də yeni elm sahələrini əhatə edir. Müasir dövrdə bir istiqamətli elm sahələrinin aktual olmadığını bildirən rektor, yeni elm sahəsi kimi 90-cı illərin ikinci yarısından meydana çıxan ekonofizika ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb. Rektor ictimaiyyətdə ekonofizika barədə məlumatın azlığını nəzərə alaraq, ilk dəfə olaraq müxtəlif elm sahələrinin nümayəndələrinin eyni problemə müxtəlif bucaqdan baxışının ümumiləşdiriləcəyini vurğulayıb. Ölkənin inkişafına xidmət edən tədqiqatların aparılmasının vacibliyindən söz açan Ə.Muradov UNEC-də Ekonofizika Tədqiqat Mərkəzinin yaradıldığını bildirib. Mərkəzə tanınmış alim, professor Şahlar Əsgərovun rəhbərlik edəcəyini deyib.

Professor Şahlar Əsgərov “Ekonomikadan ekonofizikaya” mövzusunda təqdimatla çıxış edib. Müasir dövrdə fənlər və sahələrarası elmlərin daha çox diqqəti cəlb etdiyini bildirən professor, son zamanlar fizika ilə iqtisadiyyatın birləşməsində oxşar proseslərin getdiyini və bunun nəticəsində yeni bir elmin - ekonofizikanın yarandığını diqqətə çatdırıb. Alim çıxışında ekonofizikanın təriflərini açıqlayaraq, onun tədqiqat obyektləri, məqsədi və predmeti barədə ətraflı məlumat verib, fizikanın iqtisadiyyatda tətbiqini riyazi modellərdən istifadə etməklə şərh edib.

Tədbirdə iştirak edən UNEC-in məzunu, Malaziya Milli Universitetinin tədqiqatçısı Səid Cəfərli ekonofizika elmi barədə apardığı araşdırmalardan danışıb.

Çıxışlardan sonra dəqiq elmlərlə təbiət elmlərinin qanunauyğunluğu, metodologiyası, ekonofizikanın aid olduğu sahə və digər suallar ətrafında müzakirələr aparılıb.

Sonda UNEC-in professor-müəllim heyəti, eləcə də tədqiqatçı tələbələr arasında ekonofizika ilə bağlı maarifləndirici təqdimatların və təlimlərin keçirilməsi təklif olunub.

 

Elnarə ÖMƏROVA

11 2019 17:40 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin