Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc şəbəkə ustası İlqar Rəsulzadənin fərdi sərgisi nümayiş olundu

Gənc şəbəkə ustası İlqar Rəsulzadənin fərdi sərgisi nümayiş olundu

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin "Nəsillərdən nəsillərə ötürülən sənət" adlı fərdi sərgi layihəsi həyata keçirilmişdir.

Milli irsimizin incilərindən sayılan şəbəkə sənətinin ən mötəbər nümunəsi XVIII əsrdə inşa edilmiş "Şəki xan sarayı" hesab edilir. Dördüncü nəsil gənc şəbəkə ustası, "İlin gənci " mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Rəsulzadə " Rəsulovlar emalatxanası" nda davam etdirilən bu irsin sirrlərinə yiyələnməklə yanaşı, şəbəkə sahəsində öz dəsti-xəttini də yaradıb. Şar, kürə formalı şəbəkə, şəbəkədən çılçıraqlar, müxtəlif tədbirlərin loqoları, şəbəkənin düz müstəvidən çıxarılması, şüşənin müxtəlif materiallarla əvəzlənməsi, 42-ci Dünya Şahmat Olimpiadasının "kiçik kubokları"nı, şəbəkədən şahmat fiqurlarının hazırlanması onun bu sahəyə gətirdiyi yeniliklərdəndir. Tətbiqi sənət sahəsində ilk dəfə olaraq müəllif hüquqlarının qorunması sahəsində patentin, eskizlərə şəhadətnamələrin alınması məhz onun adı ilə bağlıdır. İ.Rəsulzadə dünyanın nəhəng sənətkarları Oskar Murillo və Reza Degati ilə iş birliyi qurmuş, Vatikanda, Ukraynada , Gürcüstanda yerləşən katolik kilsələrdə, Vatikanın Qafqaz üzrə nümayəndəliyində, "Şəkixanovların ev muzeyi"nin, Gəncə "Şah Abbas məscidi"nin, "Bərdə türbə"sinin bərpasında, Yevlax və Tərtər şəhərlərində "Heydər Əliyev Muzeyi"nin tərtibatında da iştirak edib. "Şəki Xan Sarayı"nın nəsillikçə bərpaçı rəssamları olan Rəsulovların əl işləri 50 dən çox ölkə, 120-yə yaxın şəhərdə şəxsi kolleksiyalarda və muzey fondlarında saxlanılır.

Gənc ustanın yaradıcılığı və sərgi barəsində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, C.Cabbarlı adına Dövlət Teatr muzeyinin direktoru Sevinc Mikayılova və başqaları öz müsbət fikirlərini bildiriblər. Sərgidə müxtəlif ölçü, forma, ornament və üslublarda hazırlanmış 50-yə yaxın əl işi nümayiş etdirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 2019 11:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə