Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Xoreoqrafiya Akademiyasında görüş keçirildi

Bakı Xoreoqrafiya Akademiyasında görüş keçirildi

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yarandığı gündən bir çox xarici ölkələrin müvafiq təhsil və sənət müəssisələri ilə əlaqələr qurmuşdur. Son üç il ərzində iki beynəlxalq müsabiqənin keçirilməsi, akademiyada 17 dünya şöhrətli rəqqasın ustad dərsi keçməsi, akademiyanın dünyanın aparıcı xoreoqrafiya profilli müəssisələri ilə 12 sazişin imzalanması və Avropa İncəsənət İnstitutları Liqasının daimi üzv seçilməsi, akademiyada 10-dan çox xarici tələbənin təhsil alması beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Akademiyanı bir neçə xarici diplomatik nümayəndə ziyarət etmiş, akademiya və təmsil etdikləri ölkə arasında əməkdaşlıq münasibətləri qurulmuşdur.

27 fevral tarixində Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Peru Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Milaqros Kastanyon Seoaneni onun təşəbbüsü ilə qəbul etmişdir.

Qəbul zamanı professor T. Əfəndiyev Azərbaycan mədəniyyəti və incəsənəti tarixindən, qədim ənənələrimizdən, müasir sənət prosesindən, eyni zamanda xoreoqrafiya sənətinin tarixi və nailiyyətləri barədə geniş məlumat vermiş,  akademiya, buradakı elm, tədris və yaradıcılıq fəaliyyəti haqqında danışmışdır.

Xanım səfir Azərbaycan rəqs sənətinin, Azərbaycan milli baletinin vurğunu olduğunu qeyd edərək, cari görüşdə aldığı məlumat və təəssüratdan məmnun olduğunu bildirdi. Peru Respublikasında klassik rəqs ənənələrinin geniş vüsət almadığını deyən xanım səfir, bu baxımdan Azərbaycan təcrübəsindən yararlanmağa hazır olduqlarını və bunun üçün kompleks tədbirlər görüləcəyini vurğuladı. Bu tədbirlər sırasında Perunun müvafiq təhsil və sənət ocaqları ilə beynəlxalq sazişlərin bağlanması, Peru gənclərinin Bakı Xoreoqrafiya Akademiyasında bakalavr və magistr təhsili alması, akademiyanın təcrübəli müəllimlərinin Peru sənət ali təhsil müəssisələrində ustad dərslərinin təşkil olunması göstərmək olar.

Sonda professor T. Əfəndiyev 2019-cu ildə akademiyanın 90 illik yubileyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər, nümayiş etdiriləcək rəqs və balet tamaşalarına Peru Respublikasının diplomatik nümayəndələrini dəvət etdi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 11:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə