Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın müxtəlif şəhərlərində Xocalı soyqırımının qurbanları yad edilib

Rusiyanın müxtəlif şəhərlərində Xocalı soyqırımının qurbanları yad edilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Rusiyanın bir sıra şəhərlərində diaspor təşkilatları tərəfindən anım mərasimləri keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Moskvadakı Yəhudi muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarına həsr olunmuş xatirə axşamı təşkil olunub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) birgə təşkil etdiyi xatirə gecəsində tanınmış ictimai-siyasi xadimlər, Moskvada akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbirdə Xocalı soyqırımı ilə bağlı çıxışlar edilib və rejissor Vaqif Mustafayevin “Ağrını içimizdən çəkək” sənədli filmi nümayiş olunub. 

Saratovdakı Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən tədbirdə isə azərbaycanlılarla yanaşı tatar, gürcü, çeçen, qazax və digər icmaların təmsilçiləri də daxil olmaqla çox sayda qonaq iştirak edib. Saratovdakı Azərbaycan İcmasının rəhbəri Vladimir Muradov, RAGB-in Saratov regional bölməsinin sədri və digərləri Xocalı soyqırımının dünyaya tanıdılmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini vurğulayıblar və RAGB-in prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. 
Perm diyarında Xocalı qurbanlarının xatirəsi Perm Azərbaycanlılarının Milli-Mədəni Muxtaryyətinin təşkilatçılığı ilə yad edilib. Toplantıda Perm Ərazi

Administrasiyasının rəhbəri, yerli KİV və diaspor nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımının qurbanları Vladivostok şəhərində də anılıb. Primorsk Azərbaycan diasporu və RAGB-nin təşkil etdiyi gecədə soyqırım qurbanlarının xatirəsi yad olunub. “Dostluq” Primorsk Azərbaycan Diasporunun sədri Ramiz Zeynalov bu faciənin təfərrüatları barədə danışıb. Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu və Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilmiş tədbirdə isə Rusiyanın şimal paytaxtının ictimai-siyasi xadimləri, diaspor təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımından ətraflı bəhs edib. Həmçinin, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxış edərək gələcək nəsillərin Xocalı faciəsini unutmamalarının zəruriliyini qeyd edib. 

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Rusiyanın Yekaterinburq, Surqut, Pyatiqorsk, Krasnoyarsk, Novosibirsk, Həştərxan, Tula, İvanovo, İrkutsk, Samara, Xabarovsk, Yoşkar-Ola, Kazan, Ulyanovsk, Volqoqrad, Stavropol, Murmansk, Voronej şəhər və vilayətlərində, eləcə də Çuvaşiya, Komi, Adıgey Respublikalarında da anım tədbirləri keçirilib.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

1 2019 11:47 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə