Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Gürcüstan - Azərbaycan əlaqələrində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər proqnozlarında yanıldılar

Deputat: Gürcüstan - Azərbaycan əlaqələrində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər proqnozlarında yanıldılar

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dost və qonşu ölkə arasında münasibətlərin bundan sonra da dinamik şəkildə inkişaf edəcəyini göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, əslində iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və hər iki xalqın milli maraqlarına söykənir: “Biz elə bir mürəkkəb regionda və elə bir coğrafi konfiqurasiyada yerləşirik ki, münasibətləri daima yaxşı saxlamağa sadəcə məhkumuq. Ona görə də Gürcüstanda keçirilən seçkilərdən sonra Gürcüstan-Azərbaycan münasibətlərində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər öz proqnozlarında yanıldılar. Xanım Salome Zurabişvili kifayət qədər təcrübəli siyasətçidir. O, Avropa siyasi mətbəxindən xəbərdardır. Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı illərdə regional siyasətlə də dərindən tanış olmaq imkanı qazanıb. Ancaq bu da bir həqiqətdir ki, ona öz siyasi sələflərindən heç də yaxşı miras qalmayıb. Belə ki, Gürcüstanın ərazi bütövlüyü pozulub, regionun ən böyük dövləti ilə münasibətlər olduqca gərgindir və ölkə daxilində hələ də separatçılıq əhvali-ruhiyyəsində olan ermənilər var. İqtisadi resurslar da olduqca məhduddur və heç də o qədər perspektivli sayıla bilməz".

Deputatın fikrincə, ona görə də bu şərtlərin mövcud olduğu reallıqda Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi mühüm prioritetdir və əslində Prezident S.Zurabişvilini Azərbaycana gətirən səbəbləri də burada axtarmaq lazımdır: "Xanım Zurabişvili də diqqəti məhz bu məsələlərə çəkərək, hər iki xalqın XX əsrin sonunda yaşamağa məcbur edildiyi və hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqlarımızın ortaq faciəsi kimi xatırlatdı. Ancaq hazırkı mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yaxşı perspektiv yarada bildiyini də etiraf edərək bildirdi ki, bu gün Azərbaycanın perspektivləri Gürcüstanınkından daha yaxşıdır. Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində əldə edə biləcəyi hər hansı nailiyyət Gürcüstan üçün də yaxşı presedent yarada biləcək".

H.Babaoğlu əlavə edib ki, elə bu kontekstdə digər iqtisadi və kommunikasiya layihələri məsələsində də Azərbaycanın uğurları daima Gürcüstana strateji faydalar gətirib və bunu gözardı etmək mümkün deyil: "Salome Zurabişvili də məhz Azərbaycanın müəllifi olduğu bütün layihələri sadalayaraq onları həm də Gürcüstanın uğurları kimi təqdim etdi. Hazırda enerji və nəqliyyat layihələri, Azərbaycanın yaratdığı perspektivli investisiya mühiti və ölkəmizin Gürcüstanda həm də birbaşa investor kimi çıxış etməsi bu münasibətləri daha da inkişaf etdirməyi zəruri edir və bundan sonra da iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələri davam edəcək”.

1 2019 10:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə