Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli İncəsənət Muzeyində sərgi

Azərbaycan Milli İncəsənət Muzeyində sərgi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il fevral ayının 27-dən martın 5-dək Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Rafael Abasovun sərgisi keçirilir.

Rafael Abasov 1943-cü il noyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, 1968-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır.

Rəssamın əsərləri Türkiyə, Fransa, ABŞ, Çexoslovakiya, Polşa, Danimarka, Rusiya, Finlandiya, Bolqarıstan və s. ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilmişdir. Bu gün onun müxtəlif janrlarda çəkilmiş lövhələri Azərbaycanın və ayrı-ayrı dünya ölkələrinin muzeylərini, nüfüzlu şəxsi kolleksiyaları bəzəməkdədir.

Ötən əsrin ortalarından geniş yayılan sərt üslubun özünəməxsus bədii prinsiplərini mənimsəyən rəssam bütün janrlarda eyni uğurla fəaliyyət göstərmişdir.

Rafael Abasovun portret janrında yaratdığı sənət nümunələri “Gimnastın portreti”, “Neftçinin portreti”, ”Qara paltarlı qadının portreti”, “Düşüncə”, “Rəssam Nadir Qasımov” kimi əsərlərində obrazların psixoloji yaşantısının ifadəsinə üstünlük vermişdir.

Rəssamın süjetli tabloları, natürmort və mənzərələri xüsusi  ifadəliyi, poetikliyi ilə seçilir. Bunlar sırasında  “Təmirçilər”, “Buruq ustası”, “Kəndli oğlan”, “Lahıc misgəri”, “Şəki bazarı”, “Nehrəm ağsaqqalları”, “İsmayıllı.Çayxana”, “Payız”, “Meşə mənzərəsi”  və s.  adlarını qeyd etmək olar.

Rafael Abasov 1978-ci ildə Azərbaycanın və SSRİ-nin  Rəssamlar İttifaqlarına üzv qəbul olunmuşdur. O, 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülmüşdür.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2019 12:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə