Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“O anları hələ də unuda bilmirəm…”

“O anları hələ də unuda bilmirəm…”

Azərbaycan tarixinin hüznlü səhifələrdən  olan Xocalı soyqırımı o dövrdə istər əcnəbi, istərsə də yerli fotoqrafların yaradıcılığında öz əksini tapıb. O qanlı gecənin şahidi olan həmin foto-şəkillər qarlı-şaxtalı  bir qış gecəsində yüzlərlə günahsız insanın hansı bəlalara düçar olmasını dünyaya danışmaqdadır.

Xocalı soyqırımı ilə bağlı  27 il əvvəl Azərbaycan mətbuatında çap edilmiş foto və məqalələri nəzərdən keçirərkən “Səhər” qəzetində Xocalıdan olan və təcili tibbi yardım xəstəxanasında müalicə alan  bir qız uşağının mənalı baxışları istər-istəməz diqqətimi çəkdi. Foto təsirli olduğu qədər də, hüznverici idi. Həmin fotoların  müəllifi Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğludur. Görəsən bu şəkildəki hörüklü qız indi haradadır, onun sonrakı taleyi necə oldu?– deyə fikirləşirəm. Axı bu şəkillərdə təsvir edilmiş hər bir insanın dramatik taleyi, yaşantıları həm də tariximizin, dünənimizin bir parçasıdır. Elə Mirnaib Həsənoğlu ilə söhbətimizə də  “Səhər” qəzetində dərc edilmiş bu şəkillərdən başladıq.

–Mirnaib müəllim, Qarabağ müharibəsi, xüsusilə də Xocalı mövzusu fotoqraf kimi sizin də yaradıcılığınızda əksini tapıb.  Xocalı hadisələri zamanı  qətlə yetirilmiş insanların Ağdamda dəfn mərasimini, eləcə də soyqırımdan xilas olmuş bir sıra yaralının  şəkillərini çəkmisiniz.  Həmin qanlı hadisədən 27 il ötür. Nələri demək istərdiniz?

– Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifəsidir. O dövrdə çəkilmiş hər bir foto, sözsüz ki, tariximizin salnaməsini əks etdirir, bu baxımdan onlar tariximiz üçün çox qiymətlidir.

Qeyd edim ki,  Qarabağ müharibəsi illərində  azad fotoqraf kimi fəaliyyət göstərirdim, cəbhədən çəkdiyim şəkillər o dövrün bir sıra mətbu orqanlarında dərc edilirdi. Nəyi bacarmışamsa, onu çəkmişəm. Bu gün Azərbaycan Fotoqraflar Birliyinin arxivində bir sıra jurnalistlərin fotoları qorunub saxlanılır. Onlar arasında Qarabağ müharibəsi dövründə çəkilmiş fotolar xüsusi yer tutur.  O dövrdə Azərbaycan fotoqrafları arasında İlqar Cəfərov, Oleq Litvin, Şahvələd Eyvazoğlu, Xalid Əsgərov və digər fotoqraflarımızın yaradıcılığında Qarabağ müharibəsi, xüsusilə də Xocalı qətliamını əks etdirən fotolar var. 

–Sizin o illərin qanlı hadisələrini əks etdirən fotolarınız da az deyil. 

–Xocalı qətliamı baş verəndə mən Goranboyda  idim. Qardaşım  cəbhənin həmin istiqamətində döyüşürdü.  Onu görməyə,  fotoqraf kimi çəkilişlər aparmağa getmişdim. Hadisəni bir gün sonra eşitdim.

“Səhər” qəzetində dərc edilmiş  yaralı Xocalı sakinlərini təcili tibbi yardım xəstəxanasında çəkmişəm. O zaman soyqırımından canını qurtarmış yaralı sakinləri Bakıya gətirmişdilər.  Bir gün emalatxanama tanış bir xanım gəldi. Dedi ki, yaralı Xocalı sakinlərinin şəklini çəkmək lazımdır. Razılaşdım. Getdik həmin xəstəxanaya. Hərbi hospitalda çəkilişlər apardıq. Orda  güllə yarası almış və ayağı amputasiya edilmiş bir  oğlanın şəklini çəkdiyim yadımdadır. Dəhşətli anlar yaşamış bu insanlarla təmasda olmaq, fotoçəkiliş etmək çox   ağrılı idi. Qanlı faciədən sağ çıxmış və hələ baş verənlərin təsirindən ayılmamış yaralıların vəziyyətini çəkməli idik. İşimiz bu idi. “Səhər” qəzetində  dərc edilmiş  bu hörüklü qızı da xatırlayıram--deyib, qəzetdə həmin qızın şəklinə işarə edir.-- Palatada çəkmişəm. Sakitcə uzanmışdı, stolunun üstündə güldanda güllər də vardı. Görünür, yanına gələnlər almışdı.   27 il sonra bu qızı görmək və çəkmək mənim üçün maraqlı olardı.

27 il keçməsinə baxmayaraq, hələ də bir anı unuda bilmirəm. Xəstəxanada müalicə alan yaralı bir oğlan uşağında,  həyəcandanmı,  başqa səbəbdənmi  güclü qanaxma başladı. Sonra öyrəndim ki, elə həmin qanaxmadan uşaq həyatını itirib. Palatadan həmin anda dərhal çıxdıq. Həmin xanım  “başqa yaralıları da çəkməliyik”, --deyib israr etsə də, davam gətirə bilmədim. Gördüyüm mənzərə mənə elə pis  təsir etmişdi ki, uşağın elə vəziyyətə düşməsinin günahını özümdə  gördüm. Bəlkə də, çəkilişi görüb həyəcanlanmışdı, bilmirəm. Çəkdiyim şəkillərin bir qismini isə Ağdamda  Xocalı qurbanlarının dəfnində çəkmişəm. Xocalı sakinlərinin Ağdamda ayrıca məzarlıqları vardı. Xocalıdan olan sağ qalmış  insanlar  yaxın adamlarını  tapdıqca, orada dəfn edirdilər. Onların  qohumlarını necə  tapmasını, dəfn anlarını, məzarlarını, ağır da olsa, lentə almışam. Mən hadisə yerinə çatanda artıq məzarın üstünə torpaq atıb, üzərinə daş qoyub,  mərhumların  adlarını  yazırdılar. Hazırda Kanadada yaşayan fotoqraf  Xalid Əsgərovun Xocalı qurbanlarının eybəcər hala salınmış cəsədlərinin Ağdama gətirilməsini çəkib. O kadrlar da AFB-nin arxivindədir. O vaxt Ağdamda bir sıra xarici jurnalistlər də vardı ki, onlar da çəkilişlər aparırdılar. Bu gün həmin şəkillər  Xocalı soyqırımını dünyaya göstərmək üçün mühüm vasitədir. Ümumiyyətlə, deyə bilərəm ki, Xocalı soyqırımı ilə bağlı çəkilmiş  şəkillər fotoqrafiya tariximizin səssiz danışan salnaməsidir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

27 2019 14:22 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə