Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlyazmalar İnstitutunda Xocalı faciəsi anılıb

Əlyazmalar İnstitutunda Xocalı faciəsi anılıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqıqrımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli xalqımızın başına gətirilən faciələr barədə məlumat verib. O bildirib ki, Milli Məclis ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. İndiki dövrdə bu qərarın nəticəsi kimi Azərbaycan dövləti Xocalı soyqırımı haqqında həqiqətləri olduğu kimi dünya dövlətlərinə, geniş ictimaiyyətə çatdırılması üçün uğurlu siyasət yürüdür, əməli addımlar atır. Aybəniz Əliyeva-Kəngərli bu sahədə cənab prezident İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətini xüsusi olaraq qeyd edib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini  Paşa Kərimov tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs edib. O, müasir dünyada hələ də açıq, aydın faktları gözardı edən, ermənilər tərəfindən xalqımızın başına gətirilən bu misli görünməmiş soyqırıma biganə yanaşan anti-humanist qüvvələrin az olmadığını bildirib. O, qeyd edib ki, bütün bu ədalətsizliklərə baxmayaraq dövlətimiz Qarabağ müharibəsi, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl siyasət yürüdür.

Xocalı faciəsinin canlı şahidi Yusif Bağırlı öz xatirə və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. O, Xocalı aeroportunun komandanı, Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin şəhərin dinc əhalisini xilas etmək üçün göstərdiyi şücaət və rəşadətdən bəhs edib.

İnstitut əməkdaşları Təranə Cavadova və Şöhrət Səlimbəyli  Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra institutunun Gənc alim və mütəxəssislər şurasının sədri  Aytən Quliyeva söz alıb və  tarixi qəhrəmanlıq səhifələri ilə dolu  olan bir ölkənin gənc vətəndaşı olmaqla fəxr etdiyini bildirib. O, bir gənc alim kimi ölkə rəhbərliyinin erməni qəsbkarlarına qarşı məqsədyönlü siyasətini daim izlədiyini və bu yolda əlindən gələni etməyə hazır olduğunu qeyd edib.

Sonda çıxış edən İnstitutun elmi katibi Əzizağa Nəcəfzadə tarixi keçmişimizə ətraflı şəkildə nəzər salıb və Xocalı söyqırımı zamanı mənfur düşmənə qarşı şücaətlə mübarizə aparan döyüşçülərimizdən, eləcə də bu  hadisələri işıqlandıran dəyərli həmvətənlərimizdən danışıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 2019 13:36 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə