Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı və Holokost – bizim qan yaddaşımız

 Xocalı və Holokost – bizim qan yaddaşımız

Misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. Bu faciənin dəhşətli dərəcədə dözülməz səhnələri Azərbaycanın köksündə sağalmaz bir yara açmışdır. Elə coğrafi adlar var ki, xəritədə sadəcə nöqtəni deyil, daha çox şeyi ifadə edir. Bunlar qəddarlığın və amansızlığın rəmzinə çevrilmiş Babi Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhər adlarıdır. Ötən əsrin 1992-ci ilin 26 fevralında bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhəri düşüb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalılıya aman verməyib. Erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar.

Ermənistanın günahını təkcə Azərbaycanın hüquq-mühafizə orqanlarının sərəncamında olan sanballı faktlar deyil, həm də çoxsaylı müstəqil mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin öz şahidlikləri təsdiq edir.  Bu faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdır.

Xocalı şəhəri Azərbaycan ərazilərinin ələ keçirilməsinin və burada etnik təmizləmə aparılmasının, insanları şoka salan qəddarlıq qarşısında vahimə və qorxu yaradılmasının növbəti mərhələsi olmuşdur. Dinc Xocalı sakinləri yaxın məsafədən güllələnib, başlarının dərisi soyulub, bir çoxu diri-diri yandırılıb. Qocalar, uşaqlar və qadınlar görünməmiş və dözülməz işgəncələrə, amansız rəftara və həqarətlərə məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisi yalnız bir məqsədlə düşünülmüş şəkildə kütləvi surətdə  məhv edilirdi. Onların hamısı azərbaycanlı idi. Mənə deyin görək:  Erməni faşistləri alman faşistlərindən nə ilə fərqlənir? Bu gün İŞİD-in əsrlərin başına gətirdiyi oyunların bəzi hallarda daha dəhşətlilərini erməni terrorçuları 1992-ci ildə Xocalıda törədiblər. Ona görə də fevral ayı Azərbaycan xalqının ürəyində çalın-çarpaz yaralar açmış aydır. Bu yaralar günahsız qətlə yetirilmiş azərbaycanlıların sağalmayan yarasıdır. Gələcəyi erməni silahlı birləşmələrinin törətdikləri qanlı qırğın nəticəsində məhv olan bu insanların hər birinin öz əhvalatı, ailəsi və uşaqlıq dövrü olub. Həlak olanların qohumlarının bir ümumi dərdi var – bu dəhşətli cinayəti törədən insanlar indiyə qədər beynəlxalq məhkəmə qarşısında durmayıblar və cəzasız qalıblar. İkinci dünya müharibəsinin faşist xuntası nümayəndələrinin çoxunu Nürnberq prosesində məhkəmə qarşısına çıxaran nəticələrindən fərqli olaraq, dinc azərbaycanlı vətəndaşların kütləvi məhvinin, Xocalı soyqırımının ideoloqları və icraçıları rahat şəkildə müasir Ermənistan Respublikasında yaşayırlar.

Onların çoxu, o cümlədən sabiq müdafiə naziri Seyran Ohanyan, eks-prezident Serj Sarkisyan və sabiq prezident Robert Koçaryan öz cinayətlərinə görə cavab vermək üçün beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Müstəqil beynəlxalq mənbələrin sərəncamında Ermənistan Respublikasının bu yüksək vəzifəli şəxslərinin Xocalı qırğınında iştirakını təsdiq edən yetərincə çox material və videosənəd, faciə şahidlərinin ifadələri var. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici KİV-lərə müsahibə verir, Xocalıda azərbaycanlılara qarşı amansız cinayət əməllərinə bəraət qazandırır və lovğalanırdılar. Bu yerdə Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 25 il əvvəl britaniyalı jurnalist Tomas de Vaala dediyi sözləri necə xatırlamayasan? “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”. Əminik ki, nasistlər kimi, bu “başabəla siyasətçilərin” də hakimiyyəti iflasa uğrayacaq.

Bu gün Azərbaycan və İsrail arasında güclü qarşılıqlı əlaqələr, hörmətə, səmimiyyətə əsaslanan münasibətlər mövcuddur. Xocalı barədə tədbirlərdə İsrail hökuməti üzvlərinin, Knessetin deputatlarının və İsrailin “beyin mərkəzlərinin” nümayəndələrinin iştirak etməsində, onların Xocalı qətliamından Azərbaycan xalqına qarşı soyqırımı faktı kimi danışmasında bizim də kiçik payımız vardır. Biz əldə etdiklərimizlə kifayətlənməməliyik. Biz hər şey etməliyik ki, İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı tam məlumatlansın. İsrail xalqı həm də bunu  bilməlidir ki, hələ 1918-ci il martın 30-da qırğınlara rəhbərlik edən Şaumyanın, Amazaspın başçılıq etdiyi daşnak-bolşevik silahlı dəstələri Qubada türk-müsəlman əhali ilə yanaşı, həm də dağ yəhudilərinə qarşı qanlı qırğın törədiblər. Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, 1918-1919-cu illərdə ermənilər Qubada 3 minə yaxın yəhudini qətlə yetiriblər. Həmin illərdə Azərbaycanda yaşayan yəhudilər ermənilərlə əməkdaşlıqdan imtina edirdilər.  Dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir.

Xocalı soyqırımı cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı hadisəsinə əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir.

Azərbaycanda yaşayan yəhudilər heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və ya antisemit hərəkətlərə məruz qalmayıblar. Beləliklə, iki dövlət arasında praktiki olaraq həyatın bütün sahələrində münasibətlər yetərincə yüksək siyasi etimad səviyyəsindədir.

Cənubi Qafqaz regionuna nəzər salanda asanlıqla görmək olar ki, İsrailin strateji tərəfdaşı olan Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir. Lakin Cənubi Qafqazın bu mürəkkəb geosiyasi labirintinə baxmayaraq, Azərbaycan özünün çoxvektorlu və ölçülüb-biçilmiş xarici siyasətini yetərincə uğurlu şəkildə həyata keçirir. Bu baxımdan, əminliklə deyə bilərəm ki, Xocalı faciəsi həm də Azərbaycan yəhudilərinin faciəsidir. Çünki biz yəhudi olsaq da,  azərbaycanlı kimliyimizi unutmuruq. Azərbaycan bizim evimiz olmuşdur. Ona görə də , bu evin sevinci də, kədəri də bizimdir.

Hamımıza yaxşı məlumdur ki, 2016-cı ilin məlum Aprel hadisələrindən sonra Azərbaycan Silahlı Qüvvələrinin çevik və uğurlu əks-hücumu dövründə erməni tərəfin müdafiə xətti məhv edildi və Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini erməni işğalından azad etdi. Bu hadisələrdən dərhal sonra erməni KİV-lərində real antiisrail isteriyası müşahidə olunur, antisemit və anti-İsrail ruhlu məqalələr dərc edilirdi. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı mitinqlər keçirirdi. Regiondakı bəzi dövlətlər, xüsusən Azərbaycan torpaqlarının 20 faizinin işğalını 27 il ərzində davam etdirən təcavüzkar Ermənistan terror təhdidlərinə qarşı mübarizə və təhlükəsizlik məsələlərində Azərbaycan Respublikası ilə İsrail dövləti arasında əməkdaşlığa son qoyulmasını istəyir. Lakin nə İsrail, nə də Azərbaycan bu tələblərə haqlı olaraq əhəmiyyət vermir.

Ermənilərə və onların tərəfdarlarına guya  türklərin onlara qarşı 1915-ci il qondarma soyqırımı ilə bağlı dəfələrlə sual vermişəm ki, mənə izah edin görüm, biz qondarma “erməni soyqırımı”nı nəyin naminə tanımalıyıq? Ermənistandan və ermənilərdən xoş sözlər eşitmək naminəmi? Onsuz da bu sözləri eşitməyəcəyik. Yaxud deyirlər ki, yəhudi xalqının erməni xalqı qarşısında mənəvi borcu var. Mən sizdən soruşuram, söhbət hansı mənəvi məsuliyyətdən gedir?! İki il əvvəl Ermənistanın sabiq prezidenti Serj Sarkisyan faşist və antisemit Qaregin Njdenin abidəsini rəsmi surətdə açıb. Ona görəmi?

Dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlara çevriləndə, biz susmamalıyıq? Deyin görək, faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə ucaldılmasına bizim münasibətimiz necə olmalıdır? Hansı ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canini özünün qəhrəmanı adlandıra bilər? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Bu, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan kimi, şəxsən mənim üçün dözülməz ürək ağrısıdır. Mənim ailəm Holokostu yaşayıb. Biz ailəmizin 40 nümayəndəsini itirmişik. Mənim heç bir mənəvi haqqım yoxdur ki, faşist rejiminin 6 milyon yəhudini məhv etdiyi Holokostu 1915-ci ilin hadisələri ilə müqayisə edim. Orada çoxlu yalan məlumat və saxtalaşdırma var. Türklər sübut etməyə çalışırlar ki, Osmanlı İmperiyası ilə müharibədə Rusiyanı dəstəkləyən ermənilərin köçürülməsi nəticəsində 350 min erməni həlak olub, Ermənistan isə 1,5 milyon adamın həlak olmasından danışır. Lakin Xocalıda isə göstərilən statistika dəqiqdir və bu uzaq yox, hamımızın gözü qarşısında baş vermiş hadisədir. Xocalı dəhşətləri ilə bağlı mərhum Milli Qəhrəman Çingiz Mustafayevin kadrlarını izləməklə hər şeyi asanlıqla görmək mümkündür.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz Azərbaycan həqiqətlərini yaxşı anlayırıq və bacardıqca öz layiqli dostumuza dəstəyimizi ifadə edirik. İsraildə əksəriyyəti yəhudilərdən ibarət Azərbaycan diasporu da ikinci vətənimizin – Azərbaycanımızın həqiqətlərinin İsraildə yaxından tanınması üçün əlimizdən gələni edirik. Həmçinin bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsinin geniş şəkildə tanıdılması fəaliyyətimizin ön sıralarında qərar tutub. Xocalı və Holokost bizlər üçün qırmızı nöqtələrdir, qan yaddaşımızdır. Bu yaddaşı qorumaq bizim üçün mənəviyyat məsələsidir.

 

Arye Qut,
“The Jerusalem Post” qəzetinin siyasi şərhçisi,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri

27 2019 13:14 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə