Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sidneydə də anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sidneydə də anılıb

Avstraliyanın paytaxtı Sidney şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım tədbiri təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Sidneydəki Azərbaycan icmasının üzvləri və ölkəmizin Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə parlamentin deputatları, ictimai xadimlər, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz və türk icmasının nümayəndələri qatılıblar.

Tədbiri giriş sözü ilə açan Sidneydəki Azərbaycan icmasının nümayəndəsi Nizami Cəfərov 27 il əvvəl baş vermiş faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayaraq bunun bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edib. Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında çəkilmiş film nümayiş etdirilib.

Filmin nümayişindən sonra Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə çıxış edərək Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verəcəyinə inamını ifadə edib və onları tezliklə bu addımı atmağa çağırıb.

Toplantıda iştirak edən Avstraliya Federal parlamentinin üzvü Krek Kelli deyib ki, Xocalıda baş vermiş faciə və bütün dünyada törədilən buna bənzər hadisələr heç vaxt unudulmamalı və zaman-zaman xatırlanmalıdır. K.Kelli söyləyib ki, o, həmişə Azərbaycanın haqq işini dəstəkləməyə hazırdır.
Türkiyənin Sidneydəki baş konsulu Melih Karalar qardaş türk xalqının daim doğma Azərbaycanın yanında olduğunu və kədərimizə şərik olduğunu bildirib. Qeyd edib ki, Xocalıda törədilən faciə bütün dünyada yaşayan insanlara çatdırılmal və onu törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. 
Daha sonra çıxış edənlər bir daha Xocalı soyqırımına dair fikirlərini, təəssüratlarını bölüşüb, Azərbaycan həqiqətlərinin Avstraliya ictimaiyyətinə çatdırılması ilə əlaqədar icma üzvlərinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar.

 

Samirə Əliyeva, 
“Xalq qəzeti”

27 2019 12:04 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə