Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq: Azərbaycan müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir

Politoloq: Azərbaycan müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir

Azərbaycan Respublikası müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir. Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan sosial dövlət statusunu getdikcə daha da gücləndirməkdədir.

Sosial dövlətdə vətəndaşın rifahının təmin olunmasının dövlətin başlıca vəzifəsi olduğunu deyən politoloq bildirib ki, Azərbaycan sosial dövlətin bütün əlamətlərini özündə ifadə edir: "Sosial ədalətin təmin olunması istiqamətində kompleks addımların atılması ilə vətəndaşların layiqli həyat şəraitinə çatdırılması dövlətin əsas vəzifələrindən biridir. Azərbaycanda artıq sosial təhlükəsizlik sisteminin formalaşdığı haqqında qəti fikir söyləmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə bir daha göstərdi ki, dövlət hər zaman, bütün məsələlərdə vətəndaşının yanındadır. Müşavirədə ölkə Prezidentinin qeydetdiyi kimi, vətəndaşların sosial-iqtisadi rifahının təmin olunması istiqamətində kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir. Müqayisə aparmaqla müəyyənləşdirmək mümkündür ki, dövlətin sosial siyasətinin səmərəlilik səviyyəsi hər ötən il daha da yüksək olur. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev hələ ötən il prezident seçkiləri öncəsi bu gün müşahidə etdiyimiz tədbirlərin anonsunu vermişdi. Müvafiq olaraq, sosial sahədə titanik addımlar atılmaqdadır".

Politoloq əlavə edib ki, Azərbaycan sosialyönümlü tədbirlərin miqyasına görə dünyanın əksər ölkələrini geridə qoyur. Dövlətin sosial siyasətinin nəticələri istisnasız olaraq əhalinin bütün təbəqələrini əhatə edir: "Prezidentin müşavirədə çıxışından belə qənaətə gəlmək olur ki, dövlətin 2019-cu ildə sosialyönümlü fəaliyyəti əvvəlki illərdən keyfiyyətcə əhəmiyyətli dərəcədə fərqlənəcək. Həqiqətən də bunun əlamətləri artıq dəqiq görünməkdədir. Ölkə iqtisadiyyatının diversifikasiyası əlavə gəlirlərin daxil olmasını şərtləndirməkdədir. Bu gəlirlər vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilir. Məhz bunun nəticəsidir ki, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi mümkün olub".

E.Mirbəşiroğlu vurğulayıb ki, genişmiqyaslı sosial paketlərin reallaşdırılması iqtisadi potensialla yanaşı, həm də güclü siyasi iradəyə əsaslanır: "Əhalinin müxtəlif sosial qruplarının mövcud problemlərinin aradan qaldırılması istiqamətində dövlətin həssaslıq nümayiş etdirməsi göz önündədir. Məsələn, şəhid ailələrinin mənzillərlə, evlərlə təmin olunması prosesinin davamlı xarakter aldığını xüsusi qeyd etmək lazımdır. Prezident müavirədə həmçinin qeyd etdi ki, problemli kreditlər məsələsi üzərində də dövlət iş aparmaqdadır. Bütün qeyd etdiklərimiz bir daha sübut edir ki, Azərbaycan Respublikası müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir".

 

“Xalq qəzeti”

26 2019 16:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə