Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımında hər iki valideynini itirmiş şəxslərlə görüş

Xocalı soyqırımında hər iki valideynini itirmiş şəxslərlə görüş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımında hər iki valideynini itirmiş şəxslərlə keçirilən görüşdə faciə zamanı həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir Sahil Babayev 27 il əvvəl ermənilərin öz havadarları ilə birgə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımın bəşər tarixinə böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib. Qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər sakinlərindən ibarət  613 azərbaycanlını (o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı) xüsusi qəddarlıqla  qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib. 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb.  Çoxsaylı şəxs əsir və girov götürülərək amansız işgəncələrə məruz qalıb. Xocalı şəhəri tamamilə dağıdılıb və yandırılıb.

S.Babayev ümummilli liderimiz Heydər Əliyevin xüsusi müraciəti əsasında 1994-cü ilin fevral ayında Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. Bildirib ki, Azərbaycan bu gün güclü bir orduya malik olsa da, Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüquq müstəvisində sülh yolu ilə nizamlanmasını məqsədəuyğun sayır.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası başlanmışdır. Bu kampaniyanın  əhatə etdiyi ölkələrin sayı ildən-ilə artır. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında bu  təbliğat kampaniyası çox mühüm rola malikdir. İslam Əməkdaşlıq Təşkilatı  Ermənistanı təcavüzkar kimi tanımaqla bərabər, Xocalı faciəsini də soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Görüş zamanı “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli, “Dünyada Xocalı soyqırımının tanıdılması” İB-nin sədr müavini, canlı şahid  Mürvət Məmmədov, Xocalı şəhər 2 saylı tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı sakinləri  Murad Hüseynov və  Həmayıl Xəlilova  27 il əvvəl şahidi olduqları Xocalı soyqırımından, erməni qəsbkarlarının ümumən insanlığa qarşı törətdikləri vəhşikliklərdən bəhs ediblər. Onlar xocalılara, xüsusilə Xocalı soyqırımı zamanı yaxınlarını, o cümlədən hər iki valideynini itirmiş şəxslərə ötən dövrdə göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər. 

Görüşdə xocalıların sosial müdafiəsi sahəsində görülən tədbirlər qeyd edilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2019 15:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə