Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” təşkil edilib

Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” təşkil edilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Xocalı həftəsi”nə dair silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasında Xalq rəssamı Xanlar Əhmədovun Xocalı soyqırımına həsr olunmuş “Fəryad” adlı fərdi sərgisi nümayiş olunub.

Sərginin açılışında Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qeyd edib ki, insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi il keçsə də, xalqımız bu faciəni heç zaman unutmayacaq. Rektor ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımlara dünya birliyinin ədalətsiz, ikili standartlarla yanaşmasına da toxunaraq bildirib ki, BMT tərəfindən qəbul edilmiş qətnamələrə hələ də riayət olunmur.

Timuçin Əfəndiyev BXA-da “Xocalı həftəsi” çərçivəsində keçirilmiş bütün tədbirləri yüksək qiymətləndirib və onları gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüyüb, tərbiyə olunmasına töhfə olduğunu bildirib.

Həmçinin akademiyanın tam orta məktəbinin şagirdləri tərəfindən Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş “Başını dik tut, Vətən oğlu” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirin ədəbi-bədii hissəsində “Ağla qərənfil”, “Xocalı faciəsi” rəqsləri ifa edilib, soyqırımına həsr olunmuş şeirlər söylənilib və “Xocalıların həyatında bir gecə” səhnəciyi nümayiş olunub.

“Xocalı həftəsi” çərçivəsində Bakı Xoreoqrafiya Akademiyası kollecinin tələbələri tərəfindən dəyirmi masa da keçirilib. Dəyirmi masada kollecin direktoru Aynur Hüseynova çıxış edərək Ermənistanın işğalı zamanı Azərbaycana vurulmuş maddi və mənəvi zərərdən danışıb və ermənilər tərəfindən xalqımıza qarşı dəfələrlə soyqırımı törədilməsi vurğulanıb.

Sonda tələbələr “1992”, “Qan yaddaşımız”, “Tariximizin qara səhifəsi”, “Xocalıya ədalət”, “Qanlı fevral gecəsi”, “Xocalını unutma!” adlı məruzələrlə çıxış ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2019 11:34 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə