Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir

Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir

Xocalı faciəsindən 27 il keçir. Bu faciə hər bir soydaşımızın yaddaşına əbədi həkk olunub. Həmin gün xatırlanan zaman insanların hüznlü çöhrələrinə baxanda hiss olunur ki, ötən illər Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silə bilməyib. Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə yanaşı çəkilir.

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir. 
Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə göstərilən biganəlik yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların bu vaxta qədər cəzasız qalması belə faciələrin planetin hər bir regionunda təkrarlanmasına gətirib çıxara bilər. Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılmış və yeganə bir məqsədlə – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək üçün törədilmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər “genosid”, başqa sözlə “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir
Hər il ölkəmizdə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bu il də faciə qurbanlarının anım mərasimlərinin keçirilməsi ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. 
Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Bundan başqa, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq. Tədbirlər planına əsasən xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.
Hər il olduğu kimi, bu il də fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün imkanlardan istifadə olunur. Bu istiqamətdə ilk məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilmişdir. 
Soyqırımı cinayətini törədən şəxslər vətəndaşlığından və cinayətin törədildiyi dövlətdən asılı olmayaraq, istənilən ölkə tərəfindən cinayət məsuliyyətinə cəlb edilə, mühakimə oluna bilər. Müasir şəraitdə bunu həyata keçrimək üçün bir sıra mexanizmlər mövcuddur. Soyqırımı ilə bağlı milli qanunvericilikdə, Cinayət Məcəlləsində müddəalar da öz əksini tapıb. Məndə olan məlumata görə bu soyqırımı ilə bağlı 39 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib və həmin şəxslər axtarışa verilib. 
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq, ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, soyqırımı, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir.
BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradır. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır. Məlum hadisələr də təsdiqləyir ki, həmin gecə mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular.
“Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar saymazlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində “İnsan hüquqları haqqında Ümumi Bəyannamədə”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir.
Belə dəhşətli faciələri törədənlərin, günahsız insanları amansızcasına qətlə yetirənlərin cəzalandırılmaması beynəlxalq hüquqa, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.
Göründüyü kimi, beynəlxalq hüquq, qəbul olunmuş konvensiyalar da təsdiqləyir ki, Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməlidir. İnanırıq ki, haqq-ədalət qalib gələcək, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunacaq, soyqırımı törədən, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

 

Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru

 

 

26 2019 00:48 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə