Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı qırğını XX əsrin dəhşətli faciələrindən biridir

Xocalı qırğını XX əsrin dəhşətli faciələrindən biridir

Bu gün Xocalı faciəsi dünyanın böyük dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, onun təfərrüatları ictimaiyyətə açıqlanır. Bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlərin rəhbərləri, parlamentləri tərəfindən Ermənistanın işğalçı, təcavüzkar dövlət olduğu təsdiq edilir, ondan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmaq tələb olunur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


1944-cü ilə qədər “soyqırımı” anlayışı ictimaiyyətə bəlli olmamışdır. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos - “nəsil, kök, soy” sözü ilə latın dilindən caedo - “öldürürəm” sözlərinin birləşməsindən “genosid” (soyqırımı) terminini təklif etdi. 

Bu termini təklif edən Lemkin belə əsaslandırırdı ki, soyqırımı– müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalı faşist liderlərini “bəşəriyyət əleyhinə cinayətlərdə” ittiham etdi. Tribunalın ittiham aktında “soyqırımı” anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədilmişdi. 9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya qəbul edildi. (Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir). Bununla ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmaqla, konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və onu törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu. 
Bu konvensiyaya görə (Maddə 2), soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: 
a) bu cür qrup üzvlərinin öldürülməsi;
 b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; 
c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; 
d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; 
e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. 
Konvensiyanın 3-cü maddəsinə görə, aşağıdakı əməllər cəzalandırılandır: soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımıda iştirak. 
Hazırkı dövrə qədər müxtəlif ölkələrdə bəşəriyyət əleyhinə törədilmiş bir neçə cinayət beynəlxalq aləm tərəfindən soyqırımı kimi qəbul edilib. Faşistlərin Avropada törətdiyi məlum əməllər Nürnberq Tribunalının hökmü ilə soyqırımı kimi qiymətləndirilməsə də, bəşəriyyət əleyhinə cinayət hesab edilmişdir (həmin dövrdə “soyqırımı” hələ hüquqi termin kimi işlədilmirdi). Keçmiş Yuqoslaviya ərazisində olan Bosniya münaqişəsi zamanı (1992--1995) kiçik Srebrenitsa şəhərciyində serb qoşunları tərəfindən 7 min 800 bosniyalı kişinin və oğlan uşağının öldürülməsi bəşəriyyət əleyhinə ağır hərbi cinayət olmaqla soyqırımı kimi qiymətləndirildi. 
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə Haaqada keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal yaradıldı. Tribunalın yurisdiksiyası keçmiş Yuqoslaviyanın ərazisi ilə məhdudlaşırdı. 1994-cü ilin oktyabr ayında BMT-nin Təhlükəsizlik Şurası Ruandada Tutsi xalqının 800 min əhalisinin öldürülməsi ilə (1994-cü ilin aprel--iyul ayları ərzində) əlaqədar Beynəlxalq Tribunalın yaradılmasına qərar verdi. Hərbi Tribunal Tanzaniyanın Aruşa şəhərində yerləşirdi. 2 sentyabr 1998-ci ildə tarixdə ilk dəfə olaraq soyqırımı cinayəti törətməkdə ittiham edilərək Taba kommunasının meri postunda fəaliyyət göstərmiş Jan-Pol Akayesunun barəsində hökm çıxarıldı. 
Bu tribunallar və Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti ilə öz yurisdiksiyaları çərçivəsində cinayətləri araşdırmasına və məhkəmə presedenti yaratmalarına baxmayaraq, soyqırımı cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiş şəxsləri məhkum etmək praktiki cəhətdən hələ də çətinliklərlə qarşılaşır. Bundan da mürəkkəb məsələ isə soyqırımı cinayətinin qarşısının alınmasıdır. Beynəlxalq aləmin səylərinə baxmayaraq, bu gün də soyqırımı cinayətini törədən şəxslərin cəzalandırılması və soyqırımıın qarşısının alınması çətin və mürəkkəb bir prosesdir.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu o zamankı Prezident, ümummilli lider Heydər Əliyev 31 may 1996-cı ildə imzalamışdır. Qanun 25 iyun 1996-cı ildə rəsmi mətbuatda dərc edilməklə qüvvəyə minmişdir. Konvensiyanın müddəalarının icra edilməsi üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Soyqırımı” (Maddə 103), “Soyqırımıın törədilməsinə təhrik etmə” (Maddə 104) maddələri daxil edilmişdir. 
Bu gün çox böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırımına məruz qalan az sayda xalqları sırasında azərbaycanlılar da var. XIX əsrdən başlayaraq, şovinist-militarist imperiyaların himayəçiliyi ilə Anadoluda və Qafqazda sonradan məskunlaşmış ermənilərin Azərbaycana və yerli xalq olan azərbaycanlılara qarşı törətdikləri qanlı hərəkətlər məhz soyqırımı kimi qiymətləndirilməlidir. Azərbaycanın və azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımıı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə siyasi qiymətini aldı. 
Fərmanda qeyd olunur: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımıı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı ­olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” Beləliklə, ilk dəfə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 
Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasını təsdiqləyən faktlardan biri də 26 fevral 1992-ci ildə ermənilərin törətdiyi Xocalı faciəsidir. Həmin gün cəmi bir necə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin-- köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar. 
Bu faciənin də Azərbaycanlıların soyqırımıının tərkib hissəsi olmaqla acı nəticələri, illər keçməsinə baxmayaraq, hələ də öz təsirini göstərir. Bütövlükdə isə, 1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başladığı növbəti separatçı-avantürist hərəkətin nəticəsi olaraq, bu gün 1 milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı on minlərlə həmvətəniz şəhid olmuş, xəsarət almışdır. 
Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımıı unutmur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun azərbaycanlıların soyqırımıının dünyada tanıdılmasına yönəlmiş çoxcəhətli və davamlı tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. 
Çağdaş dünyada soyqırımıa qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələ sayılır. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir siyasətçi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Bu istiqamətdə ölkəmizdə davamlı siyasi iradə göstərilir, zəruri tədbirlər həyata keçirilir. Azərbaycanlılara qarşı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində siyasi və sosial tədbirlərə hüquqi dəstək verilməsi baxımından ölkəmizin hüquq-mühafizə qurumları da öz üzərinə düşən vəzifəni təxirəsalınmadan gerçəkləşdirir. 
Göründüyü kimi, soyqırımı-- hansı milli, etnik, irqi, dini insan qrupuna yönəlməsindən asılı olmayaraq, insanlıq əleyhinə olan ən ağır, mütəşəkkil və kütləvi cinayətdir. Belə irimiqyaslı cinayətə qarşı mübarizə aparmaq isə hər bir bəşər övladının borcudur. Beynəlxalq hüquq və bəşəri əxlaq normaları istisnasız olaraq və təxirəsalınmadan Xocalı qırğınının soyqırımı kimi tanınmasını tələb edir.

 

Şahin RÜSTƏMOV, 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aparat rəhbərinin müavini

 

 

26 2019 00:44 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə