Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı qurbanlarının xatirəsi xarici ölkələrdə də yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi xarici ölkələrdə də yad edilib

ABŞ

Xocalı soyqırımının 27-ci ildönümü ABŞ-ın Los-Anceles şəhərində müxtəlif dini icmaların rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən keçirilən tədbirə Los-Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi ev sahibliyi edib. İki yüzdən çox qonağın qatıldığı tədbirdə Los-Ancelesdəki xristian, yəhudi, müsəlman, buddist, bəhai, zərdüşt və digər dini icmaların rəhbərləri, eləcə də bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri, ictimai-siyasi xadimlər, bir sıra ölkələrin Los-Ancelesdəki baş və fəxri konsulları, eləcə də jurnalistlər iştirak ediblər.

Tədbiri açan kilsənin nümayəndəsi Deyv Orton bu önəmli tədbirə yığışmaqda əsas məqsədin 1992-ci ildə törədilmiş dəhşətli Xocalı qətliamının qurbanlarını yad etmək olduğunu vurğulayıb. 

Dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, Los-Ancelesdə fəaliyyət göstərən tanınmış Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini ravvin Abraham Kuper dəfələrlə Azərbaycanda səfərdə olduğunu, ölkəmizdə bərqərar olmuş multikulturalizm və dinlərarası tolerantlıq mühitinin bir çox ölkələr üçün gözəl bir örnək təşkil etdiyini diqqətə çatdırıb. O, Xocalı kimi faciələrin təkrarlanmaması üçün davamlı sülh istiqamətindəki səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.

Xocalı dəhşətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun sədri (duayeni) Nəsimi Ağayev Xocalı soyqırımının “Soyuq müharibə”nin yekunundan sonra Avropada ilk soyqırımı olduğunu diqqətə çatdırıb. N.Ağayev 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat bu səpkidə artıq dünyanın bir neçə dövlətinin və ABŞ-ın 23 ştatının, o cümlədən baş konsulluğun məsul olduğu 7 ştatın Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini deyib.

Tədbir Xocalı soyqırımının canlı şahidi, faciə zamanı ermənilərə əsir düşən Dürdanə Ağayeva ilə 2015-ci ildə Los-Ancelesdə baş konsulluq tərəfindən lentə alınmış videomüsahibənin nümayişi ilə davam edib.

Nümayişin ardınca çıxış edən Los-Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez Xocalı qətliamının dəhşətləri ilə bağlı təəssüratlarını bölüşüb. O, gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulayıb. Daha sonra müsəlman, xristian, zərdüşt, yəhudi və digər din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının ruhuna dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.

Sonra Azərbaycanın tanınmış kamança ustası, ABŞ-ın nüfuzlu Stanford Universitetində Azərbaycan musiqisini tədris edən İmamyar Həsənov tərəfindən müxtəlif xalq və bəstəkar mahnılarımız təqdim olunub. Türk əsilli pianoçu Cem Oslu bəzi mahnıları pianoda müşayiət edib.

Tədbirin sonunda Xocalı qurbanları üçün baş konsulluq tərəfindən ehsan süfrəsi açılıb.

Türkiyə

İstanbulun Bahçeşehir Universitetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi yad edilib.

Çıxış edən Bahçeşehir Universiteti rektorunun müavini, professor Tunc Bozbura türklərin əsrlər boyu bir çox qətliamlara məruz qaldıqlarını bildirib. Qeyd edib ki, bütün olanlara baxmayaraq, türk milləti olaraq hər zaman gələcəyə ümid bəsləmişik. Lakin tarixdə baş verən qanlı hadisələri heç bir zaman unutmayacağıq və bunu gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

T.Bozbura gələcəkdə daha yaxşı izlər qoymaq uğrunda mübarizə aparmağın vacibliyini vurğulayıb. Xocalı qətliamını insanlıq tarixində görülmüş ən böyük vəhşiliklərdən biri adlandıran professor, qardaş ölkə Türkiyənin bu qanlı hadisənin səbəbkarlarının cəzalandırılmasını tələb etdiyini bildirib.

Tədbirdə çıxış edən universitetin dosenti Mehmet Çelik Azərbaycanın yalnız azərbaycanlıların deyil, bütün türk dünyasının Vətəni olduğunu bildirib. Qeyd edib ki, bu səbəbdən Azərbaycanın kədəri bütün türk dünyasının kədəridir. “Biz bu gün burada 27 il öncə vəhşicəsinə qətlə yetirilmiş doğmalarımızı yad edirik”, - deyən M.Çelik Xocalıda öldürülənlər arasında dinc sakinlərin - uşaqların, qadınların və qocaların çoxluq təşkil etdiyini, bu səbəbdən Xocalıda baş verənlərin məhz soyqırımı, qətliam olduğunu vurğulayıb. Bildirib ki, bu qətliam ermənilərin işğalçı siyasətinin bir hissəsidir və Xocalıda cəsədlərin üzərində törədilmiş vəhşiliklər insanlıqdan kənar davranışdır.

M.Çelik bu tarixin təkrarlanmaması və ədalətin bərqərar olması uğrunda mübarizə aparmağın vacibliyini qeyd edib.

Azərbaycan Respublikası ­Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, 27 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq platformada hələ də yetərincə tanınmayıb. Qeyd edilib ki, illər boyu təkcə Xocalıda deyil, Azərbaycanın digər bölgələrində də ermənilər tərəfindən müxtəlif qanlı hadisələr törədilib. O zaman müstəqilliyini yeni qazanmış Azərbaycanın bu hadisələrin qarşısını almağa gücü yetmədi. Belə ki, o zamanlar Azərbaycan Ordusu formalaşmamışdı və könüllülərdən ibarət dəstələr ermənilərə qarşı öz gücləri hesabına mübarizə aparmağa çalışırdı. Bunun nəticəsidir ki, biz bu gün Azərbaycan xalqına qarşı törədilmiş növbəti qanlı hadisənin ildönümünü qeyd edirik. Hazırda Azərbaycan dünyanın ən inkişaf etmiş və güclü orduya sahib dövlətlərindən biridir. Lakin buna baxmayaraq, ərazi bütövlüyümüzün bərpasını istəyirik, eyni zamanda, sülhün, əmin-amanlığın tərəfindəyik.

“Xocalı həqiqətlərini və ermənilər tərəfindən törədilmiş bu kimi digər qanlı hadisələri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur”, - deyən B.Həsənov bu məsələdə sosial mediadan istifadənin vacibliyini vurğulayıb. Qeyd edib ki, artıq dünyada sosial media klassik medianı üstələyir. Öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusən gənclər sosial medianın gücündən geniş istifadə etməlidir. Hazırda dünyada informasiya müharibəsi məhz sosial media üzərindən aparılır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bizim əlimizdədir.

B.Həsənov Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalı altında olmasına, bir milyondan çox insanın öz vətənində məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı kimi qətliamların törədilməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin bu hadisələrə səssiz qaldığını, ermənilərin hələ də cəzalandırılmadığını vurğulayıb. Bildirilib ki, bu hal dünya ölkələri üçün sülhün təhdid edilməsi deməkdir. Bildirilib ki, Xocalı soyqırımını yalnız anım günlərində deyil, hər bir beynəlxalq platformada xatırlamaq bizim üçün vacibdir. Biz həqiqətləri dünyaya tanıtmalı və geniş təbliği ilə məşğul olmalıyıq. Xocalı soyqırımı haqqında bütün həqiqətləri dünyaya çatdırmaq hər birimizin borcudur.

 Tədbirdə çıxış edən Xocalı faciəsinin canlı şahidi, Milli Məclisin deputatı Elman Məmmədov o qanlı gecə haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonda azərbaycanlı tələbələrlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Belçika

Xocalı soyqırımının ildönümü ərəfəsində Avropa Parlamentinin 60-dan çox üzvü bəyanat imzalayıb. Bəyanatda bildirilir ki, gələcəkdə bəşəriyyətə qarşı belə cinayətlərin qarşısını almaq məqsədilə Xocalı soyqırımının günahsız mülki qurbanlarının xatirəsi ehtiramla yad edilməlidir.

Bəyanatda Xocalıda baş vermiş qanlı hadisələrin qurbanları olmuş qadın, uşaq və yaşlı insanlar haqqında məlumat da yer alıb.

“Hesab edirik ki, gələcəkdə bəşəriyyətə qarşı belə cinayətlərin bir daha baş verməməsi üçün Xocalıda törədilmiş dəhşətli hadisələr zamanı həyatını itirmiş insanların xatirəsini yad etmək böyük əhəmiyyət kəsb edir. 27 il öncə Azərbaycanın Dağlıq Qarabağ regionunda baş vermiş Xocalı qətliamının günahsız qurbanlarının xatirəsini böyük hüznlə yad edir və onların ailələrinə başsağlığı veririk. Xocalı faciəsi zamanı həyatını itirmiş insanların ailələrinin kədərini bölüşürük. Biz, Avropa Parlamentinin üzvləri bütün həmkarlarımızı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməyə və hər il bu günü qurbanların xatirəsinə hörmət əlaməti olaraq anım günü kimi qeyd etməyə çağırırıq”, - deyə bəyanatı imzalayan Avropa Parlamentinin üzvləri öz həmkarlarına müraciət ediblər.

Xatırladaq ki, ötən ilin fevral ayında Xocalı soyqırımının ildönümü ərəfəsində ilk dəfə Avropa Parlamentinin 22 deputatı Xocalı qətliamının müharibə cinayətləri kimi tanınması ilə bağlı bəyanatla çıxış edib və faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkəmizə başsağlığı veriblər. Qurumdakı deputatlarımız bir il ərzində Avropa Parlamentində 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında məlumatlandırma aksiyasını genişləndirib və bu təşəbbüsə qoşulan deputatların sayı cari ildə 3 dəfə artıb.

Xocalı soyqırımı ilə bağlı bəyanatı imzalayan deputatlar Avropa İttifaqına üzv ölkələrin yarısından çoxunu (28 üzv ölkədən 15-ni) və Avropa Parlamentində yer alan 8 siyasi qrupdan 6-sını təmsil edirlər.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

İsveçrə

Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən Bern şəhərinin meriyası, Bern kantonu və bələdiyyəsinin birgə təsisçisi olduğu “Polit-Forum-Bern” assosiasiyasına məxsus tarixi binada Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Mərasimdə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova çıxış edərək Xocalı faciəsinin səbəbi və nəticələri barədə geniş məlumat verib, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu söyləyib. Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanıdılması istiqamətində Azərbaycan dövləti və diasporu tərəfindən görülən işlərə toxunan X.İbrahimova bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası barədə danışıb və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması sahəsində əldə edilmiş nailiyyətləri sadalayıb. Səfir X.İbrahimova Azərbaycanın ümummilli maraqlarının müdafiəsi məsələsində azərbaycanlıları bir olmağa çağırıb.

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov Xocalıda törədilən vəhşiliklərin heç bir millətə ucalıq gətirmədiyini söyləyib, ədalətin bərqərar olması baxımından Xocalı qətliamına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsinin vacibliyinə diqqət çəkib.

Çıxışlardan sonra “Niyə Xocalı?” filmi nümayiş olunub.

Anım mərasimində Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, əcnəbi qonaqlar da iştirak ediblər.

Eyni zamanda, Berndə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbində Xocalı faciəsinə həsr olunmuş dərs keçirilib. Dərs çərçivəsində şagirdlər Xocalıya dair fikirlərini rəsm vasitəsilə ifadə edib və bu mövzuda fikir mübadiləsi aparılıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Latviya

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə bu ölkənin keçmiş prezidenti Valdis Zatlers, ölkə ictimaiyyətinin üzvləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun təmsilçiləri, jurnalistlər, müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Fondu tərəfindən çoxsaylı video, fotomateriallar əsasında istehsal edilmiş “Xocalıya ədalət!” sənədli filminin nümayişindən sonra səfir Cavanşir Axundov çıxış edib. Səfir bildirib ki, xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu soyqırımı aktı Ermənistanın etnik təmizləmə siyasətinə xidmət edib. Xocalı soyqırımının erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı 200 illik siyasətinin davamı olduğunu qeyd edən səfir faciə qurbanlarının xatirəsini daim yaşatmağı gənclərə tövsiyə edib. Bu vəhşilik aktı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən bəhs edən diplomat hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində silsilə tədbirlərin keçirildiyini, indiyədək bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qətliamı tanıyan və qınayan bəyanatların qəbul edildiyini söyləyib. 

2015-ci il fevralın 26-da Latviya seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyi günü önəmli tarixi uğur adlandıran səfir Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu tərəfindən 53 deputatın imzası ilə qəbul edilmiş bu sənəddə faciənin insanlıq əleyhinə cinayət olaraq tanındığını vurğulayıb, nümayiş etdirdiyi həmrəyliyə görə Latviya xalqına dərin təşəkkürünü ifadə edib. Bir gün faciənin bütün dünyada soyqırımı aktı kimi tanınacağına inam bildirən səfir həmvətənlərimizi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ətrafında sıx birləşməyə və bu faciəni daim xatirələrdə yaşadaraq gələcək nəsillərə ötürməyə çağırıb: “Həmin gün qətlə yetirilmiş körpələr bu gün 27-30 yaşlarında ola bilərdilər. Onlar da yaşayaraq arzularını reallaşdırardılar”, - deyə səfir vurğulayıb.

Fevralın 23-də Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi matəm mitinqinin keçirildiyini və bu gün Latviyada azərbaycanlı tələbələrin iştirakı ilə baş tutmuş anım yürüşünü qeyd edən səfir bu aksiyaların qanlı faciənin təbliği, xatirələrdə yaşadılması və gələcək nəsillərə çatdırılmasındakı vacibliyini önə çəkib.   

Latviyalı ictimai xadim və yazıçı Yanis Udris çıxışı zamanı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edərək, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. Ölkəmizdə baş vermiş 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər bu kimi hadisələrin xatirələrdə dərin izlər buraxdığını qeyd edən yazıçı Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin böyük qurbanlar bahasına başa gəldiyini diqqətə çatdırıb. Bu cür faciələrlə üzləşən bir xalqın qısa zamanda böyük siyasi və sosial-iqtisadi inkişaf yolu keçməsinə heyran qaldığını qeyd edən yazıçı bütün bu nailiyyətlərin əldə edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərinin əvəzsiz olduğunu söyləyib.

Tarixi perspektivdə Xocalı soyqırımının beynəlxalq ictimaiyyət və  bütün insanlıq üçün bir dərs olduğunu qeyd edən Y.Udris bu hadisənin beynəlxalq təhlil və qınağa layiq olduğunu bildirərək, onu dünyada baş vermiş digər analoji faciələrlə müqayisə edib. Bunların sırasında faşist Almaniyası tərəfindən yəhudi millətinə qarşı törədilən soyqırımı, 1937-ci ildə Sovet imperiyasının ərazisində yaşayan latış xalqına “burjua Latviyasının casuslarına qarşı mübarizə” şüarı altında aparılmış kütləvi qırğınların adlarını çəkən yazıçı bu halların tarixdə alman, polyak və digər xalqların nümayəndələrinə qarşı da törədildiyini diqqətə çatdırıb. 

 Sonra Azərbaycan mədəniyyət-informasiya mərkəzi – “Azərbaycan Guşəsi”nin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili” kurslarının latviyalı tələbələrinin ifasında Azərbaycan, latış, rus və ingilis dillərində Xocalı soyqırımına həsr edilən ədəbi kompozisiyalar səsləndirilib. Polşada yaşayan azərbaycanlı opera ifaçısı Tərlan Şahbaz tədbirin ruhuna uyğun xalq və bəstəkar mahnıları ifa edib.

Tədbirdə Xocalı soyqırımından bəhs edən müxtəlif kitab və broşürlər sərgilənib.

Sonda faciə qurbanlarının xatirəsinə ehsan verilib.

*  *  *

Həmin gün tədbirdən əvvəl “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Latviyadakı azərbaycanlıların və tələbələrin iştirakı ilə izdihamlı matəm-anım yürüşü keçirilib. Təxminən 100-ə yaxın insanın qatıldığı yürüşdə “Xocalıya ədalət!” şüarları yazılan plakatlar, habelə soyqırımı hadisəsini təsvir edən fotoşəkillər  nümayiş etdirilib, “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları səsləndirilib.

Yürüş zamanı Heydər Əliyev Fondu tərəfindən Leyla Əliyevanın müəllifliyi ilə ingilis dilində hazırlanmış “Xocalıya ədalət!” broşürlərı, həmçinin ingilis və latış dillərində “Xocalını xatırla” kitabçaları paylanılıb.

Riqa şəhərinin mərkəzi “Bastejkalna” parkından başlayan bir saatlıq yürüş Latviya Azadlıq Abidəsinin önündə əklil qoyulması ilə sona çatıb.

Litva

Litvanın aparıcı ali təhsil ocaqlarından olan Mykolo Romerio Universitetində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş tədbir və “Sonsuz dəhliz” sənədli filminin nümayişi təşkil olunub.

Tədbirdə yerli və əcnəbi tələbələr, müəllim-professor heyəti ilə yanaşı, Litva ictimaiyyətinin nümayəndələri, politoloqlar, kütləvi informasiya vasitələrinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının fəalları, soydaşlarımız iştirak ediblər.

Səfir Tamerlan Qarayev çıxış edərək tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, 27 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında ətraflı bəhs edib. O, dünyanın bir çox ölkələrində Xocalı faciəsinin soyqırımı kimi tanınmasına baxmayaraq, beynəlxalq birlik tərəfindən hələ də ona lazımi qiymət verilmədiyini deyib, insanlığa qarşı bu cür cinayətlərin bir daha təkrarlanmaması və ədalətin bərpa olunması üçün bütün sülhsevər xalqların səssiz qalmamaları çağırışını edib.

Çıxış edən digər tədbir iştirakçıları Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşiliyi Srebrenitsa və Xatında törədilən soyqırımı cinayətləri ilə eyniləşdirib, insanlığa qarşı soyqırımı kimi qiymətləndiriblər.

Sonra litvalı prodüser Andreas Brokasın həmmüəllifi olduğu “Sonsuz dəhliz” sənədli filminin baş qəhrəmanı, litvalı hərbi jurnalist Riçardas Lapaitis 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda baş vermiş hadisələrdən danışıb, gözləri ilə gördüyü erməni vəhşiliklərindən bəhs edib.

Daha sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Səfirliyin dəstəyi ilə Litva və ingilis dillərində nəşr edilmiş kitablar və yüzlərlə broşür, buklet tədbir iştirakçılarına paylanılıb.

Vilnüsdən başqa, Litvanın Klaypeda, Kaunas və digər şəhərlərində də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım tədbirləri keçirilir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

 

26 2019 00:39 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə