Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kinomuzun Xocalı harayı

Kinomuzun Xocalı harayı

Yaxşı ki, Xocalı faciəsinin baş verdiyi məqamları lentə ­almaq mümkün olub. Milli Qəhrəman Çingiz Mustafayev və fədakar jurnalist-operator Seyidağa Mövsümovun həmin gün bu qanlı faciənin ağrılı anlarını lentin yaddaşına köçürdükləri kadrlar sonralar neçə-neçə filmimiz üçün canlı materiala çevrilib və bu gün həmin kadrların yer aldığı filmlər Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır.

“Düşmən laylası” adlı qısametrajlı film Xocalı faciəsinin ağrıları haqqındadır. Ssenari müəllifi Altay Yaşar film haqqında deyir: “Əsas məqsəd XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi barədə acı həqiqəti beynəlxalq ictimaiyyətə yeni rakursda təqdim etməkdir. Filmdə biz Xocalı faciəsinə soyqırımı qurbanına çevrilmiş 5 yaşlı qızın gözü ilə baxmağa çalışmışıq”. 
Filmin müəllifinin qabartmağa ­çalışdığı məqam Xocalı faciəsi zamanı balaca Ayanın anasına verdiyi suallardır. Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən Ayan bütün film boyu bu suallara cavab axtarır. Müəllif bu yanaşma ilə tamaşaçıların qəlbinin ən zərif tellərinə toxunmağa və bu suala cavab tapmağa çalışıb: “Nə üçün dünya ictimaiyyəti indiyə qədər Xocalı soyqırımına lazımi qiymət verməyib?”
Filmin rejissoru Elxan Cəfərov, bəstəkarı Nailə Mirməmmədli, operatoru Tanrıverdi Tanrıverdiyevdir.
“ARB Aran” və “Qulp Studio”nun Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə çəkdiyi “Xocalı dərsi” filmində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabındakı faktlardan istifadə olunub.
 2015-ci ildə çəkilmiş “Sonsuz dəhliz” filmini litvalı rejissor Andreas Brokas çəkmişdir. Xocalı qırğınından söz açan bu sənədli film Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır.
Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. Ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayətlərini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və icraçıları – erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar.
Filmin primyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdir. “Sonsuz dəhliz” sənədli filminin prodüserləri Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşundur (ABŞ). Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.
İngilis dilində çəkilmiş filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub. 
Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir. Los-Anceles istehsalı olan və burada fəaliyyət göstərən yəhudi kinematoqrafçıları tərəfindən çəkilmiş bu sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların tükürpədici ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırır. Filmdə həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımı pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilir.
Filmdə, həmçinin, 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərdən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kampaniyanın oynadığı mühüm roldan bəhs olunur. 
İki sənədli film də--“Müharibə uşaqları” və “Biz qayıdacağıq” kinolentləri Xocalı soyqırımı hadisələrindən bəhs edir. Rejissor Şamil Nəcəfzadənin çəkdiyi “Müharibə uşaqları filmində faciə zamanı valideynlərini itirmiş yeddi uşağın taleyindən ağrılı notlarla bəhs edir. 
“Biz qayıdacağıq” adlı ikinci filmdə ( rejissor Könül Kərimova) Milli Qəhrəman Hikmət Nəzərlinin keçdiyi döyüş yolu barədə söhbət açılır.
Bununla yanaşı, gənclər tərəfindən “Xocalıya ədalət” silsiləsindən ideya yükü və dəyəri olan həvəskar və peşəkar videofilmlər yaradılmışdır. Hadisələrin canlı şahidlərinin xatirələri əsasında ekran həyatı qazanan bu filmlər faciənin yaddaşlarda yaşamasına kömək edir.
 Xocalı faciəsi haqqında bədii filmlərimiz də çəkilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətləri olan Nüşabə Məmmədovanın ssenarisi əsasında lentə alınan “Haray” filmi Xocalı həqiqətlərinin bədii kinoda dolğun ifadəsi idi. Rejissor Oruc Qurbanovun quruluşunda ərsəyə gələn kinolentdə Xocalıda insanlığa qarşı törədilmiş tükürpədici qətliam öz əksini tapıb. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə şahid olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını çox təsirli edir.
“Fəryad” Xocalı soyqırımı haqda ilk bədii kino əsərlərindəndir. Kinorejissor Vaqif Mustafayevin ssenarisi əsasında mərhum sənətkar Ceyhun Mirzəyevin quruluş verdiyi və baş rolu ifa etdiyi film öz zamanı üçün tarix yazıb desək, heç də yanılmarıq. Texniki meyarları və ümumilikdə, kino dramaturji üstünlükləri bir yana, filmdə müharibənin ağrı-acıları məharətlə göstərilib.
Digər ekran əsəri rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qar” filmidir. Bu filmi də həyəcansız seyr etmək mümkün deyil. 
Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Biz qayıdacağıq” filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir. Ekran əsərində bir neçə xronikal kadrdan və quraşdırma səhnələrdən istifadə olunub. Burada məcburi köçkün düşən insanların məşəqqətlərindən söhbət açılır. “Xocalı” filmi isə mövzuya daha da yaxınlaşır, bu ərazinin işğal ərəfəsində və həmin gecə qarşılaşdığı dəhşətli məqamların real faktlara söykənən bədii ifadəsidir. Filmin müəllifi bədii kinonun imkanları çərçivəsində Xocalı hadisələrinin reallıqlarını tamaşaçıya çatdırır.
Bu sıradan son ekran əsərlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən “Dua” sənədli filmi də faciəni dolğunluğu ilə əks etdirir. Bu sıraya rejissor Mehriban Ələkbərzadənin “Xocalı soyqırımı” adlı sənədli filmini də qeyd etmək olar. “Azərbaycantelefilm”də lentə alınan “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri” kimi nümunələr də maraqlı ekran işləridir.
2012-ci ildə rejissor Elşən Zeynallının “Günəşin batdığı yer”, həmin il rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi də bu qəbildəndir. 
Bu mövzuda kifayət qədər film çəkilmişdir. Onlardan bu faciə haqqında dünya xalqlarına real məlumatlar vermək üçün istifadə olunur. Bu filmlər Xocalı dəhşətlərini dünyaya çatdıran ən əhəmiyyətli təbliğat vasitəsidir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

26 2019 00:36 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə