Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanlıq tarixində qara bir ləkə

İnsanlıq tarixində qara bir ləkə

Xocalı qırğınını törətməklə erməni millətçiləri hiyləgər siyasi və taktiki məqsədlər güdürdülər. Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərdi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Azərbaycan və yəhudi xalqlarının həyatında elə böyük tarixi faciələr olub ki, onlar haqqında sakit danışmaq mümkün deyil. Hələ 1925-ci ildə Adolf Hitler “Mənim mübarizəm” kitabında yəhudilərin kökünü kəsmək barədə fikirlərini açıqlamışdı. Onun 1933-cü ildə hakimiyyətə gəlməsi və Avropa yəhudilərinin soyqırımı ilə başlayan Holokost fəlakəti bəşər tarixində ən dəhşətli hadisələrdən biridir. Faşistlər milyonlarla yəhudini xüsusi qəddarlıqla, ağır işgəncələrlə qətlə yetirdilər. 

XX əsrdə hər iki xalq tarixin ən məşəqqətli sınaqlarına məruz qalmışdır. Biz azərbaycanlılar yəhudi xalqının acılarını, ağrılarını, soyqırımı fəlakətlərini dərindən anlayırıq, çünki oxşar fəlakətləri biz də yaşamışıq. 
Alman faşizminin yəhudilərə, erməni faşizminin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlar, qırğınlar barədə məlumatları oxuduqca onu törədənlərə qarşı içimizdə nifrət hissi baş qaldırır. 
Hər iki faciə dünyanın xaosa sürəkləndiyi və Şərin-Xeyri, zülmətin-işığı üstələdiyi ərəfədir. Əgər yəhudi soyqırımı II Dünya müharibəsi ilə eyni vaxtda başlamışdırsa, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlar 200 ildir, XIX əsrin əvvəllərindən – Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən bəri davam edir. XX əsrin əvvəllərindən isə bu, sistemli şəkil almışdı. 1905-1907, 1914-1918, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə yüzminlərlə azərbaycanlı qətlə yetirilmiş, doğma torpaqlarından didərgin salınmışdır. 
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasətlə aparılmışdır. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “Böyük Ermənistan” qurmağa niyyətlənən ermənilər 1880-ci ildə Tiflisdə “Daşnaksütyun”, 1885-ci ildə Nyu-Yorkda “Erməni Vətənpərvərləri İttifaqı”, 1887-ci ildə Cenevrədə “Qnçaq” kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişlər. Bu təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu. 1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün “geniş imkanlar” açdı. Qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda qırğınlar törətmiş, 75 azərbaycanlı kəndini talan etmişlər. 
Bu hadisələrin baş verməsini təsdiqləyən sənəd M.S.Ordubadinin “Qanlı illər”, M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” kitablarında öz əksini tapıb. 
Hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi talan edilərək yandırılmış, minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bu qətliamlara başçılıq edən Qafqaz işləri üzrə fövqəladə komissar S. Şaumyan həmin ilin mart-aprelində Şamaxı qəzasının 53 müsəlman kəndində 2560- qadını, 1277 uşağı qətlə yetirməklə 8027 nəfər azərbaycanlının qanına bais olmuşdur. Eyni zamanda, Quba qəzasında 162 kənd dağıdılmış, 16 mindən çox insanın həyatına son qoyulmuşdur. Lənkəranda, Muğanda və Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi yandırılaraq talan edilmişdir.
 O günlərdə ermənilərin etdiyi cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur. Çünki, milli kimliyinə görə minlərlə dinc Azərbaycan türkü məhv edilmişdir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar milli arxitektur xəzinələri, məktəbləri, xəstəxanaları, məscidləri və digər tikililəri dağıdaraq, türklərə qarşı soyqırımını çox böyük bir qəddarlıqla həyata keçirirdilər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində kütləvi qırğınlar törətməklə dinc əhalini qırır, kəndləri yandırır, tarixi-milli abidələri məhv edirdilər.
1918-ci ilin mart-aprelində təkcə Bakıda 30 minə yaxın türk amansızlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər məhv edilmişdir. Quba ərazisində 122 (türklərlə birlikdə burada yaşayan yəhudilər də qırğına məruz qalmışdır), Qarabağın dağlıq bölgəsində 150, Zəngəzurda 115, İrəvan ­quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilmiş, əhali üzərində əsl qətliam həyata keçirilmişdir. İrəvan türklərinin çoxsaylı müraciətlərinin birində (“Əməkçi” qəzeti, 231, 2 noyabr 1919-cu il) göstərilirdi ki, türklərin bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər öldürülmüşdür. 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyası tərəfindən ermənilərin 1918-ci ildə törətdikləri vəhşiliklərin qurbanı olmuş insanların siyahısı bu gün də arxivdə saxlanılır.
Müxtəlif məxəzləri və arxiv sənədləri sübut edir ki, mahiyyət etibarı ilə faşizmin yəhudilərə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar çox oxşardır. Diqqət yetirin! Eyni fəlakəti – soyqırımını biz də yaşamışıq. Erməni yazıçısı, millətçi ideoloq Zori Balayanın 1974-cü ildə çapdan çıxmış və yayımlanmış “Ocaq” kitabı ermənilərin azərbaycanlılara qarşı növbəti terror dalğasının DQMV-də başlanmasına təkan vermişdir. Bu təbliğatdan sonra, ermənilərin soyqırımı siyasətinin növbəti qanlı mərhələsi Xocalı qətliamı ­başlamışdır. 1992-ci il fevral ayının 25-dən 26 -na keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüşlər. 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin –köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülmüşdür. 
Xocalı hadisəsi zamanı həlak olmuş 613 nəfərdən 181 meyitin ekspertlər tərəfindən müayinəsinin nəticəsi göstərdi ki, həmin meyitlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyitlərdən 13 nəfəri azyaşlı uşaq olmuşdur. Xəsarətlərin əmələgəlmə mexanizminə görə bölünməsi aşağıdakı kimidir: qəlpədən – 20 nəfər, güllədən – 151 nəfər, küt alətlə – 10 nəfər dünyasını dəyişmişdir. Xəsarətlər yerləşdiyi nahiyəyə görə aşağıdakı qaydada olmuşdur: baş nahiyəsi – 40 nəfər, döş qəfəsi – 74 nəfər, qarın nahiyəsi – 17 nəfər, ətrafları – 11 nəfər.
Bununla yanaşı, müayinə olunmuş meyitlərdən 3 nəfərində ətrafların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərin kəsilməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, qadınların cinsiyyət üzvlərinə odlu silahdan atəş açılması əlamətləri aşkar edilmişdir. Eyni zamanda, göz almalarının çıxarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət üzvlərinin kəsilməsi müşahidə olunmuşdur. Müayinə vaxtı 31 meyitdə konbinə, yəni bədənin müxtəlif nahiyələrinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər aşkar edilmişdir. Müayinə olunmuş meyitlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq, kömürləşmə aşkar edilmişdir. Eyni zamanda, müayinə edilən meyitlərdən 10 nəfərində güllə yarası ilə birlikdə, onların üzərindən hərbi texnikanın keçməsi əlaməti olmuşdur”.
Həmin dəhşətli günlərdə Xalq yazıçısı Anar SSRİ yazıçılarına hayqırıb müraciət edirdi: “Qarabağ ərazisində bütöv bir şəhər – azərbaycanlıların yaşadıqları Xocalı şəhəri, on min nəfər, eşidirsinizmi?! on min nəfər əhalisi olan bütöv bir şəhər məhv edilmişdir.”
Qanlı Xocalı gecəsinin kiçik təsviri emosional miqyasına görə Holokost fəlakətindən geri qalmır. Diqqət edin: “ Ölümün alovlu nəfəsi hər yandan onların üstünə axırdı, zalımın qara qılıncı günahsızların başına endirilirdi.”...Dilsiz körpələrin ahı – fəğanı ərşə yüksəlirdi... Qırmızı qana bürünmüş qaranlıq gecə hər yandan ölüm yağdırırdı insanların üstünə...”
Köməksiz qoca və ağbirçəklərin təpiklənə-təpiklənə öldürülməsi, övladlarının gözü qarşısında atalarının ağaca sarınıb əl-ayağının kəsilməsi, qızların namusunun ləkələnib heysiyyatına toxunulması kimi dəhşətli səhnələri necə unutmaq olar?
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı dinləmələrdə deputat Mustafa Kabakçı bir erməni jurnalistinin “Xaç naminə” kitabına istinadən gətirdiyi sitatı xatırladıram: “Kaplan” adlanan və cəsədlərin yandırılması ilə məşğul olan erməni qrupu martın 2-də 100 azərbaycanlının meyitini Xocalının 1 kilometr qərbində bir yerə gətirdi. Sonuncu yük maşınında 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralı idi, üzü göyərmişdi. Soyuğa, aclığa və yaralarına rəğmən hələ sağ idi. Elə bu zaman, Tiqranyan familiyalı bir əsgər onu cəsəd qalağının üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Yanan cəsədlər arasından bir fəryad eşitdim. Əlimdən bir şey gəlmirdi. Və mən Şuşaya qayıtdım. Onlar isə xaç naminə müharibəyə davam etdilər.”
Bu, ölüm düşərgələrində qaz sobalarında yandırılan yəhudilərin fəryadını xatırlatmırmı?!
Xocalı soyqırımı türk dünyası və Azərbaycan üçün ən faciəli qətliam olmaqla yanaşı, insanlıq tarixinə qara bir ləkədir. Bu şəhərdə insanların mühasirəyə alınıb qırılması, girov götürülməsi, başlarına min bir müsibət gətirilməsi sivil dünyanın gözü qarşısında baş vermişdi. Dünya isə susmuşdu...
Həm Holokost, həm Xocalı faciəsi xristian dəyərləri və sivil yaşayış mədəniyyəti ilə dünyaya örnək olmaq istəyən Avropanın içərisində baş verdi. “Demokratik” Avropa isə dinmədi, bu faciələrə haqq qazandırırmış kimi susdu.
İnsanlığa qarşı bu cinayətləri törədənlər gec-tez xalq məhkəməsinə veriləcək. Qaz sobalarında yəhudiləri yandıranlar ədalət məhkəməsinə verildilər, layiqli cəzalarına çatdılar. İnanırıq ki, Xocalı qatillərinin də cəzasını alacağı gün uzaqda deyil.
Təəssüflə qeyd etməliyik ki, tarixdə böyük haqsızlığa və ədalətsizliyə məruz qalmış azərbaycanlılara qarşı törədilmiş faciələrə dünya ictimaiyyəti etinasız qalmış, cinayətkara layiqli cavab verilməmişdir. Belə ki, heç bir beynəlxalq təşkilat soydaşlarımıza qarşı törədilmiş cinayətlərə, Xocalı soyqırımına münasibət bildirməmişlər.
Bu günlərdə Avropanın mərkəzində qanlı terror aktı baş verdi. İslam Peyğəmbərinin (s.) karikaturasını çəkmiş satirik jurnalın kafir əməkdaşları güllələndi. Əlbəttə, biz də qanlı terroru qınayırıq. Dünya liderləri Parisin Cümhuriyyət meydanında əl -ələ verib, həmrəylik nümayiş etdirdilər. Ancaq Xocalıda bütöv bir şəhər yer üzündən silindi, dünya isə susdu.
Azərbaycanın hər yerində erməni qəddarlığının, erməni faşizminin qanlı “izləri” var. Bu gün Quba rayonu ərazisində aşkar olunmuş məzarlıqda azərbaycanlılarla yanaşı, yəhudi qardaşlarımız və digər soydaşlarımız da erməni qəddarlığının qurbanlarıdır.
Azərbaycan tarixlər boyu xalqların, toplumların dinc yaşadığı nadir məmləkətlərdən olub. Əminliklə deyə bilərəm ki, ölkəmiz dünyada multikulturalizmin nümunəvi mərkəzlərindən birinə çevrilmişdir. Bu torpaqlarda yəhudilər və digər çoxsaylı millətlər bizimlə birgə yaşayıb və yaşayırıq. Həmişə dərdimiz bir, sevincimiz bir olub. Bu, Azərbaycan xalqının, sivilizasiyasının fəlsəfəsindən, xalqımızın çoxəsrlik tolerantlıq əxlaqından gəlir.
Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, ölkəmizdə mədəniyyətlərin, millətlərin dialoqu davam edir və milli sərvət kimi qorunub saxlanılır.
Xocalı soyqırımı xalqımızın qan yaddaşına həkk olunmaqla gənclərimizi unutqanlıqdan uzaqlaşdıracaq, onları faciəmizi dərindən öyrənməyə sövq edəcəkdir.
Vaxt gələcək biz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qarabağda zəfər bayrağımızı sancmaqla Böyük Qələbəmizi bayram edəcəyik.

 

Sadir Məmmədov,
Bakı Slavyan Universiteti “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının müdiri,
diplomatiya və xarici siyasət kafedrasının dosenti, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki 

 

 

26 2019 00:34 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə