Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi

Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi

İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəmanövladlarına ucaldılan möhtəşəm abidə olacaqdır.”
Heydər ƏLİYEV,
Ümummilli lider


 

Suraxanı

Azərbaycan Prezidenti ­İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” sərəncamının icrası ilə əlaqədar Suraxanıda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən anım mərasimində rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, ictimaiyyət nümayəndələri, Suraxanıda məskunlaşan xocalılar əvvəlcə türk rəssamlarının Xocalı faciəsinə, o cümlədən, Qarabağ hadisələrinə həsr olunan rəsmləri ilə tanış olublar. 
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli sərəncamında qeyd olunan “Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır” fikrini diqqətə çatdıraraq, xalqımızın bu dəhşətli faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan soyqırımını dərin hüznlə yad etdiyini vurğulayıb. 
Başçı çıxışında ­Xocalı faciəsinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, eyni zamanda, Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş kütləvi qətllərin miqyasca ən dəhşətlisi kimi tarixə yazıldığını diqqətə çatdırıb. 
İlqar Abbasov daha sonra deyib: “Qətliam törədildiyi vaxt faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Yüksək vəzifəli şəxslər XX əsrin ən müdhiş soyqırımlarından biri olan bu cinayətin miqyasını ört-basdır etməyə çalışır, hətta xalqa doğru-dürüst məlumat verməkdən çəkinirdilər. Bu hadisədən bir müddət sonra hakimiyyətə gələn AXC-Müsavat iqtidarı da susmağa üstünlük verdi”.
Rayon icra hakimiyyətinin başçısı bildirib ki, Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldı. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən, Azərbaycan və bəşər tarixinin qanlı səhifələrindən biri olan bu hadisələr hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunmağa başlandı. 
Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə ­çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanımın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası bu faciənin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Hazırda respublikamızın 51 rayonunda məskunlaşan xocalıların müvafiq sosial yardım proqramlarına cəlb olunması, imtiyazlı şəxslərin müavinət və təqaüdlərinin vaxtlı-vaxtında verilməsi, ali məktəblərə ödənişli əsaslarla qəbul olunanların təhsil haqqından azad edilməsi dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı, onların həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, rayonda məskunlaşmış Xocalı şəhər sakini, soyqırımı nəticəsində yaxınlarını itirmiş Xəlil Vəliyev çıxış ediblər. 
Tədbiri başçı İlqar Abbasov bu sözlərlə yekunlaşdırıb: “Bu gün xocalılarla yanaşı, doğma yurdlarından didərgin düşmüş bütün soydaşlarımız əmindirlər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü tezliklə təmin olunacaq, soydaşlarımız ata-baba yurdlarına qayıdacaqlar. Artıq Cocuq Mərcanlı buna bir nümunədir. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.” 
Sonda Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya göstərilib. 

Mingəçevir

Şəhər icra hakimiyyətinin müşavirə zalında Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə şəhər icra hakimiyyətinin baçısı İlham İsmayılov açdı. Faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlham İsmayılov bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımız öz taleyinin ən ağır və acılı anlarını yaşadı. O müdhiş gecədə insanlığa qarşı ən qəddar, amansız terror hadisələrindən biri törədildi. Hər tərəfdən mühasirəyə alınaraq erməni və rus yaraqlılarının vəhşi hücumuna məruz qalan qədim Xocalının dinc sakinləri öz milli mənsubiyyətlərinə görə gülləbaran edilərək dəhşətli əzab içərisində qətlə yetirildilər. Xankəndində yerləşən Sovet İmperiyasının 366-cı motoatıcı alayı isə bu amansız qırğının həyata keçirilməsində ermənilərə xüsusi xidmət göstərdi.
2500 nəfərdən çox dinc sakin qatillər ordusu ilə üz-üzə qalmışdı. Xocalının özünü müdafiə qüvvələri isə çoxlu sayda zirehli texnikanın, təpədən dırnağadək silahlanmış başkəsənlər ordusunun qarşısını almaq iqtidarında deyildi. Müasir silahlarla yaraqlanmış ermənilər bir neçə saat ərzində 613 nəfər soydaşımızı xüsusi amansızlıqla qətlə yetirmişdir. Həlak olanların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Bu soyqırımı zamanı qədim Xocalı şəhəri erməni hərbi birləşmələri tərəfindən yerlə yeksan olundu. Yüzlərlə dinc sakin dəhşətli işgəncələrə məruz qaldı, meyitlər təhqir olundu. Bu amansız terror hadisəsi təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdəndir. Qətl gecəsində 487 nəfər yaralanmış, 150 nəfər itkin düşmüşdür. 1275 nəfər Xocalı sakini isə əsir götürülərək, ağlasığmaz işgəncələrə məruz qaldı.
Təəssüf ki, Azərbaycanın o vaxtkı bacarıqsız və səriştəsiz rəhbərləri Xocalı faciəsinin ağırlığına baxmayaraq, bu cinayətlə bağlı ictimaiyyətə vaxtında geniş məlumat verməyərək, əsl həqiqəti həm xalqdan, həm də dünya ictimaiyyətindən gizlətməyə çalışırdı. Vəziyyəti düzgün qiymətləndirə bilmədiklərindən, torpaqlarımızın 20 faizinin işğal olunmasına, bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin salınmasına səbəb oldular.
Bu faciənin dövlət tərəfindən lazımınca qiymətləndirilməməsi sonrakı mərhələlərdə özünün mənfi nəticəsini göstərdi.
Yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini aldı. Ulu öndər dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli iş gördü. Heydər Əliyev Xocalı faciəsinin beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün əməli tədbirlər həyata keçirdi. Ümummilli lider müdrikcəsinə demişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. 
Bu gün Azərbaycanın müxtəlif bölgələrində didərgin həyatı yaşayan Xocalı bacı və qardaşlarımızdan 323 nəfəri köçkünlük həyatını Mingəçevirdə keçirir. Çalışırıq ki, imkan dairəsində onları hər cür qayğı və diqqətlə əhatə edək.
İ.İsmayılov əlavə etdi ki, Xocalı soyqırımının 27-ci ildönümü bütün dünyada geniş qeyd olunur. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsi zamanı şəhid olanların xatirəsini həmişə uca tutur, onların arzu və istəklərinin gerçəkləşməsi naminə var qüvvəsini sərf edir. 
Görüşdə Mingəçevirdə məskunlaşmış Xocalı nümayəndələrindən Xocalı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Göyüş Həsənov, Xocalı sakinlərindən Baloğlan Allahyarov, Səfər Səfərov, Zahir Usubov, Süleyman Orucov, şəhər ictimaiyyəti nümayəndələrindən Qarabağ əlili Nizami Təhməzov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Turizm kollecinin direktoru Əyyub Əyyubov çıxış edərək Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fikirlərini bölüşdülər, faciə ilə əlaqədar təəssüratlarını bildirdilər. Faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşə yekun vuran şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər görülür. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tam əminik ki, torpaqlarımız yaxın vaxtlarda yağı düşməndən azad olunacaq, işğal olunan bütün ərazilərimizin sakinləri kimi, xocalılar da öz doğma yurd-yuvalarına qayıdacaqlar. 

Zaqatala 

Zaqatala rayonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. 
İlk öncə tədbir iştirakçıları Soyqırımı abidə kompleksini ziyarət etmiş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Sonra rayon icra hakimiyyəti başçısı Mübariz Əhmədzadənin “Xocalının səsi” adlı məruzəsi dinlənilmişdir. Natiq çıxış edərək vəhşiləşmiş erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 27 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər soydaşımızın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin isə əsir düşdüyünü qeyd etmiş, həmin gün Xocalıda 10 ailənin tamamilə məhv edildiyini, 21 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini xüsusi vurğulamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit edildiyini vurğulamış, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu bildirmişdir.
Tədbirdə çıxış edən ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Məhz bu siyasətin məntiqi nəticəsi kimi, bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımının əsil səbəblərini bilir və erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyirlər. Natiqlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması istiqamətində fəaliyyətində ölkə rəhbərinə uğurlar arzulamışlar. 
Daha sonra tədbirdə iştirak edən xocalılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Sonra rayonda məskunlaşmış Xocalıdan olan 29 məcburi köçkün ailəsinə rayon icra hakimiyyəti tərəfindən maddi yardımlar göstərilmişdir.

Qubadlı

H.Quliyev adına Qubadlı rayon Çaytumas kənd məktəb liseyində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə RİH-nin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Anım mərasimini məktəbin direktoru Şamama Həsənova açıq elan etdikdən sonra Xocalı soyqrımının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd olunmuşdur ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək dinc əhaliyə divan tutmuşlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı batalyonun şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu, təkcə Azərbaycan ­xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir.
Bildirilmişdir ki, bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənəddə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər olduqca təqdirəlayiqdir. 
Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə genişmiqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri, 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. 
Sonda bildirilmişdir ki, Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.
Tədbirdə məktəb şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi- bədii kompozisiya nümayiş etdirilmiş, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənmişdir.

 

Vaqif BAYRAMOV,
İlqar HƏSƏNOV,
Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2019 00:31 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə