Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədət Əyyuboğlu-60

Tanınmış şair-publisistin yubileyi qeyd edildi

Mədət Əyyuboğlu-60

Azərbaycanın media ictimaiyyəti tanınmış şair-publisist Mədət Əyyuboğlunun anadan olmasının 60 illiyini sayğı və qədirbilənliklə qeyd edir. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasının “Azərkitab” Kitab Təbliğatı Mərkəzi ilə birgə təşkil etdiyi mərasimdə yubiliyarın ömür yoluna və ədəbi-publisistik yaradıcılığına geniş nəzər salındı, həmkarlarının və dostlarının səmimi təbrikləri, xoş arzuları səsləndi.

Məclisi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Mədət Əyyuboğlunun bioqrafiyası barədə yığcam məlumat verərək onu milli jurnalistikamızın demokratik ənənələri ilə tərbiyələnmiş, jurnalistikanın müxtəlif sahələrində çalışaraq zəngin təcrübə toplamış, mətbu sözün ictimai mahiyyətinə daim sadiq qalmış, müstəqilliyin ilk illərində azad media quruculuğunda fəal iştirak etmiş, eyni zamanda, istedadlı şair kimi çağdaş ədəbi-bədii prosesdə öz üslub və məramı ilə seçilən yetkin yazar kimi səciyyələndirdi. AMŞ sədri milli jurnalistikamızın inkişafında xidmətlərinə görə layiq görülüdüyü Azərbaycan Mətbuat Şurasının yubiley diplomunu Mədət Əyyuboğluna təqdim etdi.

Yenicə çapdan çıxmış və ilk nüsxələri məclis iştirakçılarına təqdim olunan “Şair-publisist Mədət Əyyuboğlu” kitabının müəllifi,  “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli yubiliyar həmkarı barədə geniş məlumat verərək bildirdi ki, Mədət Əyyuboğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, sonralar bir sıra qəzet və jurnallarda, Ombudsman aparatında, AZƏRTAC-da çalışıb. O, 60 yaşa təcrübəli jurnalist, istedadlı şair-publisist  kimi  mənalı bir ömür sahibi kimi yetişib. Nüfuzlu yazarın çağdaş oxucu üçün iki yaradıcı obrazı var. Birincisi, şair Mədət Əyyuboğlu, ikincisi, publisist Mədət Məmmədov və hər iki obraz bir-birini tamamlayır. Onun publisistik yazıları essevari şeiriyyəti ilə seçilir, poeziyası publisistik dücüncənin ciddiliyi ilə aktuallıq kəsb edir.

BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurası sədrinin müavinləri—Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Əməkdar jurnalist Tahir Aydınoğlu, media eksperti Xalidə Bağırova, “Azərkitab” Kitab Təbliği Mərkəzinin  rəhbəri Sabir Həsənov  və digər çıxış edənlər də Mədət Əyyuboğlunuin yüksək insani və peşəkarlıq xüsusiyyətlərindən söz açdılar, ona həyatının məhsuldar və yetkinlik çağında daha böyük uğurlar arzuladılar.

Həmkarları və dostları Əli Rza Xələflinin “Şair-publisist Mədət Əyyuboğlu” kitabında əksini tapmış məqamlara da diqqət yetirərək bildirdilər ki, bu dəyərli nəşrdə tanınmış şair, ictimai xadim, mətbuat təşkilatçısı Mədət Əyyuboğlunun həyat və yaradıcılıq yolundan bəhs edən məqalələr, ədəbi düşüncələr, rəylər və mülahizələr toplanıb. Məqalələrdə şair Mədət Əyyuboğlunun şair-vətəndaş, şair-insan, şair-söz, şair-sənət prizmasından obrazı dolğun əksini tapır. Şairi narahat edən həyat--cəmiyyət problemləri, insan--dünya modelində görünən və görünməyən tərəflər-- dərdlər, ağrılar işğal faciəsinin poetik ifadəsi kimi ədəbi tənqidin təhlil süzgəcindən keçirilir.

Mədət Əyyuboğlunun əqidəli, prinsipial mövqeyi kitabda təqdim olunan publisist yazılarında, ədəbi-tənqidi qeydlərində, onun mətbuat və digər kütləvi informasiya vasitələri haqqında düşüncələrində də görünür. Kitab söz yanğısı ilə ömrünün kamillik çağlarını yaşayan şair, publisist, ictimai xadim Mədət Əyyuboğlunu oxucuların daha yaxından tanıması üçün dəyərli mənbədir.

 

Tahir TURAN,
“Xalq qəzeti”

25 2019 14:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə