Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana Hindistan, Çin, Koreyadan gələnlərin sayı artıb

Azərbaycana Hindistan, Çin, Koreyadan gələnlərin sayı artıb

Bu ilin yanvar ayında Azərbaycana Misir, Pakistan, Türkmənistan, Hindistan, Çin, Gürcüstan, Cənubi Koreyadan gələnlərin sayı artıb, Körfəz ölkələrindən gələnlərin sayı isə azalıb.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, 2019-cu ilin yanvar ayında  Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil etmişdir.

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olmuşdur.

2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2 faiz azalaraq 67,2 min nəfər olmuşdur.

2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 35,0  faizi İrana, 28,0 faizi Gürcüstana, 20,9 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı 2,5 faiz artmış, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz  azalmışdır.

 

“Xalq qəzeti”

25 2019 12:27 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə