Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlverişli investisiya mühiti sosial-iqtisadi inkişafı şərtləndirir

Əlverişli investisiya mühiti sosial-iqtisadi inkişafı şərtləndirir

Azərbaycan Prezidenti İlham Əliyev builki Davos İqtisadi Forumunda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü zamanı respublikamızdakı mövcud investisiya mühiti barədə danışarkən deyib: “Həqiqətən də ölkəmiz yaradılmış investisiya mühiti ilə öyünə bilər. Bu, onunla bağlıdır ki, istər daxili, istərsə də xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanda çox əlverişli iqtisadi, siyasi və sosial şərait yaradılıb və bu sahədə zəruri tədbirlər fasiləsiz olaraq davam etdirilməkdədir. Xarici investorlara zəmanətlərin verilməsi, pul vəsaitlərinin ölkə daxilində və ondan kənarda sərbəst hərəkəti, xarici investorların mənafelərinin qorunması, investisiya mühitini özündə ehtiva edən hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı bu qəbildən olan amillər sırasındadır”.
Doğrudan da bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, şirkətlərin, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir dönəmdə Azərbaycan, eyni zamanda, həm daxili, həm də strateji əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində nümunə göstərən bir dövlətə çevrilib. 
Xatırladaq ki, dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda olan təhlükəsizlik, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın, qeyri-neft sektoruna 100 milyard manatdan çox vəsait yatırılması da məhz bu amillə bağlıdır. 
Qeyd edək ki, respublikamızda uğurlu investisiya qoyuluşunda Prezident İlham Əliyevin həyata keçirdiyi həm sosial-iqtisadi, həm də praqmatik və müstəqil siyasət önəmli rol oynayıb. 
Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti nəticəsində bu gün ölkəmizdə sahibkarlar biznesin istənilən sahəsi və növü ilə məşğul ola bilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, sahibkarlıq subyektlərində yoxlamaların, vergi yoxlamaları istisna olmaqla 2020-ci ilədək dayandırıldığı, lisenziyalaşan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, prosedurların sadələşdirilməsi, rüsumların əhəmiyyətli dərəcədə aşağı salınması, vergi sistemində reallaşdırılan ciddi və əsaslı islahatlar bunun bariz ifadəsidir. 
Hazırda 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizminin qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manatadək investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Bununla yanaşı, gömrük və sosial ödənişlər sistemində köklü və uğurlu islahatlara başlanılması da investisiya mühitinin bundan sonra daha yaxşılaşacağından xəbər verir.
Məhz elə bütün bu məqsədyönlü tədbirlərin nəticəsidir ki, respublikada 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsuldakı payı 84 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb.
Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb.
Hazırda respublikada sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri uğurla fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Şübhəsiz ki, burada, yuxarıda xatırlatdığımız kimi, etibarlı tərəfdaş amili də mühüm önəm daşıyır. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rola malikdir. 
Xatırladaq ki, ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri (uzunluğu 1767 kilometr), 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri (uzunluğu 980 kilometr) istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihənin icrası sürətlə gedib və keçən il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. TAP layihəsinin icrası isə hazırda qrafik üzrə davam etdirilir. 
1994-cü il sentyabrın 20-də Bakıda imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulub. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcək. Müqavilənin müddətinin uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb. 
Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Təməli 2007-ci ildə qoyulan Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Keçən il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər tamamlanıb. 
Son 15 ildə Azərbaycanda daxili investisiya layihələri də uğulu nəticələrlə qeydə alınıb. Ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar yaradılıb, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görülüb. Sumqayıtda alüminium, karbamid, plastik emalı müəssisələri, “SOCAR Polymer” şirkətinin obyektləri (onlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur), Balaxanıda məişət tullantılarının təkrar emalı, Bakı gəmiqayırma, Gəncə, Naxçıvan və Neftçalada avtomobil, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncə alüminium yarımfabrikatı və digər sənaye müəssisələri istifadəyə verilib. 
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat sərmayə yatırılıb. Həmin dövrdə neft sektoruna yatırılan investisiyaların həcmi azalsa da, qeyri-neft sektoruna yönələn vəsaitin məbləği 22 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyaların həcmi 23 faiz artıb. Digər bir fakt: keçən il yatırılan ümumi sərmayənin 46,7 faizi dövlət, 53,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Eyni zamanda, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 69,7 faizini təşkil edib. Hesabat dövründə əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 9 milyard 76,9 milyon, bank kreditləri 1 milyard 902,5 milyon, büdcə vəsaitləri 4 milyard 449,2 milyon, büdcədənkənar fondların vəsaiti 278,7 milyon, əhalinin şəxsi vəsaitləri 1 milyard 407,8 milyon, digər vəsaitlər isə 123,1 milyon manat olub.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

23 2019 23:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə