Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dünya, Xocalıya səssiz qalma!”

“Dünya, Xocalıya səssiz qalma!”

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə qardaş ölkənin şərq bölgəsində fəaliyyət göstərən QHT-lər Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım yürüşü keçiriblər.
Bununla əlaqədar İğdırın mərkəzində qurulmuş çadırda Xocalı soyqırımına həsr olunan sərgi təşkil edilib.
İzdihamlı yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi yad olunub.
Yürüşdə Azərbaycanı və Türkiyəni təmsil edən QHT nümayəndələri, şəhid ailələri və qazilər, el ağsaqqalları və gənclər iştirak ediblər.
Baş konsulluğun məsul əməkdaşı Tural Həsənov, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəy və Qarabağ müharibəsi veteranı Aqil Məmmədov çıxış ediblər. Çıxışlarda 1992-ci ilin fevralında Xocalı soyqırımını törədən cinayətkarların tezliklə beynəlxalq məhkəmələr tərəfindən mühakimə olunması tələb edilib. Diqqətə çatdırılıb ki, saxta “erməni soyqırımı” mövzusu ilə dünya ictimaiyyətini aldatmağa çalışanlar Xocalıda baş verənləri xatırlamalıdırlar. Xocalıda törədilən bəşəri cinayəti bilmək, tanımaq və bu cinayəti həyata keçirənləri ittiham etmək üçün, sadəcə olaraq, vicdan lazımdır. Çünki Xocalı soyqırımı cəmi 27 il əvvəl müasir dünyanın gözü qarşısında baş verib. Yer üzündən silinən bir şəhərdə törədilən cinayətin soyqırımı aktı olduğunu sübut etməyə ehtiyac yoxdur. 
Çıxışlardan sonra İğdırın mərkəzində toplaşan insanlar “Dünya, Xocalıya səssiz qalma!”, “Xocalı şəhidlərini rəhmətlə, ehtiramla anırıq!” və sair şüarlarla hərəkətə başlayıblar. Yürüş iştirakçıları Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandıraraq bir daha iki qardaş xalqın sarsılmaz birliyini nümayiş etdiriblər. 
Azərbaycanın baş konsulluğu tərəfindən yürüşçülərə xalqlarımıza qarşı törədilmiş erməni vəhşiliklərini əks etdirən kitablar paylanıb.

 

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır

23 2019 23:40 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə