Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalı – XX əsrin soyqırımı”

“Xocalı – XX əsrin soyqırımı”

Milli Kitabxanada Mədəniyyət ­Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılış mərasimi və Ulduz Qasımın “Xocalı şikəstəsi” adlı kitabının təqdimatı keçirilib. 

Tədbiri Milli Kitabxananın ­direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Xocalı faciəsinin 27-ci ildönümü haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən tədbirlər planı təsdiq olunub. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və onun hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 27 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk gün olduğu kimi yaşayırıq. 
K.Tahirov çıxışında onu da qeyd edib ki, Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayətdir. Xocalı faciəsinin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində mühüm addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclasında hər il fevralın 26-sı ­“Xocalıların Soyqırımı Günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Heydər Əliyev Fondunun fəaliyyətinin və “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda bu faciə siyasi hüquqi qiymətini alaraq bir sıra ölkələr tərəfindən soyqırımı kimi tanınıb.
Daha sonra “Xocalı şikəstəsi” romanının müəllifi Ulduz Qasım çıxış edərək romanın bədii əsər olsa da, real hadisələr əsasında yazıldığını bildirib. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, Xocalının Qarabağın yaralı yeri olduğunu söyləyib.
Sonda tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat mareriallarını, foto şəkilləri əhatə edən “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi bir həftə ­nümayiş olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 23:39 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə