Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı – bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı

Xocalı soyqırımı – bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı

Hər ilin fevral ayında ölkəmizdə dərin hüznlə qeyd edilən Xocalı soyqırımı tədbirlərinin məzmunu nə qədər tükürpədici, ürəkağrıdıcı olsa da, bunun mahiyyətində böyük bir vətənpərvərlik, vətənsevərlik motivləri də var. Ölümün gözünə dik baxa bilməyin özü hər kəsdən daxili bir güc, inanılmaz fədakarlıq, cəsarət tələb edir. Xocalılar bu cəsarəti bacardılar. Öləndə də erməninin qarşısında diz çökmədilər, əyilmədilər, əqidələrindən dönmədilər. Ermənilər necə ki, ulu öndər Heydər Əliyevdən qorxurdular, müəyyən qədər də Xocalıdan ehtiyat edib çəkinirdilər. Xocalılar ağaca sarınıb diri-diri yandırılanda da, dəmir kəlbətini ilə dırnaqları, dişləri çıxarılıb şok vəziyyətinə düşəndə də bu qaniçənlərin tələb etdiyi “Qarabağ erməninindir!” – ifadəsini dillərinə gətirmədilər, “Qarabağ Azərbaycanındır!” – deyərək hayqırdılar və erməni faşistlərini vahiməyə saldılar. Hətta adını həkim qoyub, acizliyini, gücsüzlüyünü 8-9 yaşlı uşaqlara göstərən, onların dərisini soyub ölümlərinin vaxtını ölçən Zori Balayan kimi vəhşiyə də körpələr “Qarabağ bizimdir!” – dedilər. 
Siz millətin nümayəndəsinin Vətən qeyrətinə fikir verin! Onlar “Qarabağ erməninindir!” – deməsələr alovun dilləri arasında diri-diri yanacaqlarını, desələr – azad ediləcəklərini bilə-bilə “Vətən” adını yüksək tutaraq, əqidələrindən dönmədilər. Özlərinin mənəvi cəhətdən ölməzlikləri ilə erməniyə qalib gəldilər, düşməni sarsıtdılar, dünyanın gözü qarşısında ona faşist, qaniçən və vəhşi damğası vurdular. Ermənilər nə qədər öz havadarlarına bel bağlasalar da, bu damğa onların alnından heç vaxt silinməyəcək.
Erməni öyünməsin ki, müharibədə qalib gəlib. Bu, müharibə deyildi, bu, Mixail Qorbaçov satqınlığının, ikiüzlüyünün, riyakarlığının zirvəsi idi. Biz nə Xocalı soyqırımı vaxtı, nə də digər qırğınlar zamanı ermənilərlə müharibə aparmamışıq. Çünki ermənilər xaincəsinə bizə qarşı soyqırımı törədəndə bizim nə ordumuz, nə də silah-sursatımız var idi. SSRİ dövründə Qorbaçovun əmri ilə bizim bütün silahlarımız əlimizdən alınmışdı. Azərbaycan və Ermənistan böyük bir SSRİ “ailəsinin” eyni hüquqlu üzvləri olsalar da, qanlı imperiya tərəfindən biz tərk-silah edildik, ermənilər isə ən müasir silahlarla silahlandırıldılar. Belə vəziyyətə heç bir vəchlə müharibə demək olmaz. Müharibə indi başlayacaq. Əsl müharibə Azərbaycan Prezidentinin – Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmri ilə başlanacaq.
Məlumdur ki, müəyyən dövrlərdə müxtəlif millətlərin nümayəndələrinə qarşı soyqırımlar törədilib. Təəssüf ki, Azərbaycan xalqı da son 200 il ərzində ermənilər tərəfindən bir neçə dəfə soyqırımlarına məruz qalıb. Niyə son 200 il deyirik. Çünki ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülmələrinə məhz 1828-ci ildən etibarən başlanılıb. Həmin illərdə Çar Rusiyasının İrandakı səfiri Qriboyedovun əli ilə İrandakı ermənilərin böyük əksəriyyəti Qərbi Azərbaycan və Dağlıq Qarabağ torpaqlarına köçürüldülər. Bunula da o zamankı ruslar erməniləri Türkiyə ilə Azərbaycan arasında yerləşdirərək bufer zona yaratdılar. Elə həmin illərdən etibarən əvvəl Çar Rusiyasına, sonralar isə sovet Rusiyasına arxalanan gəlmə ermənilər tərəfindən torpaqlarımızın – Qərbi Azərbaycan ərazilərinin, İrəvan kimi şəhərimizin soyqırımına uğradılması ilə sonrakı faciələrimizin bünövrəsi qoyuldu. Bundan sonra ermənilər torpaqlarımız, şəhər və kəndlərimizlə birlikdə insanlarımızı da soyqırımına uğratmağa başladılar: 1905-1907, 1918-1920, 1948-1952-ci illərin qırğınlarını, etnik təmizləmə deportasiyalarını həyata keçirdilər. Belə faciələrdən ən dəhşətlisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə baş verən Xocalı soyqırımı oldu.
Bu gün o dəhşətli gecədəki soyqırımından 27 il keçir. Ümummilli liderimiz Heydər Əliyev həmin hadisəyə siyasi qiymət verərkən qeyd etmişdi ki, ermənilərin törətdiyi Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı yox, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Ona görə də cinayətkarlar cəzalarını almalıdırlar.
1992-ci il fevralın 26-na keçən gecə ermənilər sovet ordusunun Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayın əsgər və zabitlərindən,  ağır artilleriyasından istifadə edərək, Xocalını mühasirəyə aldılar və gecə ikən yuxuda olan əliyalın dinc əhalini soyqırımına uğradılar. Xocalının qocaları, qadınları, körpə uşaqları, əliyalın, silahsız cavanları, qızları, gəlinləri həmin ilin fevral gecəsində – qarlı-şaxtalı bir gecədə cəmi bir neçə saat ərzində kütləvi qırğına məruz qaldılar. Bu soyqırımında 613 nəfərin rəsmən həlak olduğu bildirilsə də, əslində, bütün sakinlər Xocalı şəhəri ilə birlikdə soyqırımına məruz qaldı. Erməninin məkrli niyyəti heç də 613 nəfəri öldürməkdən ibarət deyildi. Onların niyyəti, əslində, bütövlükdə Xocalını və xocalıları Yer üzündən silmək idi. Kimlərinsə həmin soyqırımından “sağ” çıxması heç də onların soyqırımı təcavüzündən kənarda qalması anlamına gətirilməməlidir. O məşum gecədə heç kəsə aman verilməyib: 8 ailə tamamilə yer üzündən silinib, 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər ağır işgəncələrlə öldürülüb. 418 nəfər ağır xəsarət alıb, onlardan 76 nəfəri məsum uşaqlar, körpələr olub, 1275 nəfər əsir götürülüb və onların üzərində ağlasığmaz zorakılıqlara yol verilib. Çox insan ömürlük şikəst olub, 150 nəfər itkin düşüb, indiyə qədər də onlardan xəbər-ətər yoxdur. Bunun soyqırımından başqa adı yoxdur. Belə amansızlıqla, vəhşicəsinə törədilən kütləvi qırğına dünyanın heç bir nöqtəsində rast gəlinməyib. Ermənilər keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilən 366-cı motoatıcı alayının silahları ilə silahlanıb tanklarla, toplarla günahsız, köməksiz xocalılara divan tutublar. Bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib.
Bunu Ermənistanın keçmiş rəhbərlərindən olan və birbaşa bu soyqırımı törədənlərdən Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan, Zori Balayan və başqaları kimi əlləri xocalıların günahsız qanına bulaşmış, qaniçən cinayətkarların özləri də etiraf və təsdiq edirlər. Lakin hələ də bu vaxta qədər onlar bu soyqırımına görə Beynəlxalq Hərbi Tribunala cəlb olunmayıblar. İkili standartlar hələ də davam edir. Doğrudur, bu yaxınlarda S.Sarkisyan, R.Koçaryan, S.Ohanyan kimi cinayətkarlar öz millətlərinə qarşı törətdikləri quldurluqlarına görə danışdırılıb, həbsə alınıblar, lakin bu bizə təsəlli ola bilməz. Onlar həqiqi cəzalarını almalıdırlar və torpaqlarımız erməni tapdağından azad edilməlidir. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobudcasına pozulmasına səbəb olub. Erməni cəlladları beynəlxalq hüquqi aktlara, Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, Vətəndaşlıq və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişə məhəl qoymurlar. 
Prezidentimizin bu istiqamətdə apardığı məntiqli siyasət və gördüyü işlər hamımızı ruhlandırır və gələcəyə nikbinliklə baxırıq. Çünki bizim Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında dünyanın ən güclü ordularından birinə çevrilib. Bunu 2016-cı ilin Aprel və Naçxıvanda ötənilki Günnüt hadisələri də bir daha sübuta yetirdi. Bildiyimiz kimi, Aprel hadisələrində rəşadətli Silahlı Qüvvələrimiz misilsiz qəhrəmanlıqlar göstərərək, bir sıra strateji əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirə bildi. Lələtəpə yüksəkliyi ələ keçirildikdən sonra isə Cocuq Mərcanlı yenidən bərpa olundu. Naxçıvanda 11 min kvadrat kilometrlik bir sahəni erməni tapdağından azad edən ordumuz işğal altında olan digər torpaqlarımızı da azad etməyə qadirdir. 
İnanırıq ki, Cocuq Mərcanlıdan başlanan yolumuz təkcə Xocalıdan, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Zəngilandan, Qubadlıdan, Cəbrayıldan yox, həm də Qərbi Azərbaycan torpaqlarımızdan – Zəngəzurdan, Verdibasardan, Göyçədən, İrəvandan da keçəcək. Ermənilər nə qədər öz havadarlarına arxayın olsalar da, biz Prezidentimizin ətrafında bir yumruq kimi sıx birləşərək, onun müdrik rəhbərliyi ilə bunu edəcəyik. İnanırıq ki, yaxın vaxtlarda biz Xocalı soyqırımında həlak olanların ruhunu şad edə biləcəyik.
25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” ulu öndər Heydər Əliyev tərəfindən fərman verilibdir. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir.
Hər il ölkə başçısı cənab Prezident İlham Əliyev “Xocalı soyqırımı” ilə əlaqədar xalqa, beynəlxalq təşkilatlara müraciət edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı “Xocalıya ədalət!” kampaniyası, son illərdə Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında böyük işlər görür. 
Ötən dövr ərzində aparılan gərgin və böyük zəhmət tələb edən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı şəhərində azərbaycanlılara, sözün geniş mənasında isə bütün bəşəriyyətə qarşı törədilən ən ağır cinayət əməlləri ən xırda detallarına qədər sübuta yetirilibdir. Bunları əsas tutaraq hesab edirik ki, Xocalıya və xocalılara xüsusi, əlahiddə status verilməlidir.
Əlbəttə ki, Xocalıya və xocalılara qarşı törədilən cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti, beynəlxalq qurumlar tərəfindən ittiham olunmalı, Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi Xocalı soyqırımının əsl siyasi-hüquqi qiymətini verməlidirlər. Biz buna nail olacağıq. Biz torpaqlarımızı geri qaytaracağıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq.

 

Vaqif ŞADLİNSKİ,
ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor, Qərbi Azərbaycanın Vedibasar sakini

 

Mübariz ALLAHVERDİYEV,
kafedranın professoru, Xocalı sakini

23 2019 23:36 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə