Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Küveyt əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir

Azərbaycan-Küveyt əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir

Küveyt Dövlətinin Milli Günü – müstəqilliyinin 58-ci ildönümü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilmişdi.

Səfir Səud Əbdüləziz əl-Rumi çıxışında bildirdi ki, bu əlamətdar gün eyni zamanda ölkənin işğaldan azad olunmasının (1991, İraq işğalına son qoyulması) 28-ci və Küveyt Dövlətinin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın hakimiyyətə gəlişinin 13-cü ildönümünə təsadüf edir.

Ölkələrimiz arasındakı əməkdaşlığa toxunan səfir qeyd etdi ki, Küveyt-Azərbaycan əlaqələrində son illər nəzərəçarpacaq inkişafa nail olunub. Bu, iki ölkə rəhbərliyinin əlaqələri daha da inkişaf etdirmək və genişləndirmək əzmində olduğunun sübutudur.

Diplomat ötən illər ərzində hər iki ölkə rəsmiləri tərəfindən bir sıra qarşılıqlı səfərlərin həyata keçirildiyini də xatırlatdı, hökumətlərarası birgə komissiyanın uğurlu fəaliyyətini xüsusi qeyd etdi. Vurğuladı ki, bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Küveytə rəsmi səfəri zamanı qəbul olunan qərarların icrası nəticəsində mümkün olub. Ötən illər ərzində ölkələrimiz arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələr möhkəmləndirilib, o cümlədən hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb. Bu da ölkələrimizin iqtisadi, ticarət, investisiya qoyuluşu və turizm sahələrində səmərəli əməkdaşlığının daha da möhkəmlənməsinə öz töhfəsini verir. Hazırda hər iki ölkədən həftədə 4 reys həyata keçirdiyini deyən səfir gələcəkdə reyslərin sayının daha da artırılmasının gözlənildiyini vurğuladı. O, həmçinin qeyd etdi ki, keçən il Küveytdən Azərbaycana gələn turistlərin sayı 2017-ci illə müqayisədə 2 dəfəyə yaxın artaraq 16 mindən nəfərdən çox olub. Azərbaycan hökuməti adından Küveyt xalqını bayram münasibətilə təbrik edən mədəniyyət naziri Əbülfəs Qarayev son zamanlar ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini dedi. Nazir Azərbaycanla Küveyt arasında siyasi münasibətlərin, ikitərəfli formatda və beynəlxalq səviyyədə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi. Əbülfəs Qarayev dövlət başçısının 2009-cu ildə böyük nümayəndə heyəti ilə Küveytə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırdı. Nazir vurğuladı ki, Küveytin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir.

Əbülfəs Qarayev sonda bir daha Küveyt xalqını milli bayram münasibətilə təbrik etdi, sülh və əmin-amanlıq arzuladı.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 12:49 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin